Banner

“Hamı bilir ki, kartellərin daşıdığı narkotikdən ABŞ büdcəsinə də vəsait daxil olur” - POLİTOLOQ

Gündəm 12 Yanvar 2026 21:36
“Hamı bilir ki, kartellərin daşıdığı narkotikdən ABŞ büdcəsinə də vəsait daxil olur” - POLİTOLOQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq bir neçə həftədir ABŞ-Venesuela-İran mövzusu dünya ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzuya çevrilib. Trampın göstərişi ilə ABŞ kəşfiyyatının Venesuela Prezidenti Nikolas Maduronu evindən oğurlaması, ABŞ-yə apararaq məhkəmə önünə çıxarması bir sıra ölkələr tərəfindən birmənalı qarşılanmadı. Bir çox dövlət başçıları ABŞ-ni bu məsələdə qınadı və atılan addımın beynəlxalq hüquqların tapdanması mənasına gəldiyini açıqladı. Buna baxmayaraq, Birləşmiş Ştatların Prezidenti Donald Tramp baş tutan əməliyyatın ABŞ-nin özünü müdafiə hüququna aid olduğunu açıqladı. Qısası, Venesuelada öldürülən əsgərlər və mülki şəxslərə görə nə üzrxahlıq oldu, nə də açıqlamaya ehtiyac.

Ardınca isə ABŞ donanması əməliyyat keçirərək Venesueladan neft daşıdığını iddia etdiyi gəmilərə əl qoydu. İctimiyyyəti isə maraqlandıran bir neçə sual ortaya çıxdı. ABŞ-nin Venesuelanı özünə təhlükə görməsi bəhanəsi ilə Maduro və xanımını qaçırması və yarğılamasının arxa fonunda başqa bir siyasət dayanır, bu artıq aydındır. Bu gün ABŞ-nin Venesuela neftinə sahiblənməsi, tankerləri ələ keçirməsi növbəti mərhələdə ABŞ-nin supergüc imicinə zərər vura bilərmi? Digər tərəfdən, Trampın "beynəlxalq hüquq xalqım və ağlımdır, məni yalnız bunlar dayandıra bilər" kimi açıqlamaları nəyə hesablanıb? Kimlərə mesajdır?

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlamasında Ramiyə Məmmədova bildirib ki, Amerikanın Venesuelada keçirdiyi əməliyyat və Maduroyla xanımının həbs olunması bir növ bütün beynəlxalq hüququn üzərindən xətt çəkilməsi deməkdir. Çünki beynəlxalq hüquqa yaraşmayan və ümumiyyətlə orada müəyyən olunmayan bir hərəkətdir.

“Hansısa bir ölkəni gecənin yarısı basaraq onun başçısını və ailə üzvlərini həbs etmək, bu, təbii ki, ağlasığmaz bir davranışdır.

Ancaq biz bunu gördük ki, Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) vasitəsilə və ümumiyyətlə Amerikanın bundan öncəki bir çox ölkələrdə elədiyi əməliyyatlara baxanda biz gördük ki, əslində, ABŞ hər zaman həm MKA-nın, həm Federal Tədqiqat Bürosunun (FBI), həm də digər kəşfiyyat idarələri vasitəsilə istədiyi oyunları hər zaman aparıb və yenə də aparır. Bunu açıq-aşkar eləməsi dünyaya da bir mesaj idi. Dünya liderlərinə “mən istədiyim kimi hərəkət eləyə bilirəm və istədiyim qanunları pozmaq niyyətindəyəm və pozada bilərəm” dedi. Bu məsələ kartellərdən başladı.

Təbii ki, kartellər məsələsində gələndə bunu demək lazımdır ki, Trampın hərəkəti təkcə kartelləri narkotiklə əlaqələndirməsi ilə bağlı deyildi. Tramp əslində kartelləri dünya üzrə terror təşkilatı kimi qəbul olunmasını nəzərdə tutdu və buna görə onlarla mübarizə aparmağa başladı. Halbuki biz çox gözəl bilirik ki, ABŞ-nin özünün büdcəsinin bir neçə faizi bu ölkədə satılan narkotiklərin üzərindən və kartellərin orada çalışmasından gələn pullarla təmin edilir.

Digər bir tərəfdən, kartellərin terror təşkilatı olaraq dünyada qəbul olması, bu, Trampın digər addımlarından biridir. Ona görə də Tramp səs-küylü mübarizəyə başladı. Yəni, onun istəyəyi odur ki, bütün ölkələr məcburi şəkildə kartelləri terror təşkilatı olaraq qəbul etsin.

Digər bir tərəfdən, təbii ki, burada neft məsələsi var. Biz bilirik ki, ABŞ-nin əsas məqsədi Venesuelanın neftinə sahib olmaq idi. Çünki Venesuela artıq uzun müddət idi ki, Amerika şirkətləri ilə əməkdaşlığını, demək olar ki, dayandırıb, çox az satış eləyirdi və ümumiyyətlə, dünya bazarına az neft çıxarırdı. Çünki Venesuela sanksiyalara məruz qalmışdı və Amerika şirkətləri üzərindən satışlarını həyata keçirdi. Son aylarda bunu da dayandırmışdı və çox az miqdarda bazara məhsul verirdi ki, bu da, təbii ki, ABŞ-nin büdcəsinə və neft iqtisadiyyatına böyük zərər vururdu.

Bu baxımdan, təbii ki, Venesuelanın neftinə sahib olmaq Birləşmiş Ştatlar üçün prioritetlərdən biri idi.  Digər prioritetlərdən biri, təbii ki, Tramp üçün siyasi motivlər daşıyırdı. O, Çinlə, yəni Venesuelaya qoyulan Çin investisiyaları və Rusiyanın orada qolunun, gücünün kəsilməsi idi.

Burada iki tərəfli, həm Çin, həm Rusiyanın, demək olar ki, Tramp öz həmləsi ilə orada əllərini, qollarını sındırdı. Təbii ki, belə olan halda həm Çinin, həm də Rusiyanın Venesuela prezidentinə göstərdiyi dəstək, və ümumiyyətlə, orada onun gücü, bu ölkəyə qoyulan investisiyalar, hamısı sual altında qalıb, aqibəti bilinmir.

Tramp üçün digər prioritetlərdən biri də geosiyasi baxımdan daxili auditoriyada, həm xarici auditoriyada yenidən imicinin daha da güclənməsidir. Çünki seçkiöncəsi, seçkiyə hazırlıq prosesi hələ qabaqdadır və etdiyi həmlə ilə Tramp öz bir növ oyunu oynadı və Amerika yenə də güclü dövlət olaraq qalmağa davam edir. Tramp Amerika xalqını gücləndirmək, ölkə siyasətini geopolitik baxımdan yüksəltmək və dünyada dominantlığı yenidən öz üzərində saxlamağı bacardı.

Digər tərəfdən Tramp dünyaya göstərdi ki, yazılan bütün beynəlxalq qanunları, sövdələşmələri, istər hava, istər quru, istərsə də su məkanında pozaraq istədiyi ölkədə əməliyyat keçirə, istədiyi ölkənin ərazisinə daxil ola bilər. Bu mesaj həm Rusiya, həm Çin, həm də bütövlükdə BMT-yə yönəlmişdi. Təbii ki, Maduronun, belə deyək, öz ölkəsindən aparılması, qısamüddətli plan deyildi. Bu proses ABŞ kəfiyyatının uzunmüddətli tədqiqatları nəticəsində Maduronun evindən götürülməsi ilə baş verib. Maduro ətrafında və ölkəsində onu satan insanların köməyi ilə ABŞ kəşfiyyatına təhvil verildi. Bunu demək lazımdır, çünki əgər belə olmasaydı, təbii ki, Amerika nə qədər istəsə belə, yenə də bu qədər asanlıqla bu işi görə bilməzdi. ABŞ kəşfiyyatının əməliyyatlardakı roluna görə bu gün Donald Tramp İrana belə ismarcılar verə bilir”.

Səfər

Oxunub 242
ŞƏRH YAZ
Ad

E-mail

Şərh