Banner

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür - FOTO

Gündəm 2 Yanvar 2025 18:12 Oxunub 284
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.

Avtosfer.az xatırladır ki, o, 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub.

1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində hərbi xidmətini başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.

1992-ci ildə Xocalının Pirlər kəndində ermənilər tərəfindən əsir alınıb.

2019-cu ildə Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan "ASASmedya" Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodlarından birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən Natiq Qasımova həsr edilmiş "Oğul" sənədli filmi çəkilib. Ekran işində Birinci Qarabağ müharibəsində iştirak edən Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib.

Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib. Natiq Qasımov erməni zabitlər tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Filmin müəllifi qeyd edir ki, yüksək dövlət mükafatları almış Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edib. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi.

Natiq Qasımov Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb.

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər aparıb. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirib. Təkbaşına beş gün gecə-gündüz vuruşaraq, düşmənləri bu posta yaxın buraxmayıb. Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən "Oqonyok" jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində təsvir edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Ölümündən sonra "Qızıl Ulduz" medalına layiq görülüb.

2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh