Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS

Texnologiya sürətlə inkişaf edir, süni intellekt artıq yalnız nəzəri sahə deyil, gündəlik həyatımızda da əhəmiyyətli rol oynayır. Artıq süni intellekt alqoritmləri vasitəsilə şəkillər, videolar və digər vizual materiallar real görünən saxta versiyalara çevrilə bilir. Zamanla da vətəndaşların əleyhinə istifadə olunur. Bu proses şəxsi məlumatların qorunmasının çətinləşdiyi bir dövr yaradır.
Məsələ ilə bağlı informasiya texnologiyaları mütəxəssisi Elvin Abbasov Avtosfer.az- texnologiya vasitəsilə dələduzların necə saxta vizual hazırladıqlarını açıqlayıb:

“Burada bir alqoritm (generator) hədəf şəxsin minlərlə görüntüsünü analiz edərək saxta kadrlar hazırlayır, digəri (discriminator) isə onun səhvlərini taparaq mükəmməlləşdirir. Texniki olaraq bu proses "Autoencoder" metodu ilə icra edilir. Birinci şəxsin üz cizgiləri rəqəmsal koda çevrilir, sonra həmin kod hədəf videodakı şəxsin mimikalarına və baş hərəkətlərinə geyindirilir. Nəticədə, işıq kölgələrinin və üz hərəkətlərinin riyazi hesablanması sayəsində ortaya vizual olaraq inandırıcı, lakin tamamilə süni bir məhsul çıxır. Bu saxta görüntüləri aşkar etmək üçün həm bioloji, həm də rəqəmsal analiz üsullarından istifadə olunur. Bioloji tərəfdən, süni intellekt hələ də insanın göz qırpma tezliyini, göz bəbəyinin işığa təbii reaksiyasını və nəfəs alarkən boyun nahiyəsindəki mikroskopik hərəkətləri tam təqlid edə bilmir. Rəqəmsal tərəfdən isə yüksək dəqiqlikli detektorlar piksellərin düzülüşünü və videodakı işıq küyünü (noise) analiz edərək riyazi uyğunsuzluqları ifşa edir. Xüsusilə üzün kənarlarındakı dumanlıqlar, qulaq və saç diblərindəki vizual qüsurlar görüntünün saxta olmasının əsas texniki əlamətləridir”.
Sözsüz ki, bu kimi proseslər qanunsuzdur.
Hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, saxta video, şəkil hazırlayaraq vətəndaşları aldadanlara hansı cəzanın tətbiq ediləcəyi məhkəmə tərəfindən fərdi qaydada müəyyən edilir:

“Sosial şəbəkə profillərindən götürülmüş fotoların icazəsiz əldə edilərək süni intellekt vasitəsilə montaj olunması və rəqəmsal platformalarda yayımlanması mahiyyət etibarilə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə kimi qiymətləndirilir. Bu tip mübahisələrdə hüquqi çərçivə xüsusilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarı fonunda daha sistemli şəkildə müəyyənləşdirilib. Yeni yanaşmaya görə, şəxsiyyət hüquqlarını pozan məlumat və ifadələr yalnız yazılı mətn formasında deyil, eyni zamanda şəkil, montaj, audio və video kimi vizual və rəqəmsal formatlarda da yayıla bilər. Belə ki, hər hansı məzmunun üçüncü şəxslərə və ya qeyri-müəyyən şəxslər dairəsinə onların qavraya biləcəyi formada çatdırılması yayılma hesab olunur. Mövcud qanunvericiliyə əsasən, bu cür hallarda zərərçəkən şəxslər mülki qaydada məhkəməyə müraciət edərək pozuntunun təsbitini, həmin materialın yayımının dayandırılmasını, kontentin silinməsini və ya düzəliş edilməsini, həmçinin mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. Məsuliyyətin cinayət-hüquqi müstəviyə keçməsi mülki-hüquqi müdafiə vasitələrinin tətbiqini istisna etmir və zərərçəkən şəxs paralel olaraq hər iki hüquqi müdafiə mexanizmindən istifadə edə bilər. Cinayət-hüquqi məsuliyyət məsələsində əmələ verilən hüquqi qiymət paylaşılmış montaj materialının məzmunundan və təqdim olunma formasından asılıdır. Əgər montaj edilmiş kontent yalan olduğunu bilə-bilə konkret şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumat kimi təqdim edilərək internet resursunda yayılıbsa, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi – böhtan kimi qiymətləndirilə bilər. Əgər paylaşılan material fakt iddiası formasında deyil, daha çox şəxsin şərəf və ləyaqətinin nalayiq şəkildə qəsdən alçaldılmasına yönəlibsə, bu halda əməl həmin məcəllənin 148-ci maddəsi -təhqir maddəsi ilə aktuallaşır. Məlumatı yayan şəxs 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası ala bilər. Beləliklə, qanunvericiliyə əsasən, bu tip hallarda nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının maksimum həddi 6 aya qədərdir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO









