Metropolitendən təhlükə ilə bağlı AÇIQLAMA

Gündəm 24 Noyabr 2015 17:16 Oxunub 1324
Metropolitendən təhlükə ilə bağlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bakı Metrosu insan amili nəzərə alınmazsa, dünyanın ən təhlükəsiz nəqliyyat və mülki müdafiə obyektlərindən biridir"

Dünən metronun "Gənclik" stansiyanın üstündə yeni ticarət mərkəzində aparılan təmir işləri ilə əlaqədar yağış sularının yeni təmirdən çıxmış keçidə sızması, eləcə də "Azadlıq prospekti" stansiyasının üstündəki parkdan stansiyanın içinə su damması bəzi sərnişinlərin ciddi narahatlığına səbəb olub. Bəziləri isə hətta stansiyanın tavanında çatlar əmələ gəldiyini idda edərək metroda sərnişinlərin həyatı üçün təhlükənin yarandığını bildirirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC isə bəyan edir ki, əhalinin narahatlığı üçün heç bir əsas yoxdur. Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev milli.az-a bildirib ki, istənilən yeraltı obyektdə nəmişliyin, su sızmalarının olması adi haldır. Metro da mürəkkəb quruluşa malik obyektlərdəndir. Burada qrunt sularının axmasından tutmuş digər təbii və qeyri-təbii hallaradək amillərin təsiri özünü göstərə bilər. Əsas odur ki, böyük su sızıntısı və dağıntılar olmasın: "Şükürlər olsun ki, by vaxta kimi bizdə belə hallar müşahidə edilməyib. Amma bəzən yağıntıların miqdarının çox düşdüyü zaman və ya stansiyaya yaxın ərazidə su kütləsinin çox yığılması nəticəsində axmağa yer tapa bilmədiyindən stansiyaya və ya keçidlərə su sıza, divarlarda nəmişlik, divarın kosmetik qatında qopuq yarada bilər. Bu təbiidir və dünyanın nəinki bütün yeraltı metro stansiyalarında, bütün yeraltı obyektlərdə rast gəlinən hadisədir. Amma belə hallar olan kimi bizim mütəxəssislərimiz dərhal həmin hadisələrin qarşısını alır, xoşagəlməz nəticələrə yol açmasına imkan vermirlər".

Şöbə rəisi qeyd edib ki, sensasiya axtaranlara sərf etməsə də, metronun hər hansı stansiyasında sərnişinləri heç bir təhlükə gözləmir: "Belə su sızıntıları da adətən dayaz özüllü stansiyalarda baş verir, dərin özüllü stansiyalarda belə şeylər olmur. Məsələn, "Azadlıq prospekti" stansiyası dayaz özüllü stansiyadır və üstündə də park salınıb. Lakin həmin park salınarkən orada suyun axması üçün lazımi sistem yaradılmayıb. Ona görə də parkın ərazisində yığılan su axmağa yer tapmadıqda aşağıya stansiyaya sızır. Lakin hamı bilməlidir ki, nə burada, nə də digər stansiyalarda hər hansı su sızmaları, nəmişlik metronun mühəndis qurğuları, sərnişinlər və qatarların hərəkəti üçün heç bir təhlükə törətmir. Ümumiyyətlə, Bakı Metrosu insan amili nəzərə alınmazsa, dünyanın ən təhlükəsiz nəqliyyat və mülki müdafiə obyektlərindən biridir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh