Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında struktur dəyişikliklərinin getdikcə dərinləşdiyini göstərir.
Bir tərəfdən yüksək oktanlı benzin istehsalında ciddi azalma müşahidə olunur, digər tərəfdən isə dizel yanacağının istehsalı sürətlə artır.
Bu ziddiyyətli dinamika cəmiyyətdə əsasən bir sualı aktuallaşdırır: yaxın dövrdə Azərbaycanda benzinin, xüsusilə də “Aİ-95” markalı benzinin qiyməti arta bilərmi?
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə cəmi 13,8 min ton “Aİ-95” markalı avtomobil benzini istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45 faizdən çox azalma deməkdir. Paralel olaraq, dizel yanacağının istehsalı əks istiqamətdə hərəkət edib. 2025-ci ilin yanvar-noyabr aylarında 2 milyon 329 min tondan artıq dizel yanacağı istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir. Bu fərq təsadüfi deyil və bir neçə iqtisadi, texnoloji və strateji amillə bağlıdır.
Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, burada əsas səbəblərdən biri Azərbaycanın neft emalı sənayesinin hələ də tam modernləşdirilməməsidir.
Onun sözlərinə görə, ölkədə dizel yanacağının istehsalı texnoloji baxımdan daha asan və daha ucuz başa gəlir:
“Halbuki “Aİ-95” kimi yüksək oktanlı benzin növləri üçün daha mürəkkəb emal prosesləri tələb olunur. Bu isə istehsal xərclərini artırır və zavodları dizelə üstünlük verməyə vadar edir”.
Akif Nəsirli hesab edir ki, daxili tələbatın əhəmiyyətli hissəsi hələ də dizel yanacağına yönəlib, xüsusilə də yük daşımaları, kənd təsərrüfatı və tikinti sektorunda dizelin payı daha böyükdür:
“Digər mühüm məqam idxaldan asılılıq məsələsidir. “Aİ-95” benzininin istehsalının azalması avtomatik olaraq bu növ yanacaq üzrə idxalın artması riskini yüksəldir. İdxal isə birbaşa olaraq dünya bazarındakı qiymətlərdən və valyuta xərclərindən asılıdır. Əgər daxili istehsal tələbatı ödəmirsə və dünya bazarında neft məhsullarının qiymətində artım baş verərsə, bu, gec-tez daxili bazara da təsir göstərəcək. Xüsusilə “Aİ-95” markalı benzinin qiymətinin sabit qalması uzunmüddətli perspektivdə çətin görünür”.
Ekspertin sözlərinə görə, dizel istehsalının artması hökumətin və enerji sektorunun prioritetlərinin göstəricisidir:
“Dizel həm ixrac potensialına malikdir, həm də daxili iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyır. Benzin isə əsasən minik avtomobilləri ilə bağlıdır və sosial baxımdan həssas məhsul sayılır. Məhz bu səbəbdən dövlət indiyədək benzinin qiymətini inzibati mexanizmlərlə müəyyən qədər nəzarətdə saxlayıb. Lakin bazar reallıqları uzun müddət inzibati qərarlarla ziddiyyət təşkil edə bilməz”.
İqtisadçı bildirib ki, əgər neft emalı zavodlarının modernləşdirilməsi sürətlənməzsə və “Aİ-95” istehsalı artırılmasa, hökumətin qarşısında iki seçim qalacaq: ya idxalı genişləndirmək və büdcədən əlavə subsidiyalar ayırmaq, ya da qiymət artımına getmək:
“Birinci variant büdcə üçün əlavə yük yaradır, ikinci variant isə sosial narazılıq riskini artırır. Buna görə də yaxın aylarda kəskin qiymət artımı ehtimalı yüksək olmasa da, orta müddətli dövrdə, xüsusilə dünya bazarlarında qiymət dalğalanmaları fonunda benzinin bahalaşması real ssenari kimi dəyərləndirilə bilər”./nocomment.az
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO










