«Baku Bus»dan qəti qərar: «Polislər də gedişhaqqını ödəməlidir» - RƏSMİ

Gündəm 11 Noyabr 2015 13:32 Oxunub 1463
«Baku Bus»dan qəti qərar: «Polislər də gedişhaqqını ödəməlidir» - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyi şirkətin bu qərarını qanunsuz sayır, sürücülər isə mülkü formada olan polislərdən gedişhaqqı tələb edir

Dünən məlumat vermişdik ki, «Baku Bus» şirkətinin sürücüləri mülkü geyimdə avtobusa minən polis əməkdaşlarından gedişhaqqı tələb edir. Avtosfer.az-a müraciət edən polis əməkdaşları bildiriblər ki, sürücülər bununla bağlı onlara şirkət rəhbərliyi tərəfindən göstəriş verildiyini deyiblər. Qeyd ediblər ki, polis əməkdaşları yalnız polis formasında olarkən avtobusa gedişhaqqı ödəməkdən azaddır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Avtosfer.az-a açıqlamasında bildirdi ki, «Polis haqqında» qanununun 38-ci maddəsinin 4-cu bəndinə görə, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər: «Bu zaman onların formada olub-olmaması heç bir əhəmiyyət daşımır. Qanunvericilikdə forma ilə bağlı hər hansı məsələ yoxdur. Əgər mülkü geyimdə olan polis əməkdaşı xidməti vəsiqəsini göstərib avtobusdan pulsuz istifadə edirsə, bu artıq kifayət edir. Bu zaman ondan formada olmağı tələb etmək doğru deyil və sürücülərin belə bir ixtiyarı da yoxdur».

«Baku Bus» şirkətinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Nuridə Allahyarova isə Avtosfer.az-a bildirdi ki, əgər polis əməkdaşı həqiqətən də gizli xidmətlə əlaqədar olaraq mülkü geyimdədirsə, bu zaman sürücüyə və avtobusdakı sərnişinlərə öz vəsiqəsini nümayiş etdirməsi düzgün deyil: «Mən belə düşünürəm ki, bu, düzgün deyil. Bəli, biz avtobus sürücülərinə göstəriş vermişik ki, mülkü geyimdə olan polis əməkdaşlarından gedişhaqqını ödəməyi tələb etsinlər. Amma polis formasında olanlardan heç nə tələb olunmur. Onlar vəsiqə göstərməsə də, güzəşt edilir».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh