Aeroportda unudulan baqajlar ucuz qiymətə satılır?

Hava limanında unudulan baqajların saxlanması və onların sonrakı taleyi ilə bağlı məsələlər hər zaman vətəndaşlar üçün diqqət mərkəzində olur. Xüsusilə sosial şəbəkələrdə itirilmiş baqajların ucuz qiymətə satılması kimi yayılan elanlar bəzi sərnişinlərdə narahatlıq da yaradır.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bu məsələyə aydınlıq gətirib.
O bildirib ki, baqajın hansı zonada unudulması onun sonrakı prosesini müəyyən edir:
“Əgər unudulmuş baqaj artıq gömrük yoxlamasından keçibsə, bu, həmin əşyanın gömrük nəzarəti zonasında olmadığı və xarici ərazidə yerləşdiyi anlamına gəlir. Yoxlamadan öncə unudulan əşyalar isə “itmiş baqaj” bölməsinə verilir və bu əşyalar gömrük nəzarəti altında, hava limanına məxsus saxlanma yerində qorunur. Unudulmuş baqajların üzərindən müəyyən müddət keçdikdən sonra sahib şəxs yaxınlaşaraq onu götürmək istəyəndə, baqaj gömrük əməkdaşları tərəfindən yoxlanılır. Əgər içərisində mülki dövriyyəsi məhdudlaşdırılmış, qadağan olunmuş və ya qanunsuz əşyalar aşkarlanarsa, həmin əşyalar müsadirə edilə və yalnız o halda satışa çıxarıla bilər. Digər bütün hallarda gömrüyün bu baqajlara münasibəti sıfırdır və onların satışı mümkün deyil”.
Şöbə rəisi qeyd edib ki, gömrük orqanı yalnız müsadirə edilmiş əşyaların satışına icazə verir. Sahibsiz elan olunmuş və ya gömrük qanunvericiliyinin pozulması ilə bağlı müsadirə edilən mallar isə qanunvericliyə uyğun şəkildə dövriyyəyə buraxıla bilər.
Bəs itmiş çamadanımızı nə qədər müddət ərzində götürməliyik?
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından sorğumuza cavab olaraq bildirildi ki, hava limanında “itmiş baqaj” anlayışı iki kateqoriyaya bölünür: uçuş zamanı itən baqaj və hava limanı ərazisində unudulan baqaj:
“Uçuş zamanı itmiş baqaj- Sərnişin təyyarədən endikdən sonra baqajının gəlmədiyini görərsə, bu halda məsuliyyət aviaşirkətə məxsusdur. Bunun bir neçə səbəbi ola bilər:
- baqajın sərnişinlər tərəfindən səhv götürülməsi;
- baqajın texniki səbəbdən çatdırılmaması və s.
Bu halda sərnişin hava limanında fəaliyyət göstərən “Lost and Found” xidmətinə müraciət edir. Burada ona xüsusi forma təqdim olunur və sərnişin baqaj etiketini təqdim etməklə sənədi doldurur. Baqaj tapıldıqdan sonra aviaşirkət sərnişinlə əlaqə saxlayaraq baqajı təhvil verir.
Hava limanı ərazisində unudulmuş baqaj - Sərnişin alış-veriş zamanı, kafedə və ya digər məkanlarda baqajını unutduqda, bu artıq hava limanının təhlükəsizlik xidmətinin səlahiyyətinə daxildir. Ərazidə patrul edən çevik qrup baqajı aşkar etdikdə onun yeri ilə bağlı akt tərtib olunur və əşya rəsmi qaydada götürülür. Daha sonra həmin baqaj polisə təhvil verilir. Hava limanı unudulan əşyaları özü saxlamır - yalnız tapıb aktlaşdırır və hüquq-mühafizə orqanlarına təqdim edir. Sərnişin isə istənilən vaxt polis bölməsinə müraciət edərək baqajını geri ala bilər”./qafqazinfo
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO
Bu şəhərdə gündüz yanacaq daşımaq qadağan edildi
Bu şəhərdə parkinq əməkdaşlarının əksəriyyəti lal-kardır - FOTO
Dünya liderlərinin ilk avtomobilləri hansılar olub? - ARAŞDIRMA
Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı – VİDEO
Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz










