Sumqayıtda qəzalı yataqxana sakinləri: “Hər gün təhlükədəyik” - FOTO

Sumqayıtda yataqxana sakinlərinin həyatı təhlükədədir.
Bu barədə sakinlər tərəfindən müraciət daxil olub.
Söhbət şəhərin 15-ci məhəllə adlandırılan ərazisindən gedir. Belə ki, köhnə adı 85 nömrəli peşə liseyi olan və hazırda 2 saylı yataqxana kimi tanınan uçuq-sökük binanın sakinləri hər gün uçqun altında qalmaq təhlükəsi ilə yaşayır.
Sakinlər deyir ki, yataqxana illərdir qəzalı vəziyyətdədir:
“Yataqxanada qaz, su və işıq xətləri yararsız haldadır. Binanın sağ və sol sütun əsas divarlarında çökmə olub. Hələ 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin ekspert rəyi əsasında yataqxananın sökülməsi qeyd edilib. Qəzalı olduğu təsdiqlənib. Lakin artıq illərdir heç bir tədbir görülmür. Yataqxana sakinləri olaraq istəyimiz budur ki, aidiyyatı qurumlar ya binanın təmir olunmasını, ya da sökülüb yenidən tikilməsini həyata keçirsinlər. Hər gün təhlükə ilə üz-üzə yaşayırıq”.
Əldə etdiyimiz məlumata görə, qəzalı vəziyyətdə olan bina Sumqayıt Dövlət Universitetinin (SDU) balansındadır.
Məsələ ilə bağlı universitetlə əlaqə saxladıq. Universitetin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən yataqxana binası 1993-cü ilə qədər Texniki Peşə Məktəbi kimi fəaliyyət göstərib:
“1993-cü ildə həmin binaya məcburi köçkünlər yerləşdirilib. Artıq 1995-ci ildən etibarən məcburi köçkünlər binada yaşaya-yaşaya yataqxana universitetin balansına verilib. 2018-ci ildə yataqxanada yaşayan məcburi köçkünlər dövlət tərəfindən qeydiyyata alınıb və evlə təmin ediliblər. Lakin hazırda orada yaşayanlar şəhər sakinləridir. Onlar o dövrdən yataqxanada boş olan mənzillərdə məskunlaşıb yaşayanlardır. Amma onların köçürülməsi məsələsinə biz baxmırıq. Şəhər sakinlərinə köçürülmə və ev istəkləri ilə bağlı aidiyyatı üzrə digər qurumlara müraciət etmələri tövsiyə edilir”.
Eyni zamanda binanın qəzalı vəziyyətdə olması ilə bağlı iddialara cavab olaraq bildirilib ki, hazırda binada əsaslı təmir-bərpa işlərinin aparılmasına dair onlarda rəy yoxdur:
“Binanın qəzalı vəziyyətdə olması məsələsinə gəlincə isə Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə dair bizdə məlumat yoxdur. 1 saylı yataqxana ilə bağlı müvafiq rəy verildi və binanın əsaslı təmir-bərpa işlərinə başlanıldı. İlin sonuna qədər işlərin tam yekunlaşması planlaşdırılır. Lakin 2 saylı yataqxanın qəzalı vəziyyətdə olduğuna və ya əsalı təmir edilməsi ilə bağlı bizə heç bir rəy və tapşırıq verilməyib. Belə bir rəy olarsa, təbii ki, balansımızda olan 2 saylı yataqxananın da təmir işlərinə başlanılacaq”.
Oxu.az
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










