"Smartfonlar getdikcə təhlükə mənbəyinə çevrilir" - Hərbi ekspert peycer terrorundan DANIŞDI
Livanda terror zamanı istifadə edilən partlayıcı qurğular son günlər dünyaya səs salıb.
Məlumat göndərmək üçün istifadə olunan mobil rabitə cihazı peycer partlayışa necə səbəb olub və ya onda hansı dəyişiklik edilib?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Azər Bayramov bildirdi ki, qurğunun içərisinə yerləşdirilən partlayıcılar siqnal vasitəsilə işlək vəziyyətə gətirilir.
"Həmin cihazların partladılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir, hər hansısa bir şəkildə batareykaların qızması nəticəsində bu partlayışların baş verildiyi bildirilsə də, ancaq elə hesab edirəm ki, bu təkcə bununla baş verəcək bir proses deyil. Çünki partlayışın gücünü nəzərə alsaq, batareykanın o dərəcədə zədə verəcəyi real görsənmir. Həmin cihazlara kənardan fiziki müdaxilələr edilib və onların içərisinə partlayıcılar yerləşdirilib. Cihazlara siqnal göndərildikdən sonra bu partlayışlar baş verib. Bəzi mənbələrin verdiyi məlumatlara görə, məhz İsrailin bu partlayışları cari dövrdə Hizbullahın planlaşdırdığı hücum ərəfəsində həyata keçirəcəyini bildirirdilər. Ancaq məhz Hizbullah üzvlərinin bəzilərinin bu peycerlərlə bağlı şübhələrinin olması və müraciət etmələri sözügedən fəaliyyətin həyata keçirilməsini tezləşdirdi. Bununla yanaşı, bir neçə partlamamışı var ki, məhz onların incələnməsi üçün 5-6 ölkənin də mütəxəssislərinin cəlb edildiyi bildirilir. Yaxın zaman içərisində məhz həmin peycerlərdə istifadə olunan partlayıcı ilə bağlı məlumatlar ortaya çıxacaq. Ümumi mənzərə onu deməyə əsas verir ki, rabitə vasitələri - cib telefonları və smartfonlar getdikcə daha çox təhlükə mənbəyinə çevrilir. Hazırda əldə olunan məlumatlara görə, məhz həmin peycerlərin istehsalçısı Tayvana məxsus "Qolt Apolla" şirkətidir. Ancaq həmin şirkətin rəhbərliyinin verdiyi açıqlamalarda Macarıstana aid bir şirkətə lisenziya verdiklərini və həmin şirkətin sözügedən peycerləri istehsal etdiyi bildirilir. Əlbəttə, burada ziddiyyətli mövqelər çoxdur, hansı ki, hər iki tərəf bir-birinə qarşı ziddiyyətli iddialar irəli sürür və ümumilikdə dövlət rəsmiləri də ümumən bu məsələ ilə bağlı məlumatlarının olmadığını bildirirlər. Ancaq elə hesab edirəm ki, məhz Hizbullah rəhbərliyinin iddia etdiyi kimi, bu proseslərin arxasında məhz İsrailin kəşfiyyat xidmətinin əli olduğu bildirilir. Ümumilikdə baş verən hadisə bir daha ortaya çıxardı ki, məhz İsrail kəşfiyyat xidmətinin yetərincə təsir mexanizmləri var. Məhz burada təkcə Hizbullah deyil, İranın digər proksi qüvvələri var ki, istənilən an onlara qarşı ciddi şəkildə təhlükə və təhdid yarada bilər".
Hərbi ekspertin sözlərinə görə, peycerlərdə internet və GPS olmadığından onları izləmək mümkün deyil:
"Peycerlər radio siqnallardan istifadə edərək və adətən qısa mesajları qəbul etmək üçün istifadə edilən cihazdır. Onlar xüsusilə 1990-cı illərdə daha populyar idi, lakin sonradan smartfon və cib telefonları meydana çıxması nəticəsində onlar öz aktuallığını itirdi. Bunlar əsasən mobil rabitənin və internetin olmadığı konkret vəziyyətlərdə istifadə olunurdu. Cari dövrdə bir çox ölkələrdə bu cihazlardan istifadədən imtina edilsə də, ancaq hazırda bəzi ölkələr var ki, əsasən də təcili tibbi yardım xidmətləri, eyni zamanda mədənlərdə əlaqə vasitəsi kimi istifadə olunur. Hizbullahın məhz bu peycerlərdən istifadəsinə gəldikdə isə bunun bir neçə səbəbi var idi. Çünki hazırda mobil telefonların çox asanlıqla izləndiyi və bir çox məsələlərdə ciddi şəkildə təhlükə yaratdığı üçün məhz Hizbullah rəhbərliyi bu smartfonlardan istifadəni qadağan etdi və alternativ olaraq da bu peycerlərdən istifadəyə üstünlük verdi. Xüsusilə qeyd etməliyik ki, bu cihazlarda GPS və vayfay bağlantıları olmadığına görə, paralel olaraq məhdud şəbəkə çərçivəsində qeydiyyata alındıqdan sonra istifadəsi həyata keçirilir və hər hansı bir kənar müdaxiləni mümkünsüz edirdi. Ancaq son həyata keçirilən fəaliyyətlərə baxdığımız zaman məhz sözügedən cihazların o qədər də etibarlı olmadığını ortaya çıxardı. Hizbullahın təxminən 5-6 ay bundan öncə sifariş verdiyi bu cihazların tədarükü həyata keçirildikdən və üzvlərə paylandıqdan sonra həyata keçirilən partlayışlar və bunun nəticəsində də məhz bu istiqamətdə də yetərincə müdaxilələrin olduğunu ortaya qoydu".
Azər Bayramov qeyd etdi ki, bir neçə inkişaf etmiş ölkələrin rəsmiləri artıq sözügedən vasitələri milli təhlükəsizlik məsələsinə çevirir və bundan sonrakı dönəmdə məhz mövcud hadisədən nəticə çıxararaq gələcəkdə bu kimi halların baş verməməsi üçün bütün zəruri tədbirləri həyata keçirməyə çalışacaqlar.