Şagirdlər və müəllimlər həftəsonu məktəbə necə gedəcəklər? - VİDEO

2021-ci ilin yanvar ayından Nazirlər kabinetinin yanında Operativ Qərargah qərarına əsasən, həftə sonları ictimai nəqliyyat işləmir. Karantin qaydalarında müxtəlif yumşaldılmalar olsa da, şənbə və bazar günləri nəqliyyatın hərəkətsizliyi dəyişməz olaraq qalır.
APA TV xəbər verir ki, sentyabr ayında orta məktəblərdə dərslərin bərpası isə 6 günlük cədvəl əsasında işləyən məktəblərdə problemin daha qabarıq ortaya çıxmasına səbəb olub. Dərsə getmək üçün avtobus, metrodan istifadə edən şagirdlər taksi və ya şəxsi avtomobillərdən istifadə etməli olacaqlar. Nəzərə alsaq ki, valideynlərin hər birində şəxsi avtomobil yoxdur, taksidən isə istifadə etməyə çoxunun imkanı yoxdur, məsələnin nə qədər ciddi olduğu aydın olar. Xüsusən şəhər ətrafı kənd və qəsəbələrdə məsafənin uzaq olması şagirdlərin, elə valideynlərin narahatçılığına səbəb olur.
- İnsanlar üçün çətinlik yaradır. Uşaqların rahat məktəbə gedə bilməsi üçün mən elə düşünürəm ki, işləsə daha yaxşı olar.
- Əlbəttə işləməlidir. Problem yaradır. Hər adamın pulu yoxdur ki, uşağın taksi ilə yola salsın. İstəyirik ki işləsin. 5 gün işləyirsə 2 günü də işləməlidir.
Valideynlər deyir ki, övladlarını dərsə çatdıra bilmək üçün, bəzən 2 hətta, 3 marşrut dəyişməli olurlar: “Heç kimi imkanı yoxdur ki, taksiyə pul versin. İmkansızlıqdan hamı marşrutun işləməsin istəyir. Qızım kollecdə oxuyur. Şənbə günləri də dərsləri olur. Dərsə metro ilə gedir. İstəyərik ki, metro da, marşrut da açılsın”.
Təhsil üzrə ekspert Qoşqar Məhərrəmlinin sözlərinə görə, ictimai nəqliyyatın fəaliyyət göstərməməsi pandemiyanın qarşısının alınmasına xüsusi bir təsir göstərmir. Ekspert deyir ki, ictimai nəqliyyatın işləməməsi müəllim və şagirdlərə təsirsiz ötüşməyəcək: “Şagirdlər bəzən 1 manatlıq taksilərə etibar edilmir. Daha çox ictimai nəqliyyatdan istifadə edirlər. Əgər biz məktəbləri, universitetləri açırıqsa düşünürəm ki, həftəsonları ictimai nəqliyyatın da fəaliyyəti bərpa olunmalıdır. İctimai nəqliyyat insanların çölə, gəzməyə çıxmaması üçün bağlanmışdır. Əksər adam da həftə sonları heç yerə getmirdi. Görünür ki 6-cı günlər də heç kim dərsə getməyəcək. Araşdırmaq lazım gələcək ki, görək məktəblərdə cümə günü və şənbə günü arasında davamiyyət fərqi hiss olunacaqmı?”
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev, şəhərdən kənar məktəblərdə uşaqların ictimai nəqliyyatdan istifadə etmədiyini, onların əksəriyyətinin həmin məktəblərin ətrafında yaşadığını əsas gətirərək şənbə günləri narahatçılığın olmayacağını açıqlayıb.













