Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi

Gündəm 24 Fevral 2026 22:21
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər ölkənin səhiyyə sistemində baş verənlər artıq sadəcə idarəetmə problemi deyil, açıq şəkildə dərin institusional böhran, sosial ədalətsizlik və vətəndaşlara qarşı məsuliyyətsiz münasibətin göstəricisinə çevrilib. “İslahat” adı altında aparılan bütün dəyişikliklər kağız üzərində gözəl səslənsə də, real həyatda insanlara yalnız əlavə çətinlik, daha çox rüşvət və daha böyük ümidsizlik gətirib.

Bir vaxtlar vahid mərkəzdən idarə olunan Səhiyyə Nazirliyi parçalandı, müxtəlif qurumlara bölündü və nəticədə sistemdə xaos yaradıldı. Bu gün səhiyyədə baş verənlərin heç birinə görə konkret məsuliyyət daşıyan qurum və ya şəxs tapmaq mümkün deyil.

Nazirlik faktiki olaraq səlahiyyətlərini itirib, idarəetmə parçalanıb, nəzarət mexanizmləri zəiflədilib. Məsuliyyət bir qurumdan digərinə ötürülür, problemlər isə olduğu kimi qalır. Bir qurum digərini günahlandırır, rəhbərlər bir-birinin arxasında gizlənir, vətəndaş isə bu çəkişmələrin ortasında tək buraxılır. Xəstəxanaya düşən insan artıq “məni necə müalicə edəcəklər?” deyə yox, “məndən nə qədər pul alacaqlar?” deyə düşünür. Bu isə səhiyyənin sosial mahiyyətinin tam məhv edildiyini göstərir.

TƏBİB yaradılarkən cəmiyyətə vəd edilirdi ki, idarəetmə mərkəzləşəcək, xidmət keyfiyyəti artacaq, korrupsiyaya son qoyulacaq. Amma bu vədlərin heç biri reallaşmadı. Əksinə, TƏBİB dövründə xəstəxanalarda rüşvət daha sistemli xarakter aldı, qeyri-rəsmi ödənişlər “normaya” çevrildi, tibbi xidmət isə faktiki olaraq kommersiya obyektinə döndü. Bu gün dövlət xəstəxanaları özəl klinikalardan fərqlənmir – hər şey pulla ölçülür.

İcbari tibbi sığorta mexanizmi isə kağız üzərində mövcud olan, amma real həyatda işləməyən bir formal quruma çevrilib. Vətəndaş illərlə sığorta haqqı ödəyir, amma xəstəxanaya düşəndə qarşısına süni maneələr çıxarılır. “Material yoxdur”, “anbarda qalmayıb”, “xüsusi sifariş lazımdır”, “standart paketə daxil deyil” kimi bəhanələrlə insanlardan yüzlərlə, minlərlə manat pul tələb olunur. Bu artıq təsadüfi hal deyil, sistemli soyğunçuluq mexanizmidir.

Xəstəxanalarda vəziyyət faciəvidir. Palatalar köhnədir, avadanlıqlar yararsızdır, personalın böyük hissəsi ya peşəkar deyil, ya da vətəndaşa qarşı laqeyddir. Bir çox hallarda həkimin diqqətini cəlb etmək üçün belə pul vermək tələb olunur. Əks halda xəstə saatlarla, günlərlə gözlədilir, laqeyd münasibətə məruz qalır. İnsan həyatının dəyəri sıfıra enib, əsas meyar yalnız puldur.

İşə qəbul prosesləri də ayrıca biabırçılıqdır. Xəstəxanalarda, xüsusilə təcili yardım sistemində işə girmək üçün rəsmi imtahanlardan çox “tanışlıq” və “ödəniş” həlledici rol oynayır. Peşəkarlıq arxa plana keçib, rüşvət əsas meyar olub. Bu isə birbaşa olaraq insanların həyatına təhlükə yaradır. Çünki savadsız, təcrübəsiz, amma “pulunu verib gələn” şəxslər xəstələrlə işləyir.

Rəhbərlikdə edilən dəyişikliklər də bu acınacaqlı mənzərəni dəyişməyib. Vüqar Qurbanovun vəzifədən azad edilməsi və səlahiyyətlərin Anar İsrafilova verilməsi cəmiyyətə “islahat görüntüsü” təqdim etməkdən başqa bir şey deyil. Sistem eyni qaldığı müddətdə adların dəyişməsi heç nəyi həll etmir. Problemin kökü rəhbərlikdə, idarəetmə fəlsəfəsində və nəzarət mexanizmlərinin olmamasındadır. Bu dəyişikliklər yalnız ictimai narazılığı müvəqqəti susdurmaq üçün atılan addımlardır.

Ən böyük məsuliyyət isə səhiyyə naziri Teymur Musayevin üzərindədir. Onun rəhbərliyi dövründə səhiyyə sistemi daha da parçalanıb, nəzarətsiz buraxılıb və faktiki olaraq korrupsiyanın hökm sürdüyü bir sahəyə çevrilib. Nazir postunda olmaq yalnız tədbirlərdə çıxış etmək, hesabatlar oxumaq və statistika göstərmək deyil. Nazir olmaq – ölkədəki bütün xəstəxanaların vəziyyətinə görə məsuliyyət daşımaq deməkdir. Bu gün isə həmin məsuliyyət hissi görünmür.

Səhiyyə naziri və aidiyyəti qurumlar real problemlərdən qaçır, vətəndaşların şikayətlərini eşitməzliyə vurur, vəziyyəti süni şəkildə “normal” kimi təqdim etməyə çalışır. Halbuki minlərlə insan hər gün bu sistemin qurbanına çevrilir. İnsanlar borca girir, əmlakını satır, kredit götürür ki, yaxınlarını müalicə etdirə bilsin. Bu, sosial faciədir. Bu, dövlət səhiyyəsinin iflasıdır.

Ən təhlükəlisi isə budur ki, cəmiyyətdə dövlət səhiyyəsinə inam tamamilə məhv olur. İnsanlar artıq dövlət xəstəxanalarına ümidlə yox, məcburiyyətdən gedir. İmkanı olanlar özəl klinikalara üz tutur, imkanı olmayanlar isə taleyin ümidinə buraxılır. Belə bir sistemdə sosial ədalətdən, bərabər hüquqlardan danışmaq absurddur.

Bu gün Azərbaycanda səhiyyə sistemi insanlara xidmət etmir, əksinə insanları istismar edir. Sanki bu sistem vətəndaşı qorumaq üçün yox, ondan maksimum qazanc əldə etmək üçündür. Rüşvət, korrupsiya, qeyri-rəsmi ödənişlər artıq istisna yox, qaydaya çevrilib.

Əgər real islahatlar aparılmasa, şəffaflıq təmin edilməsə, məsuliyyət daşıyan şəxslər hesabat verməsə və cəzalandırılmasa, vəziyyət daha da ağırlaşacaq. Cəmiyyət artıq boş vədlərdən, formal dəyişikliklərdən yorulub. İnsanlar real nəticə, real ədalət və real xidmət istəyir.

Səhiyyə sahəsində bu qədər sistemli problem varsa, deməli, problem fərdi deyil – kökündən çürümüş idarəetmə sistemindədir. Bu sistem dəyişmədikcə, nə rəhbər dəyişikliyi, nə yeni adlar, nə də yeni struktur vədləri vəziyyəti düzəldə bilməyəcək. Vətəndaşın sağlamlığı üzərindən qurulmuş bu qeyri-insani mexanizm ya köklü şəkildə dağıdılmalı, ya da cəmiyyətin narazılığı daha da dərinləşəcək.

NOCOMMENT.az

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh