Ekspert Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın detallarını açıqladı - Manatlıq taksilər...

Gündəm 2 Avqust 2024 19:32 Oxunub 792
Ekspert Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın detallarını açıqladı - Manatlıq taksilər...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb. Qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən digər marşrut avtobusu ilə toqquşub. İl boyu bu yolda belə qəzaların tez-tez şahidi oluruq. Elə ay yoxdur ki, Bakı-Sumqayıt yolunda qəzaların baş verməsi ilə bağlı görüntülər yayılmasın.SUMQA.jpg (232 KB)

Maraqlıdır, niyə bu yol insanlara qənim kəsilib? Problem yolda və nəqliyyatdadır, yoxsa sürücülərdə?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Musavat.com-a bildirib ki, Bakı-Sumqayıt yolunda qəzaların baş vermə səbəblərindən biri də sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasıdır:

ELMEDDİN.jpeg (32 KB)

“Xüsusən də Bakıdan Sumqayıta, Ceyranbatan və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən manatlıq taksilər belə qəzaları törədirlər. Sürücülər həmin yolları əzbər bilirlər. Radar və kameraların harada olması ilə bağlı məlumatlıdırlar. Yolda ilanvari hərəkətlə gedirlər, sürət həddini aşırlar, təhlükəli manevrlər edirlər. Buna görə də bir müddət öncə diqqət sürət həddinə yetirildi. Bakı-Quba-Rusiya yolunda sürət 110-dan 90-na salındı. Çünki təhlükəli manevrləri yüksək sürətli yerlərdə edəndə daha ağır fəsadlar olur”.

Ekspertin sözlərinə görə, görülən tədbirlər yetərli deyil.

“Stasionar radarları mobil radarlara keçirmək və onların yerini tez-tez dəyişmək lazımdır. Belə olan halda sürücü onu harada və nə vaxt cəza gözlədiyini bilmir. Bəlkə o zaman ipə-sapa yatar və qaydalara əməl edərlər. Bakı-Sumqayıt yolunun konstruksiyasına baxsaq, görərik ki, ciddi qüsur yoxdur. Kifayət qədər normal yoldur. Sürücülərin kamera, polis qorxusu var, amma məsuliyyət hissi yoxdur. Adamlar fikirləşir ki, polis, radar olmasa, hər cür hərəkət etmək olar. Bakı-Quba-Rusiya yolunda hər gün qəza baş verir, ölümlər olur. Deyirlər ki, pul ödədikləri üçün istədikləri sürətlə avtomobil idarə edə bilərlər. Bu cür təfəkkürdə olan insanlar Bakı-Sumqayıt yolunda öz ənənələrini davam etdirirlər. Nəticə də göz qabağındadır. Nəzarət mexanizminin fərqli üsullarına keçmək lazımdır. Bakı-Sumqayıt yolunda ictimai nəqliyyat sıfırdan bir az yuxarı səviyyədədir. Rəsmi qaydada fəaliyyət göstərən avtobusların sayı barmaqla sayılır. Əslində isə tələbata baxsaq, görərik ki, yüz minlərlə sərnişin Bakı istiqamətində və ya əksinə hərəkət edir. Onları 5-10 avtobus daşıya bilərmi sualına cavab versək, gülməli mənzərə ortaya çıxar. Ona görə də ümid şəxsi sərnişin daşıma ilə nəqliyyat xidməti göstərənlərə qalıb. Onlar isə qayda-qanun tanımırlar. Avtobuslar normal ictimai qaydada fəaliyyət göstərərsə, bu problemlər də qismən azalacaq. Saray postuna çatanda hamı nümunəvi sürücü olur. Saray postunu keçəndən sonra yenə dəyişib başqa adam olurlar. Bu o deməkdir ki, nəzarət fərqli formada olmalıdır”, - deyə Elməddin Muradlı yekunlaşdırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh