Banner

Radarların yerini əzbər bilən sürücü və TAXOQRAF ZƏRURƏTİ - VİDEO

Gündəm 17 Avqust 2024 10:57 Oxunub 1558
Radarların yerini əzbər bilən sürücü və TAXOQRAF ZƏRURƏTİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əslində bu məsələni ekspertlər və avtomobil jurnalistləri dəfələrlə qaldırıblar. Avtosfer.az-ın arxivində də mövzu ilə bağlı kifayət qədər xəbər mövcuddur.

Mənim mövzuya təkrar qayıtmağıma səbəb Xaldan-Ağdaş yolunda rast gəldiyim reys avtobusu oldu. Bakıya gedən 10-RX-513 nömrə nişanlı, Mercedes markalı avtobsunun arxasınca cəmi 1 dəqiqə sonra minik avtomobili ilə hərəkətə başlasaq da, avtobusa yaxınlaşa bilmirdik. Minik avtomobilinin sürücüsü də sürəti 110 km/saatadək qədər artırdıqdan sonra küləklə yarışan avtobusla aramızdakı məsafəni azalda bildi.

Xaldan-Ağdaş yolu radarlarla “zəngindir”. Avtobus sürücüsünün bu radarların yerini əzbər bildiyi hiss olunurdu. Belə ki, o, radara yaxınlaşdıqda sürəti kəskin şəkildə 50-60 km/saata endirir, sonra isə öz bildiyi kimi yola davam edirdi. Onun riskli manevrləri digər nəqliyyat vasitələrinə də təhlükə yaradırdı.

Təbii ki, belə sürücülər kifayət qədər çoxdur. Onlar yollardakı radarların və polis postlarının yerlərini əzbər bildikləri üçün təhlükəli manevrlərə rəğmən cərimədən yayına bilirlər. Bu fenomenin qarşısını almaqda polis istər Azərbaycanda, istərsə də xaricdə acizdir. Axı bütün yol boyu 24 saat ərzində hər kilometrdə bir polis qrupunun xidmət aparması mümkün deyil.

Lakin problemdən çıxış yolu var. Real vaxt rejimində işləyən taxoqraflar quraşdırılmaqla məsələnin həlli mümkündür. Bu zaman polis əməkdaşının sürət və iş rejimini yoxlamaq üçün nəqliyyat vasitəsini saxlatmağına və ya yolda vizual müşahidəyə ümumiyyətlə ehtiyac qalmayacaq. Avtomobilin nömrəsini sistemə daxil edərək bütün hərəkətləri izləmək mümkün olacaq.

Radarların yerini bilən bəzi minik avtomobili sürücüləri də avtobus sürücüsündən heç də yaxşı davranmır. Bunları sürət rejiminə məcbur etmək üçünsə orta sürət radarları kifayət edir.

Vüqar

PS. Nə qədər qəribə səslənsə də, avtobus sürücülərinin belə davranışında sərnişinlərin də müəyyən rolu var. Uzaq rayonların sakinləri çox vaxt hansısa intizamlı sürücünün avtobusunu deyil, bizim qəhrəmanımızın idarə etdiyi avtobusu üstün tuturlar. Bu cür “cəld sürücü” reputasiyasına malik şəxslər daha çox sərnişin toplaya bilirlər. Səbəb Balakən, Şəki, Gəncə və ya Qazax kimi uzaq rayonlara 30-40 dəqiqə tez çatmaqdır. Bəs görəsən bunun üçün risk etməyə dəyərmi? Cavab ritorikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh