Marşrut və nömrələr niyə dəyişir? - Bakıda avtobus tapmacası
- Sürücü, bu avtobus indi hara gedəcək?
- Əvvəl hara gedirdi, indi də ora.
- Axı nömrəsini dəyişmisiz...
- Ay bacı, min, dəyişən nömrədir. Yolu dəyişməyib.
Avtosfer.az-ın azadlıq.org-a istinadən məlumatına görə, bu dialoq Əhmədlidən metronun Xətai stansiyasına qədər işləyən 21 saylı avtobusda gedir. Ötən həftəyə qədər bu avtobus 2 saylı idi. Bu həftədən 21 saylı olub.
Ona görə ki, xəttə başqa 2 saylı avtobus çıxıb. Əvvəlki 2 saylı avtobus əvvəllər şəhərin mərkəzinə - 28 may metro stansiyasına qədər işləyirdi. Keçən ilin mayında, Avropa Oyunlarının keçirilməsinə görə, Bakıdakı onlarla avtobusdan biri kimi onun da yolu qısaldıldı. Sonuncu dayanacağı Xətai stansiyası oldu. İndi nömrəsi dəyişib 21 saylı olsa da, yolu eynidir. Yenə sonuncu dayanacağı Xətai stansiyasıdır.
Yeni çıxan 2 saylı avtobus isə 20 Yanvar stansiyasından Ziya Bünyadov prospektinə qədər işləyir.
“Lap başımı itirmişəm. Başımıza oyun açırlar, vallah. Gah avtobusun yolunu dəyişirlər, gah da nömrəsini. Mən yaşlı adamam, əvvəl şəhərə bu avtobusla gedib-gəlirdim. Sonra yolunu qısaltdılar. Şəhərə əvvəl 20 qəpiyə gedirdimsə, 40 qəpiyə getməli oldum. İndi də nömrəni dəyişiblər. Niyə camaatı ələ salırlar, görəsən, çaşbaş qalmışıq”.
Narazılıq eləyən 60 yaşlı Bakı sakini Səmayə Quliyevadır. Qadın deyinə-deyinə avtobusa minir. Sürücü əksər avtobus sürücülərinin dilinin əzbərinə çevrilmiş cümləni işlədir: “Bəyənmirsən, min taksiyə”.
Qarmaqarışıqlıq təkcə 21 saylı avtobusda yaranmayıb. İndiyə qədər 28 may stansiyasının yaxınlığındakı dayanacaqdan çıxan 30 və 49 saylı avtobusların da yolu dəyişib. Dəyişiklikdən xəbərsiz sərnişinlər hələ də də bu avtobusları əvvəlki dayanacaqlarda gözləyir.
Gözləsələr də, gələn yoxdur. Avtobusların yolunu dəyişməsi haqqında elan-filan gözə dəymədiyindən sərnişinlər elə bilir ki, avtobus gecikir. Sonradan kimsə gözləyənlərə bu avtobusların yolunu dəyişdiyini deyir. Adamlar narazı-narazı uzaqlaşır:
- Belə şey olar? Bir deyən yoxdur, bu adamlar işə gecikir.
- Mənim xəstəm var, xəstəxanaya getməliyəm. Yarım saat gözləyəndən sonra məlum oldu ki, həmin avtobus, ümumiyyətlə, burdan getmir.
- Biabırçılıqdır, heç olmasa, bu haqda əvvəldən məlumat versinlər. Dərsə gecikdim.
Metronun Xətai stansiyasında da eyni mənzərədir. 30 saylı avtobusa minmək istəyənlərə bələdçilər avtobusun yolunu dəyişdiyini deyirlər.
207 saylı avtobusu axtaranlar isə onu tapmırlar. Çünki bu avtobus, ümumiyyətlə, xətdən çıxarılıb. Əvəzinə 193 saylı avtobus işləyir.
Sürücü Həsənxan Mehdiyev deyir ki, bu cür vəziyyət heç onların da ürəyincə deyil:
“Əvvəl yolumuzu qısaltdılar, indi xətti dəyişirlər. Nə deyirlər, onu eləyirik. Ancaq plan da çox, ödəmək də olmur. Sərnişinlər də narazı. Nə deyim”...
Əvvəllər 9-cu mikrorayondan Həsən Əliyev küçəsinə qədər işləyən 85 saylı avtobus da yolunu dəyişib. 9-cu mikrorayondan metronun C.Cabbarlı stansiyasına qədər işləyəcək. 24, 79 saylı avtobuslarda da dəyişiklik olub.
Nəqliyyatçıların Problemlərinin Həllinə İctimai Yardım Komitəsinin rəhbəri Məzahir Rüstəmovun sözlərinə görə, işin düz qurulmadığı, sərnişinlərə xəbərdarlıq edilmədiyi üçün indi camaat çaşqınlıq içində yollarda qalıb:
“Buna əvvəlcədən hazırlaşmaq lazım idi. Heç olmasa, 15 gün əvvəldən kütləvi informasiya vasitələri ilə sərnişinlərə məlumat verilməliydi, izah olunmalıydı. Sərnişinlər bilməliydi. Belə olmadığü üçün camaat yollarda çaşqınlıq içində qalıb. Dayanacaqlarda quraşdırılmış monitorlarda da bu göstərilmir. Bu da onu göstərir ki, İntellektual İdarəetmə Sistemi buna birbaşa reaksiya verə bilmir. ”
Nəqliyyat Nazirliyindən bildirdilər ki, hazırda nəqliyyat sahəsində aparılan işlər təkmilləşdirmə ilə bağlıdır. Avtobusların ləğv edilməsi və istiqamətinin dəyişdirilməsi bundan sonra da davam edəcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə suallara cavab verən tapılmayıb.