İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.
“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Qeyd olundu ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.
Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.
Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.
Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.



Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










