Köhnə kart sahibləri: "Pulumuzu verin!"

Gündəm 11 Noyabr 2015 13:26 Oxunub 3619
Köhnə kart sahibləri:  "Pulumuzu verin!"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hələ yay aylarında əhaliyə Bakıda gediş kartı kimi istifadə olunan "MetroKart"ların ləğv olanacağı və yeni vahid nəqliyyat kartına keçiləcəyi barədə məlumat verilmişdi"

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdəkı yazılarda və milli.az-a ünvanlanan məktublarda bəzi sərnişinlər əllərində qalan köhnə metro kartlarını "BakıKart"a dəyişə bilmədiklərindən şikayət edirlər. Belə ki, metropolitenin işçiləri bunun mümkünsüzlüyünü bildirir və bunun "BakıKart"ın qoyduğu qayda olduğunu deyirlər. Sərnişinlərə deyilir ki, 30.09.2015-ci il tarixindən sonra bu kartları dəyişmək olmaz. Sərnişinlər isə şikayət edirlər:

"Deməli, bu məntiqlə uzun müddət metrodan, avtobusdan istifadə etməyən, rayonda və ya xaricdə olan vətəndaşın həmin köhnə metro kartına verdiyi pul və balansındakı 5-10 manat batıb getməlidir? Niyə və nə səbəbə dəyişmək olmaz? Bu hansı qanun və məntiqlə izah oluna bilər?!"

"Mənim kimi minlərlə kartı əlində qalan var. Hər kart 2 manat, balans 1-3 manat arası və 10 minlərlə manat vəsaitin mənimsənməsi. Üstəgəl ən həssas məqam - Metropolitenə və "Bakıkart"a vətəndaş etimadsızlığı. Metropoliten dövlət idarəsi olsa da, vətəndaşın pulunu alıb verdiyi karta yiyə durmur. Bu absurddur. Kiminsə biznes marağı vətəndaş marağından üstün tutulur. Bu, xidmət mədəniyyəti üzrə ən mənfi rekord ola bilər".

"Kartı satanda deyiblər ki, istədiyiniz vaxt qaytarıb pulunuzu ala bilərsiz. Sonradan qayda dəyişmək birtərəflidir və keçərsizdir".

Mələsə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, kartın dəyişməsi ilə əlaqədar sərnişinlərə əvvəlcədən geniş şəkildə məlumat verilib və bunu həyata keçirmək üçün sərnişinlərə 2 ay ərzində şərait yaradılıb: "Hələ yay aylarında əhaliyə Bakıda gediş kartı kimi istifadə olunan "MetroKart"ların ləğv olanacağı və yeni vahid nəqliyyat kartına keçiləcəyi barədə məlumat verilmişdi. Bakı metrosunda gediş haqqının ödənilməsi üçün 2015-ci il avqustun 8-dən etibarən "MetroKart"la yanaşı, "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlanıb. Həmin tarixdən etibarən həm metroda, həm də "BakuBus" avtobuslarında bu kartlardan istifadə edilir. Əvvəlcədən elan olunduğu kimi, daha sonra sentyabrın 1-dən etibarən köhnə kartların balansının artırılması dayandırıldı. Həmin kartların balansındakı məbləğ yeni kart alındıqda avtomatik olaraq ona köçürüldü. Amma kartında gediş haqqı olanlara həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək üçün şərait yaradıldı. Oktyabrın 1-dən etibarən isə "MetroKart"ın istifadəsi tam dayandırıldı və həmin tarixdən etibarən sərnişinlər yalnız "BakıKart"lardan istifadə etməklə metroda hərəkət edirlər".

Onun sözlərinə görə, "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını metronun bütün stansiyalarının vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların paytaxtdakı dayanacaqlarında quraşdırılımış terminallardan əldə etmək olar.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, sərnişinin istifadə müddəti bitmiş kartının yenisi ilə əvəzlənməməsində qanunvericiliyə zidd bir şey yoxdur: "Kartların dəyişməsi məsələsi ortaya çıxandan sərnişinlərə kifayət qədər, yəni 2 ay möhlət verildi və kartları avqust-sentyabr ayları ərzində dəyişdirməli olduqları bildirildi. Dəyişmə prosesi pulsuz aparıldı və karta görə edilmiş 2 manatlıq ödəniş və kartda olan qalıq vəsait yeni kartlara köçürüldü. İnsanların əksər hissəsi də bundan yararlandı. Amma kim ki həmin vaxt xarici ölkələrdə olub və ya digər üzrlü səbəblərdən kartını dəyişə bilməyibsə, kartın etibarlılıq müddəti bitdiyi üçün ondan yararlana bilməz. Həm karta ödənilmiş pul, həm də orada olan qalıq məbləğ itirilmiş vəsait hesab olunur".

Amma ekspertin fikrincə, burada məqbul variantlardan biri budur ki, həmin şəxslər "BakıKart"a müraciət edib, xaricdə olduqlarını və yaxud digər üzürlü səbəblərini rəsmi təsdiq edən sənədləri təqdim etsinlər: "Əgər həqiqətən də onun kartının hesabında kifayət qədər vəsait varsa və onu üzrlü səbəbdən dəyişmək imkanında olmayıbsa, bu zaman "BakıKart"ın rəhbərliyi bunu nəzərə alıb hansısa güzəştə gedə, həmin vəsaitin bir hissəsini vətəndaşa qaytara və ya onun yeni kartına köçürə bilər. Amma bu güzəşt həmin şirkətin özünün səlahiyyətinə aid olan məsələdir. Bununla bağlı qanunvericilik hər hansı istisnanı nəzərdə tutmur".

"BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev isə bildirib ki, köhnə metro kartlarının indi "BakıKart"la əvəzlənməsi və ya kartlardakı qalıq məbləğin qaytarılması artıq mümkün deyil: "Metroda "BakıKart"lara keçid və köhnə kartların yeniləri ilə əvəzlənəcəyinin anonsu avqustun 6-da verilib, avqustun 8-də bu işə başlanılıb. Sentyabrın 30-dək də sərnişinlərin kartlarını dəyişməsi üçün vaxtları olub. Sərnişinlərə 2 ay vaxt verilməsinin məqsədi də məhz müəyyən müddətə Bakıda olmayan və başqa səbəblərdən həmin an bunu edə bilməyən insanların daha sonra gəlib bu imkandan yararlana bilməsi olub. Amma kimsə 2 aydan daha çox müddətə xaricə gedibsə və ya başqa səbəbdən kartını dəyişə bilməyibsə, onlarla bağlı artıq heç nə etmək mümkün deyil. Çünki layihəyə görə, kartın dəyişdirilməsi üçün ən son vaxt sentyabrın 30-u olub. Bu vaxtın yenidən uzadılması və ya bununla bağlı əlavə imkanın yaradılması məsələsi müzakirə mövzusu deyil. Belə ki, oktyabrın 1-dən etibarən bu kartların dəyişdirilməsi nəzərdə tutulmayıb və texniki olaraq bunu etmək mümkün deyil. Çünki bunun üçün xüsusi avadanlıqlar var idi, oktyabrın 1-dən isə həmin cihazlar tam yığışdırılıb".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh