Taksilərə cəza başladı: İlk rəqəmlər var

Gündəm 1 Avqust 2024 23:13 Oxunub 658
Taksilərə cəza başladı: İlk rəqəmlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalar sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir. Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.

Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər. Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.

Maraqlıdır, göstərilən səbəblərdən neçə taksinin icazəsi ləğv edilib?

Avtosfer.az “Cebheinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən vətəndaşlardan daxil olan müraciətlər əsasında 62 nəqliyyat vasitəsi daşımalardan kənarlaşdırıldığı bildirilib.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, taksilərlə bağlı aidiyyəti qurumlara kütləvi şikayətlər edilmir:

“Vətəndaşların son dövrlərdə narazılıq etdiyi məsələrdən biri sifarişlərə qeyri-ciddi yanaşmadır. Belə ki, sürücülər yeni avtomobillə qeydiyyatdan keçirlər, ancaq ünvana köhnə maşınla gəlirlər. Sürücülər hesab edirlər ki, belə etməklə qanundankənar taksiçiliklə məşğul ola bilərlər. Lakin nəzərə almaq lazımdır ki, bu əmələ görə şirkətləri 40 min manata qədər cərimə gözləyir. Buna yol verən sürücülərin də gələcəkdə taksi sürücüsü kimi fəaliyyət göstərməsinin qarşısı alına bilər. Bu, elə də qeyri-ciddi məsələ deyil. Çox istərdim ki, sürücülər bunu bilsinlər və bu qaydalara əməl etsinlər. Əks təqdirdə onların vəziyyəti ağırlaşa bilər. Bu gün onlar hesab edirlər ki, yeni bir üsülla fəaliyyət göstərə bilərlər. Amma bu addımla fəaliyyət göstərdiyi şirkətə çox ciddi formada zərər verə bilər. Şirkət ağır formada cəzalanacaqsa, təbii ki, bundan sürücüyə də pay düşür. Bu, davamlı ola biləcək bir xəta deyil. Sonra bunun acı nəticələrinə də qatlanmaq lazım olacaqlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh