Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA

Gündəm 5 İyun 2026 15:18
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı tətbiq edilən 20 bal limitinin artırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı son günlər sosial şəbəkələrdə bir sıra fikirlər irəli sürülüb. Sürücülərin kiçik qayda pozuntuları ilə hər dəfə 2-3 bal cərimələnməsi artıq onların nəqliyyat vasitəsi idarə etməsində çətinlik yaratmasına gətirib çıxarıb. Xüsusilə, taksi sürücüləri adi dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən ballara görə fəaliyyətlərini davam etdirə bilmədiklərini deyir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında bir sıra deputatlar tərəfindən təkliflər irəli sürülüb. Milli Məclisdə bu gün gedən müzakirələrdə də cərimə ballarının tətbiq olunduğu bəzi inzibati xətalara görə bal hesablanmasının ləğvi təklif edilib. Bunlar arasında ikinci zolaqda saxlama və avtobus zolağında hərəkətlə bağlı pozuntular da yer alır. Həmin qayda pozuntularına görə cərimələrin qüvvədə saxlanılması irəli sürülür. Eyni zamanda, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan bal limitinin 20-dən 30-a qədər qaldırılması nəzərdə tutulur. Bəs bu dəyişikliklər sürücülərin məsuliyyət hissinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Milli Məclisi deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı tətbiq edilən 20 ballıq limitin artırılması məsələsi uzun müddətdir ictimaiyyət və mütəxəssislər arasında müzakirə olunur, sosial şəbəkələrdə də bununla bağlı müxtəlif fikirlər səsləndirilir:
"Hesab edirəm ki, bu sahədə yeni tənzimləmələrin tətbiqi məqsədəuyğun ola bilər. Xüsusilə, 20 ballıq sistemin 30 ballıq sistemlə əvəz olunması, eləcə də cərimə və cərimə balları ilə bağlı məsələlərə yenidən baxılması müzakirə edilə bilər. Bəzi yol hərəkəti qaydalarının pozulmasına görə həm cərimə, həm də cərimə balının tətbiq olunması mexanizminin təkmilləşdirilməsi də məqsədəuyğun görünür. İctimai müzakirələrdə bəzi pozuntular üzrə cərimə ballarının ləğvi ilə bağlı təkliflər də səsləndirilir".
Deputat qeyd edib ki, lakin bütün bu məsələlər geniş şəkildə araşdırılmalı, mütəxəssislərin rəyləri öyrənilməli və yalnız bundan sonra yeni tənzimləmələri nəzərdə tutan qanun layihəsi hazırlanaraq ictimai müzakirəyə çıxarılmalıdır.
 

Fatimə Dadaşova

Oxunub : 254
ŞƏRH YAZ
Ad

E-mail

Şərh