Telefonla danışan sürücülərə dünyada hansı cəzalar tətbiq olunur?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə cərimələrin kameralar vasitəsilə qeydə alınması ilə bağlı təklif irəli sürülüb.
Təklifə əsasən, sürücünün hərəkət zamanı telefonu əlində saxlayaraq istifadə etməsinin texniki vasitələrlə aşkarlanması və pozuntuya görə elektron qərarın rəsmiləşdirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində sükan arxasında telefondan istifadəyə qarşı daha sərt qaydalar tətbiq edilir. Bəzi dövlətlərdə sürücülər yüksək məbləğdə cərimə ilə yanaşı, sürücülük vəsiqəsinə cərimə ballarının yazılması, hətta sürücülük hüququnun müvəqqəti dayandırılması ilə də üzləşirlər.
Avtosfer.az dünyanın müxtəlif ölkələrində sürücülərin sükan arxasında telefondan istifadəyə görə hansı cəzalarla üzləşdiyini və bu pozuntulara qarşı hansı üsulların tətbiq edildiyini araşdırıb.
Avstraliya
Avstraliya sükan arxasında telefondan istifadəyə qarşı mübarizədə texnologiyadan yararlanan ölkələrdəndir. Burada bəzi ştat və ərazilərdə xüsusi kameralar vasitəsilə sürücülərin telefondan istifadəsi aşkarlanır.
Kvinslend ştatında 2026-cı ilin iyulundan qüvvədə olan tariflərə əsasən, qanunsuz telefon istifadəsinə görə cərimə 1 295 Avstraliya dollarıdır (təxminən 1 548 manat). Sürücünün hesabına əlavə olaraq dörd cərimə balı da yazılır.
Böyük Britaniya
Böyük Britaniyada sürücünün avtomobil idarə edərkən mobil telefonu əlində saxlayaraq istifadə etməsi qadağandır. Qadağa təkcə danışıq və mesajlaşmaya deyil, telefon vasitəsilə internetə baxmağa, foto və video çəkməyə, eləcə də digər funksiyalardan istifadəyə şamil olunur.
Qayda svetoforda dayanmış və ya tıxacda gözləyən sürücülərə də aiddir. Yəni avtomobilin müvəqqəti dayanması telefonu əlinə götürməyə avtomatik icazə vermir.
Pozuntuya görə sürücünü 200 funt sterlinq (təxminən 452 manat) cərimə və sürücülük vəsiqəsinə altı cərimə balının yazılması gözləyir. Sürücülük imtahanını son iki il ərzində verən şəxslər altı bal topladıqda vəsiqələrini itirə bilərlər. İş məhkəməyə çıxarıldıqda daha yüksək cərimə və sürücülük hüququndan məhrumetmə də mümkündür.
Sinqapur
Sinqapurda sürücünün hərəkətdə olan avtomobildə mobil rabitə cihazını əlində saxlayaraq onun funksiyalarından istifadə etməsi cinayət məsuliyyətinə səbəb ola bilər.
İlk dəfə belə pozuntu törədən şəxsi 1 000 Sinqapur dollarınadək (təxminən 1 326 manat) cərimə, altı ayadək həbs və ya hər iki cəza gözləyə bilər. Təkrar pozuntu zamanı isə cərimə 2 000 Sinqapur dollarınadək (təxminən 2 652 manat), həbs müddəti isə 12 ayadək yüksələ bilər. Bundan əlavə, bu pozuntuya görə sürücüyə 12 cərimə balı tətbiq olunur.
Fransa
Fransada sükan arxasında telefonu əlində saxlayaraq istifadə edən sürücülər 135 avro (təxminən 255 manat) cərimə və sürücülük vəsiqəsinə üç cərimə balının yazılması ilə üzləşirlər.
Bununla belə, ölkədə daha sərt tədbirlər də tətbiq edilir. Fransanın bir sıra departamentlərində telefonu əlində saxlayan sürücülərin vəsiqəsinin məhkəmənin yekun qərarını gözləmədən inzibati qaydada dayandırılması mexanizmindən istifadə olunur. Müvafiq hüquqi əsaslar çərçivəsində sürücülük vəsiqəsinin dayandırılması müddəti altı ayadək çata bilər.
Yaponiya
Yaponiyada avtomobil idarə edərkən telefonu əlində saxlayaraq istifadə etmək qadağandır. Pozuntunun yol hərəkəti üçün təhlükə yaratması halında isə daha ağır cəzalar tətbiq olunur.
Telefonu əlində saxlayaraq istifadə edən adi avtomobil sürücüsü 18 000 yen (təxminən 194 manat) məbləğində cərimə və sürücülük vəsiqəsinə üç cərimə balının yazılması ilə üzləşə bilər. Qanun pozuntusuna görə altı ayadək həbs və ya 100 000 yenədək (təxminən 1 077 manat) cərimə də nəzərdə tutulur.
Əgər telefon istifadəsi yol hərəkəti üçün təhlükə yaradarsa, cəza daha da ağırlaşır. Bu halda bir ilədək həbs və ya 300 000 yenədək (təxminən 3 231 manat) cərimə, eləcə də sürücülük vəsiqəsinə altı cərimə balının yazılması mümkündür.
Niderland
Niderlandda avtomobil idarə edərkən mobil telefonu, planşeti, naviqasiya cihazını və digər elektron vasitələri əlində saxlamaq qadağandır. Qayda yalnız telefonla danışmağa deyil, cihazın əldə saxlanılmasına da şamil edilir.
2026-cı ildə bu pozuntuya görə cərimə 440 avrodur (təxminən 832 manat).
Niderlandda sürücülərin telefondan qanunsuz istifadəsini aşkar etmək üçün xüsusi kameralardan da istifadə olunur. Kamera görüntüləri səlahiyyətli əməkdaşlar tərəfindən yoxlanılır və pozuntu təsdiqləndikdə cərimə tətbiq edilir.
Almaniya
Almaniyada sürücülərin avtomobil idarə edərkən telefonu əlində saxlayaraq istifadə etməsi qadağandır. Qayda yalnız mobil telefonlara deyil, diqqəti yayındıra bilən digər elektron cihazlara da şamil olunur.
Adi pozuntuya görə sürücüyə 100 avro (təxminən 189 manat) cərimə və bir cərimə balı tətbiq edilir.
Əgər telefon istifadəsi yol hərəkəti üçün təhlükə yaradarsa, cərimə 150 avroya (təxminən 284 manat) yüksələ bilər. Bu halda sürücüyə iki cərimə balı yazılır və bir aylıq sürücülük qadağası tətbiq oluna bilər. Pozuntu nəticəsində maddi zərər yaranarsa, cərimə 200 avroya (təxminən 378 manat) çata bilər.
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu












