Banner

“Metropoliten”ə ayrılan subsidiya azaldıldı: İctimai nəqliyyatda gediş haqqı artırılacaq?

Gündəm 6 Yanvar 2025 16:00 Oxunub 218
“Metropoliten”ə ayrılan subsidiya azaldıldı: İctimai nəqliyyatda gediş haqqı artırılacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar tez-tez qatarların gecikməsi, texniki nasazlıqlar, ən sonda isə qurum rəhbərinin vəzifəsindən uzaqlaşdırılması ilə gündəmdə olan “Bakı Metropoliteni”nə ayrılan subsidiyalar azaldılıb.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bu istiqamətlərdə subsidiyaların azaldılmasının zəruriliyini göstərib.

Qeyd edilən məsələlər nəzərə alındığ zaman, eləcə də, yanvarın 1-dən qüvvəyə minən minimum əmək haqqının artırılması məsələsi ictimai nəqliyyatda da gediş haqlarının artırılması məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edir ki, bu istiqamətdə fəaliyyət göstərən qurum və təşkilatlar işçilərinin əmək haqlarının və digər xərclərinin artması fonunda həmin məbləği sərnişinlərdən yığılan ödənişlər hesabına bərpa etməyə çalışacaq.

İqtisadçı ekspert Toğrul Vəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, prinsipcə, əvvəlki dövrlərdə subsidiyaların həcmi müəyyən səviyyədə saxlanılmışdı. Lakin sonradan bu məbləğ artırıldı və bunun əsas səbəbi olaraq aidiyyəti təşkilatların buna ehtiyacının olması göstərildi:

“Subsidiyaların artırılmasına baxmayaraq, ictimai nəqliyyatda tariflər artıq əvvəlki dövrlərdə bahalaşdırılmışdı. Bununla yanaşı, açıqlanan rəsmi məlumatlarda bildirilir ki, əldə olunan əlavə gəlirlərin bir hissəsi qeyri-effektiv sahələrə, yəni birbaşa ictimai nəqliyyat və sərnişindaşıma ilə bağlı olmayan istiqamətlərə yönəldilib. Əgər sərnişin nəqliyyatının xərcləri barədə danışırıqsa, bu cür xərcləmələr ictimai nəqliyyatın inkişafına müsbət təsir etmir, əksinə, xərcləri daha da artırır. Buna görə də ayrılan subsidiyaların məbləğinin azaldılması daha düzgün və effektiv yönləndirməyə səbəb ola bilər".

Ekspert əlavə edib ki, "Bakı Metropoliteni" MMC-yə ayrılan subsidiyaların azaldılması tariflərə təsir göstərməyəcək. Lakin ümumilikdə ictimai nəqliyyatda qiymətlərin artırılması məsələsinə gəlincə, bu, Tarif Şurasının qərarından asılıdır. Şura qiymət artımı ilə bağlı qərar vermək istəsə, bunu edəcək və bunun üçün hansısa əsaslandırmaya ehtiyac duyulmayacaq.

Xatırladaq ki, son illərdə ictimai nəqliyyat tariflərində bir neçə dəfə artım müşahidə edilib və bu, sərnişinlər tərəfindən birmənalı qarşılanmayıb. Yeni ildə yeni tarif dəyişikliyinin olub-olmayacağı isə hələ ki, rəsmi olaraq açıqlanmayıb.

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh