Sabiq nazir cəmi 27 milyon oğurlayıb? – Şübhəli məqam

Gündəm 4 Fevral 2026 21:12
Sabiq nazir cəmi 27 milyon oğurlayıb? – Şübhəli məqam
WhatsApp kanalımıza abunə ola bilərsiniz

11 il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri, 5 il isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışmış Səlim Müslümovun yalnız 27 milyon manatlıq mənimsəmədə təqsirli bilinməsi şübhələr doğurur. Bu barədə Azpolitika-da məqalə yer alıb. Məqalədə bildirilir ki, S.Müslümovun iki əmlakının ümumi satış qiyməti 1 milyon 376 min manat təşkil edib. Konkret olaraq, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evinin satış qiyməti 926 min 250 manat, Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsinin satış qiyməti isə 450 min manatdır. Eyni zamanda ötən ay onun 490 min manata iki mənzili satışa çıxarıldığı qeyd olunur.

Məlumatda vurğulanır ki, S.Müslümov 16 il ərzində ölkənin sosial müdafiə və pensiya sisteminin başında olub və bu qurumlara rəhbərlik etdiyi müddətdə onun əlindən keçən dövlət vəsaiti təxminən 10 milyard manata yaxın olub. Bu halda yalnız 27 milyon manat mənimsəmə rəqəmi inandırıcı görünmür. Ekspertlər hesab edirlər ki, əslində mənimsənilən məbləğin daha yüksək olması ehtimalı var. Reallığa daha yaxın mənimsəmə məbləğini necə müəyyən etmək olar? Maraqlıdır, ona belə bir “güzəşt” niyə tanınıb?

Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Səlim Müslümov 2002-2018-ci illərdə DSMF sədri ƏƏSMN-nin rəhbəri kimi mühüm vəzifələrdə çalışıb.

Onun sözlərinə görə, bu müddət ərzində sosial müdafiə xərcləri ən çox vəsait ayrılan sahələrdən biri olub:

“Səlim Müslümovun işdən çıxarıldığı dövrdə büdcədən Sosial Müdafiə Fonduna təxminən dörd milyard manat ayrılmışdı və bu, hər il təkrarlanırdı. Müslümovun 16 illik rəhbərliyi dövründə ildə orta hesabla bir milyard manatdan çox vəsait ayrılıb, bəzən isə həmin məbləğ üç milyard manatı da keçib. Bu vəsaitlərin bir hissəsi saxta pensiyalara yönəldilib, bəzi hallarda həmin pulların bir qismi əvvəlcədən mənimsənilib. Məsələn, kimə pensiya düzəldirdilərsə, o adamların kartlarını alır vəsaiti altı ay özləri götürürdü, sonra kartı geri qaytarırdılar. Bu müddət ərzində isə şəxs pensiyasını ala bilmirdi”.

H.Oğuz Səlim Müslümovun hər il bir milyard manata yaxın vəsaiti mənimsəməsinə şübhə etmədiyini bildirib:

“16 il ərzində bu məbləği bir milyarddan hesablasaq 16 milyard manata yaxın məbləğ təşkil edə bilər. Rəsmi olaraq isə ona 27 milyon manatlıq mənimsəmə ittihamı irəli sürülüb. Bu rəqəm real vəziyyəti əks etdirmir, məbləğ daha çoxdur. Görünür, o bu pulları tək yeməyib, böyük hissəsi başqa şəxslərlə bölüşdürülüb. Ona görə də bütün məbləği bunun üzərinə yükləyə bilməyiblər. Qalanı isə Müslümovun qara gözlərinə “qurban” edilib. Beləliklə, 16 il müddətində üç milyarddan çox vəsaiti hesablasaq, bu, 40-50 milyon civarında pul edir. Sən necə bunu 27 milyon hesablaya bilərsən? Əslində, dəqiq hesabladıqda mənimsənilən məbləğin bu rəqəmdən xeyli çox olduğu açıq görünür”.

Oxunub 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh