Reklam

Xaricdən Azərbaycana göndərilən bağlamalarda meymunçiçəyi təhlükəsi var? - RƏSMİ AÇIQLAMA

Gündəm 20 Avqust 2024 20:42 Oxunub 270
Xaricdən Azərbaycana göndərilən bağlamalarda meymunçiçəyi təhlükəsi var? - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilir. Azərbaycanda da müvafiq qurumlar tədbirlər görməyə başlayıblar.

Ölkəmizdə onlayn sifarişlərə tələbatın böyük olduğunu nəzərə alsaq, bağlamalar vasitəsilə virusun yayılma təhlükəsi də vətəndaşları düşündürür.

Bəs məsələ ilə bağlı reallıq nə yerdədir? Bağlamalar vasitəsilə virus keçə bilərmi? "Azərpoçt" MMC virusla bağlı qabaqlayıcı tədbirlər görübmü, dezinfeksiya işləri aparılırmı?

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, bağlamalar vasitəsilə yoluxma təhlükəsi mövcuddur:

"Meymunçiçəyi virusu təmas yolu ilə keçir. Poçtla göndərilən məhsullar xəstə adamın əli ilə hazırlanırsa, virusun başqa bir şəxsə yoluxma ehtimalı böyükdür. Ən çox poçt məhsulu aldığımız ölkələrdən olan Türkiyə ilə Azərbaycan arasında məsafə böyük deyil. Haqqında danışdığımız virus isə Türkiyədə geniş yayılmayıb. Orada bir neçə adamda müşahidə edilib.

Miqrasiyanın çox olduğu ölkələrdə gediş-gəliş yüksək olduğu üçün meymunçiçəyi virusunun yayılması tam realdır. Bəzən yoluxmalarda gizli dövr üç həftəyə qədər davam edir. Bu da onunla nəticələnir ki, yoluxmuş bir adam ölkəyə daxil olanda tam sağlam görünür, daha sonra xəstələnir. Buna görə də transsərhəd keçid zonalarında nəzarət güclənməli, maarifləndirmə işləri aparılmalıdır".

"Azərpoçt" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq İbrahimova məsələ ilə bağlı sorğumuzu belə cavablayıb:

"Azərpoçt" MMC öz əməkdaşlarının, eləcə də poçt şöbələrində xidmət göstərdiyi vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün daima müvafiq tədbirlər icra edir.

Hazırda meymunçiçəyi virusu ilə bağlı ölkədə təşviş yaradacaq hal müşahidə olunmadığından qurum tərəfindən də xüsusi tədbir görülməyib.

Məlumat üçün bildirək ki, "Azərpoçt" MMC dövlət sanitariya nəzarətinin və əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində əsas iştirakçı sayılan aidiyyəti qurumun tədbirləri və çağırışlarına uyğun olaraq addımlar atır".

Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov meymunçiçəyi virusunun laboratoriya müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatlarının ölkəyə gətirildiyini bildirib.

Mənbə: Oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh