Nazirliyin fəryadı: "Biz onlarla bacara bilmirik"
Nəqliyyat Nazirliyinin işçiləri qanunu pozmağa öyrəşmiş bəzi sürücülərlə bacara bilmir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) qanunu pozmağa öyrəşmiş avtobus, taksi sürücülərinə qarşı mübarizə aparması üçün işçiləri çatışmır. Ona görə də yollarda və ictimai nəqliyyat sahəsində birdən-birə ciddi dəyişiklik etmək çox çətindir: "Avtobus dayanacağını zəbt etdiyinə görə, ayda 5 dəfə cərimə ödəyən taksi sürücüləri var. Cəriməsini ödəyir, amma yenə gedib avtomobilini qadağan olunmuş yerdə saxlayır və deyir ki, nə qədər cərimə yazırsızsa yazın, xeyiri yoxdur, mən burada saxlayacam. Çünki buradan müştəri yığıram. Yol polisini görən kimi isə qaçıb aradan çıxırlar, lakin 10 dəqiqədən sonra qayıdıb yenə həmin yerdə saxlayır. Bunlarla biz də bacara bilmirik. Bunlar bu qədər həyasızlaşıblar".
NİİM rəsmisinin fikrincə, vəziyyətdən çıxmaq üçün bəzi addımlar atılmalıdır: "Çıxış yollarından biri də budur ki, taksi duracaqlarının sayı daha çox olsa, yaxşı olar. Bundan əlavə, bu sahədə nəzarət maksimum dərəcədə gücləndirilməlidir. Bunun üçün isə işçilərin sayı artırılsın ki, onlar da az qala 24 saat əraziyə nəzarət edə bilsinlər. Bunu isə etmək çox çətindir. İlk növbədə, insanların şüurunda dəyişiklik olmalıdır".
Ş.Mehmanqızı, həmçinin bildirib ki, ictimaiyyətin də dəstəyi ilə belə hallarla mübarizə aparmaq üçün NİİM-in rəsmi saytında "ictimai qınaq" adlı bölmə yaradılır. Saytın bölməsi artıq bu gün və ya sabah fəaliyyətə başlayacaq: "Vətəndaşlar, eləcə də bizim işçi qrupumuz dayanacaqların qarşısında taksi və ya digər avtomobilləri saxlayanların nömrələri görünmək şərti ilə şəkillərini çəkirlər. Ərazinin adını göstərməklə saytda yerləşdiriləcək. Bunun əsasında Dövlət Yol Polisi həmin sürücünü inzibati məsuliyyətə cəlb edəcək və cərimə edəcək. O şəkillər isə saytda həmişə qalacaq. Həmin sürücülər də sayta girəndə həmişə öz şəklini görüb xəcalət hissi keçirəcəklər. Avtobus sürücüləri dayanacaqdan kənarda saxlayıb sərnişinləri götürüb-düşürürsə, digər qaydaları pozursa, həmin an qeydə alınıb sayta yerləşdiriləcək. Onları isə özümüz cərimə edəcəyik".
Dövlət Xidməti bu kimi halların qarşısının alınmasında ictimai qınağın olmasını və vətəndaşların da bu məsələdə dəstəyini vacib hesab edir: "Vətəndaşlar rastlaşdıqları hər hansı qayda pozuntusu haqqında bu bölmədə yaza biləcək və həmin qayda pozuntusuna yol vermiş avtomobilin, avtobusun və ya dövlət qeydiyyat nişanının görünməsi şərtilə taksinin fotoşəklini yerləşdirə biləcək. Vətəndaşların ictimai qınağına tuş gələn, qayda pozan bütün sürücülərə qarşı ciddi tədbir görüləcək".