Azərbaycanın yeni strategiyası: "Yaşıl enerji" ixracına keçid

2020-ci ildən sonra Avropa öz enerji mənbələrini sürətlə şaxələndirmək istiqamətində genişmiqyaslı işlər aparmaqdadır. Rusiya-Ukrayna müharibəsi yalnız qaz tədarükü sahəsində deyil, paralel olaraq elektrik enerjisi sektorunda da Avropa üçün əsas mənbələrin itirilməsi ilə nəticələndi. Rusiyadan mavi yanacaq idxalından imtina Avropa tərəfindən planlaşdırılmış siyasi addım idisə, Ukraynadan elektrik enerjisi idxalının azalması müharibə nəticəsində sistemlərin dağılması və irihəcmli istehsal mənbələrinin işğal olunması səbəbindən baş verdi. Beləliklə, Avropanın enerji xəritəsi fundamental transformasiyaya məruz qalır.
Avropanın enerji təhlükəsizliyinin formalaşmasında əsas aparıcı aktorlardan olan Azərbaycan, yeni dönəmdə karbohidrogen ixracatçısından "yaşıl enerji" ixracatçısına çevrilərək Avropanın enerji arxitekturasında mühüm yer tutmaq hədəfini davam etdirir. Bu məqsədlə Azərbaycan daha bir meqalayihənin Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılmasına başlayıb.
Bu layihə çərçivəsində işğaldan azad edilmiş və hazırda sürətlə bərpa edilən ərazilərdə əldə ediləcək enerji Zəngəzur enerji dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə üzərindən digər istiqamətlərə ixrac ediləcək.

Naxçıvan enerji blokadasından çıxır
Bu enerji layihəsi ilk növbədə Naxçıvan Muxtar Respublikasının enerji blokadasından çıxarılması və bölgə iqtisadiyyatı üçün vacib mənbə rolunu oynayacaq. İndiyə qədər Naxçıvanın enerji təminatı məhdud daxili istehsal, həmçinin İran və Türkiyədən idxal edilən elektrik enerjisi hesabına ödənilib. Bu vəziyyət Naxçıvan iqtisadiyyatını hər zaman kəsinti riski ilə üz-üzə qoyurdu. Zəngəzur enerji dəhlizi Naxçıvanı ölkənin əsas hissəsinin enerji sisteminə inteqrasiya edərək, sistemin dayanıqlı fəaliyyətini gücləndirəcək.
İxrac marşrutları şaxələnir
Naxçıvanın inteqrasiyası Türkiyə ərazisindən keçməklə Avropaya "yaşıl" elektrik enerjisinin ixrac dəhlizinin yaradılmasının yalnız birinci mərhələsidir. Belə ki, Naxçıvanda qurulacaq xüsusi sistem vasitəsilə elektrik enerjisinin gərginliyi 400 kV-a qaldırılaraq Türkiyə sisteminə, oradan isə Avropaya nəqli hədəflənir. Bununla da Azərbaycandan Avropa istiqamətində ikinci elektrik ixrac xətti icra ediləcək.
Birinci xətt Azərbaycan-Gürcüstan və Qara dənizin dibi ilə keçən marşrutdur və layihə Avropa İttifaqının prioritet layihələri sırasındadır. İkinci xətt Zəngəzur enerji dəhlizidir. Qara dəniz xətti ilə müqayisədə bu dəhliz enerjini Türkiyə ərazisində də şaxələndirməyə imkan verir.
"Yaşıl enerji" ixracında Suriya perspektivi
Əgər hər hansı səbəbdən Avropa ölkələri elektrik enerjisi alışını dayandırarsa və yaxud Avropa bazarında dalğalanmalar baş verərsə, Zəngəzur dəhlizi ilə nəql olunan "yaşıl enerji" Türkiyə tərəfindən alına bilər. Proqnozlara əsasən Zəngəzur dəmir yolu və avtomobil yolunun açılmasından sonra Türkiyənin Naxçıvanla sərhəd ərazilərinə investisiya axını gözlənilir, bu da elektrik enerjisinə tələbatı artıracaq.
Həmçinin Suriyada daxili siyasi vəziyyətin sabitləşməsi və neftlə zəngin ərazilərin hökumətin nəzarətinə keçməsi iqtisadiyyatı canlandıracaq. Hazırda Türkiyə ilə Suriya arasında vətəndaş müharibəsindən öncə fəaliyyət göstərən Birecik-Hələb elektrik xətti bərpa edilir. Neft-kimya müəssisələrinin yenidən işə salınması Suriyada elektrik enerjisinə tələbi də artıracaq və Azərbaycan enerjisi bu bazar üçün də əlçatan olacaq.
Ermənistanın tranzit payı
Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə etiraf edir ki, ölkəsi elektrik enerjisi və yüklərin daşınması üçün tranzit rüsumlarından əhəmiyyətli fayda əldə edə bilər.
Nəticə olaraq, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, yeni mərhələdə "yaşıl enerji" ilə daha geniş coğrafiyada davam etdirəcək, regionda işıqların yanmasına, zavodların işləməsinə və ölkələrin inkişafına əhəmiyyətli töhfə verəcək.
Oxu.az
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO











