Ayda nəhəng enerji kəməri - Bütün bəşəriyyət üçün kifayət edəcək

Alimlər Ayın səthində nəhəng günəş enerjisi sistemi qurmağı planlaşdırır. Bu layihə həyata keçirilərsə, Yer kürəsinin enerji ehtiyaclarını fasiləsiz şəkildə təmin etmək mümkün ola bilər.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Dailygalaxy” portalının məlumatına görə, Yaponiyanın "Shimizu Corp.” şirkəti "Ay kəməri” adlı iddialı layihə təqdim edib. Layihə Ayın ekvatoru boyunca uzanan nəhəng günəş panelləri şəbəkəsinin qurulmasını nəzərdə tutur.
Məqalədə bildirilir ki, bu sistem hava şəraitindən və Yer üzündə gecə-gündüz dəyişməsindən asılı olmayaraq fasiləsiz təmiz enerji axını təmin edə bilər. Plan üzrə günəş kəmərinin eni təxminən 400 kilometr, uzunluğu isə 11 000 kilometr olacaq ki, bu da Ayın ekvatoruna bərabərdir.
Şirkət qeyd edir ki, tikinti işləri Ay səthində insanların birbaşa iştirakı olmadan həyata keçiriləcək. Əsas işləri robotlar yerinə yetirəcək, insanlar isə prosesi Yer kürəsindən uzaqdan idarə edəcək. Materialların böyük hissəsinin də birbaşa Ayda əldə olunması planlaşdırılır. Ay torpağı – regolit beton və şüşə istehsalı üçün istifadə ediləcək, çünki materialların Yerdən daşınması çox baha başa gəlir.
Şirkət mütəxəssislərinin sözlərinə görə, Ay torpağında olan oksid birləşmələri sayəsində hidrogen Yer kürəsindən gətirilərsə, oksigen və su istehsalı da mümkün ola bilər. Günəş istiliyindən istifadə etməklə tikinti blokları və şüşə lifləri də hazırlamaq planlaşdırılır.
Alimlər hesab edir ki, Ayda atmosfer və buludların olmaması səbəbindən günəş panelləri maksimum səmərəliliklə işləyəcək. "Shimizu Corp.”-un hesablamalarına görə, bu sistem 13 000 teravata qədər enerji istehsal edə bilər ki, bu da bəşəriyyətin mövcud tələbatından dəfələrlə çoxdur.
Enerjinin Yerə ötürülməsi üçün mikrodalğalar və güclü lazer şüalarından istifadə planlaşdırılır. Ayın Yerə baxan tərəfində yerləşdiriləcək xüsusi antenlər enerjini qəbuledici stansiyalara yönləndirəcək.
Bu layihə 2011-ci ildə Fukusima qəzasından sonra Yaponiyada yaranmış enerji böhranına cavab kimi ortaya çıxıb. Lakin onun həyata keçirilməsi bir sıra ciddi çətinliklərlə üzləşə bilər.
Layihənin dəyəri hələ açıqlanmayıb, lakin onun son dərəcə yüksək olacağı gözlənilir. Bundan əlavə, Ay tozu texnika üçün təhlükə yaradır – xırda hissəciklər avadanlıqları zədələyə və günəş panellərinin səthini örtə bilər.
Ekspertlər bildirir ki, belə böyük miqyaslı layihə yalnız beynəlxalq əməkdaşlıq və yeni kosmik qanunvericilik çərçivəsində həyata keçirilə bilər.
"Shimizu Corp.” şirkəti hazırlıq işlərinə 2035-ci ildən başlamağın mümkün olduğunu qeyd edir. Hazırda isə "Ay kəməri” daha çox gələcəyə yönəlmiş konsepsiya kimi qiymətləndirilir.
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO










