Avtomobillərin qiyməti artır, icbari sığorta məbləği isə yerində sayır - SƏBƏB?

Gündəm 12 Avqust 2024 18:19 Oxunub 460
Avtomobillərin qiyməti artır,  icbari sığorta məbləği isə yerində sayır - SƏBƏB?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar sürücüləri maraqlandıran əsas məsələlərdən biri də avtomobillərin bazar qiymətinin artması fonunda icbarı sığorta məbləğinin sabit qalmasıdır.

Bununla bağlı müraciət edən avtomobil sahibləri icbarı sığorta haqqının maksimum məbləğinin aşağı olmasından gileylənirlər:

"Baxmayaraq ki, bazarda istər avtomobillərin, istərsə də avtomobil üçün lazım olan bütün detalların qiymətlərində xeyli artım var, icbari sığortanın ən yüksək həddi beş min manat olaraq qalıb. Bu gün ən ucuz yeni avtomobilin qiyməti 35-40 min manat civarındadır. İcbari sığorta məbləği isə artmır. Bugünkü bazar şərtlərinə görə beş min manat çox aşağı məbləğdir. Çünki avtomobilə hər hansı ziyan dəyəndə bu məbləğlə onun qarşılanması mümkün deyil", - deyə avtomobil sahibi bildirib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az məsələ ilə bağlı yaranan suallara cavab axtarıb.

Sığorta eksperti Şahin İsmayılov açıqlamasında sözügedən problemin son beş ildə çox aktuallaşdığını diqqətə çatdırıb.

"Hələ beş il bundan əvvəl hiss olunurdu ki, icbari sığortanın təqdim etdiyi beş min manat məsuliyyət həddi problemi həll etmir.

Çünki avtomobillərin qiymətləri, təmir xərcləri, ehtiyat hissələrinin və s. qiymətləri qalxıb. Bu artım qarşısında beş min manat məsuliyyət məbləği çox azdır.

Biz bu problemi dəfələrlə Mərkəzi Bank (AMB) və İcbari Sığorta Bürosunda (İSB) olan görüşlərdə də, müxtəlif tədbirlərdə də qaldırmışıq. Bu gün bu məsələnin həlli bir az müşkül görünür. Niyə?

Çünki "İcbari sığortalar haqqında" Qanun Milli Məclis tərəfindən təsdiq olunur. Yəni AMB, İSB, yaxud Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu qanunda hər hansı bir dəyişiklik etmək səlahiyyətində deyillər.

Düzdür, keçən ildən etibarən qanuna müəyyən əlavələr olundu ki, bu da sığorta haqlarının yeni qaydalarla hesablanması və zərərlərin birbaşa tənzimlənməsi ilə bağlı idi.

İcbari sığortalar haqqında əlavələr qəbul olunduqdan sonra sığorta haqları bəzi avtomobillər üçün müəyyən qədər, bəzi avtomobillər üçün isə kəskin şəkildə artdı.

Amma məsuliyyət həddinin elə beş min manat olaraq qalması, həm sığorta şirkətləri, həm də müştərilər üçün də böyük problem yaradır.

Qeyd etdiyim kimi qanunun dəyişilməsi Milli Məclisin səlahiyyətində olan bir məsələdir, amma onu tələb edən AMB və İSB olmalıdır. Bu qurumlar qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim etməlidirlər.

Bu məsələdə ən böyük problemlərdən biri də Milli Məclisdə sığorta sektorunu təmsil edən millət vəkilinin olmamasıdır. Hesab edirəm ki, orada bu sahədən anlayışı olan, bu sahədəki problemləri görən və müəyyən məsələləri qaldıra biləcək səlahiyyət sahibi olmalıdır.

ASA-nın üzvü Emil Ağabağırov isə açıqlamasında sığorta şirkətlərinin könüllü olaraq əlavə təminatlar təklif etdiyini önə çəkib:

"İcbari sığorta beş min manata qədər əmlak üzrə təminat verir - bu, maksimal bir məbləğdir. Amma artıq bir neçə ildir ki, sığorta şirkətləri könüllü olaraq müştərilərə əlavə təminatlar da təklif edir.

Məsələn, bu gün avtomobil sahibi icbari sığorta ilə beş min manat təminat əldə edir, amma istəsə, həmin təminat məbləğini on min, on beş min manata qədər artıra bilər. Bunun üçün könüllü sığorta növləri artıq bir neçə sığorta şirkətində illərdir var.

Yəni vətəndaş tutaq ki, 20 manat ödəməklə, əlavə beş min, 30 manat ödəməklə isə on min manat təminat alır. Yəni bu imkanlar vətəndaşlar üçün var. Əgər vətəndaş könüllü sığorta növünü əldə edirsə və əlavə beş min manat təminat alırsa, deməli on min manatla təminatlı olur.

Hər hansı sığorta hadisəsi olarsa və deyək ki, vətəndaşa yeddi min ziyan dəyərsə, təbii ki, ilk olaraq icbari sığorta növü üzrə beş min ödənilir. Beş mini keçən hədd üzrə isə könüllü sığorta növü üzrə təminat verilir", - deyə E.Ağabağırov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh