“Macara Club” turizm sektorunda fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektidir - AÇIQLAMA
Ötən il dekabrın sonlarında təbiətə vurduğu 8 milyon manatlıq zərərə görə həbs edilən, daha sonra isə vurduğu zərər atası tərəfindən ödənildiyi üçün azadlığa çıxan Qafar Dəmirçi ilə bağlı yazı dərc etmişdik. Qeyd edilən yazıda “Macara Club Tourism, Hospitality and Management” MMC-nin sahibi kimi təqdim olunduğu üçün Cəmiyyət tərəfindən Avtosfer.az saytına məktub göndərildi.
“Macara Club Tourism, Hospitality and Management” MMC-nin direktoru Faiq Məmmədov Avtosfer.az-a bildirib ki, Cəmiyyətin nə Qafar Dəmirçiyə, nə də “AQA Şirkətlər Qrupu” na heç bir aidiyyəti yoxdur. Cəmiyyət Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahələrində 2016-cı ildən etibarın müstəqil şəkildə fəaliyyəti göstərir və yazıda adları çəkilən digər şəxslərlə heç bir əlaqəsi mövcud deyil:
“Cəmiyyətimiz turizm sektorunda fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektidir. Buna görə də Cəmiyyət özəl və xarici investisiyaların cəlb edilməsi hesabına ölkəmizdə turizm sektorunun inkişafına öz töhvəsini vermək məqsədi ilə məhz bu fəaliyyət növünə üstünlük verib.
Regionumuza daha çox turist cəlb etmək məqsədilə Cəmiyyət fəaliyyət göstərdiyi istirahət kompleksinə bitişik, dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli şəkildə istifadənin təmin edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə rəsmi müqavilə bağlayaraq, Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən, “Bulaqdərə su anbarı” adı ilə dövlət qeydiyyatında olan su hövzəsini icarəyə götürüb. Həmin ərazidə Cəmiyyət tərəfindən abadlıq və quruculuq işlərinə başlamazdan əvvəl ərazi baxımsız, yolları keçilməz vəziyyətdə idi. Əraziyə yalnız yay vaxtlarında səfər etmək mümkün olardı. Ərazi baxımsız vəziyyətdə olduğundan orada yerləşən və yalnız yağış suları ilə qidalanan su hövzəsi də müntəzəm olaraq çirklənməyə məruz qalırdı. Hazırda isə həmin ərazi və orada yerləşən, Cəmiyyətə məxsus istirahət kompleksi ölkə sakinlərinin, həmçinin xarici turistlərin ən çox səfər etdikləri məkana çevrilib. Cəmiyyətin cəlb etdiyi özəl və xarici investisiya hesabına əraziyə aparan kənd yolu təmir edilib, yolaltı su ötürücüləri yenilənib, müasir işıqlandırma sistemləri qurulub.
“Bulaqdərə su anbarı” adlanan su hövzəsinin yaxınlığındakı bır sıra iaşə obyektlərindən çirkab sular əvvəllər birbaşa həmin su hövzəsinə axıdılırdı. Həmin ərazi icarəyə götürüldükdən sonra Cəmiyyət tərəfindən aparılan geniş bərpa və konservasiya proqramı əsasında əraziyə təmizləyici qurğular yerləşdirildi və su hövzəsinə çirkab suların axıdılmasının qarşısı tamamilə alındı.
Bundan başqa, ötən əsrin 70-ci illərində suvarma məqsədi ilə yaradılmış və mənbəyini yağış sularından götürməklə mövsümü xarakter daşıyan həmin su hövzəsində son illərdə suyun səviyyəsinin azalması tendensiyası müşahidə edilirdi. Bunun qarşısının alınması məqsədi ilə Cəmiyyət tərəfindən özəl investisiya hesabına yaxınlıqdakı su mənbələrindən mexaniki su xətti çəkilərək müntəzəm şəkildə gölün suyunun yenilənməsi həyata keçirilməyə başlanılıb və əvvəlki illərlə müqayisədə suyun səviyyəsi bərpa olunub.
Cəmiyyət rəsmi müqavilə əsasında icarəyə götürdüyü su hövzəsindən turizm məqsədləri üçün istifadə hüququ əldə etməklə yanaşı, dövlət mülkiyyətində olan həmin su hövzəsini və onun ərazisini qorumaqda da mükəlləfdir. Buna görə də Cəmiyyət icarəsində olan həmin su hövzəsinin ərazisini zəbt edən və orada qanunsuz tikinti işləri aparan şəxslərə qarşı məhkəmədə iddia irəli sürüb və Cəmiyyətin ərizəsi əsasında, məhkəmə qərarı ilə həmin qanunsuz tikililərin inşası dayandırılıb. Bunun ardınca həmin məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ekspert rəyi ilə həmin qanunsuz tikililərin aparıldığı torpaq sahəsinin Bulaqdərə su anbarına məxsus dövlət torpağı olduğu və Cəmiyyətin qanuni istifadəsində olduğu bir daha təsdiq olunub. Bu barədə rəsmi məhkəmə sənədləri vardır və zərurət yaranarsa həmin sənədləri təqdim edə bilərik.
Hesab edirik ki, saytınızda dərc olunan həmin yazıda kənd sakinləri və “Macara”nın müştərisi kimi təqdim olunan şəxslər tərəfindən yayıldığı qeyd olunan həmin məlumatların müəllifi də məhz Cəmiyyətin məhkəməyə verdiyi həmin şəxslərdir.
“Bulaqdərə” su hövzəsinin torpaqla doldurulması ilə bağlı saytınızda yayılan məlumata gəldikdə bildiririk ki, son illərdə yağıntı miqdarının çox olması ilə əlaqədar su anbarının ətrafında torpaq sürüşmələri baş verdiyi üçün həmin sürüşmələrin qarşısını almaq məqsədi ilə Cəmiyyət tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, həmçinin Fövqəladə Hallar Nazirliyinə müraciət edilərək, sürüşmə zonasında bəndbərkitmə işlərinin görülməsi üçün müvafiq rəylər alınıb və bundan sonra həmin ərazidə bəndbərkitmə işləri aparılaraq Bulaqdərə su anbarının torpağla doldurulmasının qarşısı alınıb. Yəni, Bulaqdərə su anbarının torpaqla doldurulması ilə bağlı saytınızda yayılan məlumat da doğru deyil. Cəmiyyətin oradakı fəaliyyəti su hövzəsinin torpaqla doldurulmasına deyil, əksinə, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm də Fövqəladə Hallar Nazirliyinin razılığı əsasında zəruri bəndbərkitmə işləri aparmaqla, həmin su hövzəsinin torpaqla doldurulmasının qarşısını almağa yönəlib.
Bir daha bildiririk ki, Cəmiyyət barəsində saytınızda yayılan məlumatların heç biri doğru deyil. Cəmiyyət tərəfindən indiyədək ətraf mühitə zərər vura biləcək heç bir qanunsuz hərəkətə və digər qanunsuzluqlara yol verilməyib. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi, Cəmiyyət fəaliyyət göstərdiyi ərazidə, o cümlədən, icarəyə götürdüyü “Bulaqdərə” su hövzəsində ekoloji vəziyyətin yaxşılaşdırılması və həmin ərazidən turizm məqsədləri ilə istifadə edilməsinə əlverişli şəraitin yaradılması və inkişaf etdirilməsi üçün zəruri olan bütün tədbirləri görüb və hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirir”.
Səfər