Bakı və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsi müzakirə edildi - FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib.
Avtosfer.az xəbər verir ki, dinləmədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhəri ərazisindən keçən hissəsinin inşası, Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi məsələsi müzakirə edilib.
Birinci məsələ üzrə müzakirələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı mühəndisi Mehman Həsənov deyib ki, layihənin əsas məqsədi yol infrastrukturunu təkmilləşdirməklə nəqliyyat axınında mövcud sıxlığın qarşısını almaq, hərəkət təhlükəsizliyini artırmaq və eyni zamanda, ətraf mühitin qorunmasına töhfə verməkdir: "Layihənin məqsədi üzü Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə sıxlığı aradan qaldırmaqdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, sözügedən ərazidə xeyli sayda ağac var: "Layihə ilə bağlı aidiyyəti ekspertlər müzakirələr aparır".
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi ilə bağlı məlumat verib. O deyib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcrasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur: "Çayın məcrası ərazidən 14 kilometr məsafədə dəyişdiriləcək. İqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün tədbirlər nəzərdə tutulub".
Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin xüsusi əhəmiyyətindən də söz açılıb. Bildirilib ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi əhəmiyyət kəsb edir.
Yeni qovşağın tikintisi turizmi, kənd təsərrüfatını və ümumilikdə ticarəti canlandıracaq, çünki liman və sərhəd bölgələrinə çıxışı daha əlçatan edəcək. Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda, Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını daha da asanlaşdıracaq.
Müzakirələr ekspertlərin təklifləri və jurnalistlərin sualları ilə davam etdirilib.




Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










