Reklam

Tikilən evlər narazılığa səbəb oldu: Qubadlıda nə baş verir?

Gündəm 20 Sentyabr 2024 19:57 Oxunub 328
Tikilən evlər narazılığa səbəb oldu: Qubadlıda nə baş verir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qubadlının Mahrızlı kəndində yeni evlər tikilir. Qayıdış üçün inşa edilən həmin evlər isə tam yerdəndir. İctimaiyyət haqlı olaraq bu cür tikilən evlərin az sonra ciddi problem yaradacağını bildirir. Bəs, işğaldan azad edilmiş ərazilərdəki təmir-tikinti, abadlıq işlərinə hansı formada nəzarət edilməlidir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikrincə, Qubadlı rayonu əsasən dağlıq rayon olduğuna görə, həmin ərazilərdə evlərin tamamilə yerdən tikilməsi doğru deyil.

Onun sözlərinə görə, o evlər heç olmasa bir neçə daş hündürlüyündə tikilməli idi:

“Həmin ərazilərə yağıntı çox düşür, qış ayı qismən sərt keçir. Bu mənada vətəndaşlar haqlıdırlar. Eyni zamanda tək Qubadlıda deyil, ayrı-ayrı ərazilərdə, bölgələrdə də bununla bağlı müxtəlif narazılıqlara rast gəlinir. Biri evin keyfiyyətsiz inşa olunduğunu deyir, digəri qiymətdən narazıdır, bir başqası istifadə olunan tikinti materialının keyfiyyətindən şikayət edir və s. Təəssüf ki, olan narazılıqlar azalan xətlə deyil, artan xətlə davam edir. Hesab edirəm ki, prosesə ciddi nəzarət olunmalıdır. Düzü, yeni inşa olunan qəsəbə və kəndlərdə olmamışam. Orada olan evlərin keyfiyyəti ilə tanış deyiləm. Amma media və sosial şəbəkələrdə olan informasiyalara əsaslanaraq deyə bilərəm ki, həmin ərazilərdə müvafiq qurumlar tərəfindən aparılan tikinti və bərpa işlərinə nəzarət gücləndirilməlidir”.

R.Osmanlı deyib ki, indidən bu halların qarşısı alınmalıdır:

“Çünki 3-5 il sonra hansısa bir məmuru cəzalandırmaq problemin çıxış yolu olmayacaq. Məsələ ciddi şəkildə nəzarətə götürülməli, araşdırılmalı və lazımi tədbirlər görülməlidir. Hökumət böyük məbləğdə vəsait ayırır ki, həmin vəsait hesabına da çox mükəmməl işlər görmək olar. Bərpa işi birbaşa ölkə başçısının tapşırığı əsasında icra olunan məsələdir. Dövlət büdcəsindən də hər il bu işlərin görülməsi üçün böyük məbləğdə pul ayrılır. Ona görə də, bura ictimai nəzarəti təmin etmək, dövlət nəzarətini gücləndirmək lazımdır. Yəni bütövlükdə nəzarət güclü olmalıdır ki, həm şəffaflıq olsun, yeyinti və korrupsiya hallarına yol verilməsin, həm də evlər keyfiyyətli inşa olunsun ki, vətəndaşlar razı qalsınlar. Çox böyük işlər görülüb, əhəmiyyətli hadisələr baş verib, ölkəmizin suverenliyi, ərazi bütövlüyümüz bərpa olunub. Uzun illər sonra Azərbaycanın bütün əraziləri öz nəzarətimizdədir və orada artıq vətəndaşlarımız yaşamağa başlayıb. Bu günə kimi görülən işlərə kölgə salmayaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh