Nazir oğlunun şirkəti başqasına tapşırıldı - YENİLƏNİB
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Qarant Holdinq”ə daxil olan şirkətlərdən biri - “M.Trans” MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərfaks”a Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib. Məlumata görə, avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən “M Trans” MMC-yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik edir. Onun hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət etdiyi deyilir. Mənbə bildirib ki, sözügedən MMC-yə bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qohumları – qardaşı və baçısı oğlanları rəhbərlik edib. İndi “M Trans”ın başına xalq artistinin oğlunun keçməsi şirkət işçilərinin də təəcübünə səbəb olub.
S.Təhməzovun nəqliyyatçı olmadığını deyən mənbə, onun polis orqanlarında çalışdığına dair məlumatlar dolaşdığını bildirib və əlavə edib ki, bu təyinatın konkret olaraq Məmmədovlara aidiyyatının olub-olmadığı məlum deyil. Mənbənin sözlərinə görə, “M Trans” MMC-nin fəaliyyəti hazırda araşdırma predmeti olduğundan S.Təhməzovun şirkətə rəhbərlik etməsinin Məmmədovların iradəsinə söykənmədiyini də ehtimal etmək olar: “Bu barədə konkret nəsə demək çətindir. Çünki hazırda nəqliyyat sistemində çox qarışıq bir vəziyyət yaranıb”.
Qeyd edək ki, “M-Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
“M-Trans” MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.
Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün “M-Trans” MMC-yə müvafiq lisenziyalar verilib.
2005-ci ildən isə “M-Trans” MMC avtovağzal xidməti də göstərir. Şirkət Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir. Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yanaşı, Ucar, Ağsu, Quba və sairə rayonlarındakı avtovağzallar da “M Trans” MMC-nin nəzarətindədir.
***
13:28
Xəbər verdiyimiz kimi, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Qarant Holdinq”ə daxil olan şirkətlərdən biri - “M.Trans” MMC-nin rəhbərliyində dəyişiklik baş verib. “Qafqazinfo”ya şirkətdən verilən məlumata görə, yeni rəhbər təyin olunub, lakin o şəxs mətbuatda adı çəkilən xalq artistinin oğlu deyil, Teymur Aslanovdur. Həmin şəxsin kimliyi ilə bağlı məlumat əldə etməyə çalışsaq da, şirkət onun haqda məlumat verməkdən imtina etdi.
Qeyd edək ki, mətbuatda bu posta xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun gətirilməsinə dair xəbərlər yer almışdı. Xalq artisti də modern.az-a açıqlamasında oğlunun sözügedən şirkətdə çoxdan çalışdığını, lakin rəhbər vəzifəyə gətirilmədiyini açıqlamışdı.