“Düşdükləri mühitə öyrəşə bilməyənlərin hərəkətlərinə…” - AÇIQLAMA - FOTO

Sosial və mədəni dəyişikliklər bir çox hallarda insanların psixologiyasında dərin izlər qoyur. İnsanlar mühitlərindəki dəyişikliklərə uyğunlaşmağa çalışarkən, bu proses psixoloji yüklər və streslər yarada bilər. İnsan psixologiyası sosial münasibətlərdən, mədəniyyətə uyğunlaşmadan və ətrafdakı mühitdən təsirlənərək formalaşır. Cəmiyyətin və mədəniyyətin dəyişməsi fərdin dünyagörüşünü, davranışlarını və hisslərini dəyişdirə bilər.
Bu dəyişikliklər bəzən insanlar arasında qeyri-sabitlik hissi yaradır. Çünki yeni qaydalar, dəyərlər və davranış normativləri qəbul edilməlidir. Sosial və mədəni dəyişikliklərə uyğunlaşmaq bəzən çətinləşə bilər, bu da psixoloji narahatlıqlara, stressə və hətta depressiyaya səbəb ola bilər.
Bəs sosial və mədəni dəyişikliklər insan psixologiyasına necə təsir göstərir?
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, dəyişikliklərdən danışarkən insanların sosiallıq və mədəniyyət anlayışlarına diqqət yetirmək vacibdir:
.jpg)
“Çünki fərqli insanlar mədəniyyəti müxtəlif formalarda dərk edirlər. Sosial dəyişikliklər əgər cəmiyyətə inteqrasiya ilə bağlıdırsa, insanlar bunu da müxtəlif cür qavrayırlar. Məsələn, sosial cəmiyyətə inteqrasiya, əslində, cəmiyyətdəki davranışlarımızın idarə olunması və etik kriteriyalara əməl etməyi nəzərdə tutur.
Təəssüf ki, bəzi insanlar bu qaydaları yanlış anlayırlar. Küçədə, ictimai yerlərdə sərt şəkildə danışmağı, yüksək səslə gülməyi və ya telefonla yüksək səsdə danışmağı normal qəbul edirlər. Onlar düşünürlər ki, “əgər bunu istəyirəmsə, deməli, belə də etməliyəm.” Halbuki sosial cəmiyyətin qaydalarına uyğun davranmaq həm öz düşüncələrimizi, həm də ətrafdakı insanların rahatlığını nəzərə almağı tələb edir”.
Psixoloq əlavə edib ki, hər kəs öz həyatında sərbəstdir:

“Lakin, məsələn, yüksək səslə musiqi dinləmək və ya yol hərəkət qaydalarını pozmaq kimi hallar cəmiyyətdə sosial və mədəni dəyişikliklərə təsir edə bilər. Bu isə bəzi insanlarda aqressiya yaradır və nəticədə onlar öz davranışlarına nəzarət etməkdə çətinlik çəkə bilirlər. Buna görə də sosial dəyişikliklərdə həm fərdi azadlıqlar, həm də ictimai qaydalar balanslı şəkildə nəzərə alınmalıdır”.
Sosioloq Lalə Mehralı isə bildirib ki, insan sosial bir varlıq olduğuna görə əslində sosial və mədəni dəyişikliklərə uyğunlaşmaq bacarığına sahibdir:
“Çünki bizim genetik kodlarımızda bu uyğunlaşmanı həyata keçirməyə imkan verən bir proses mövcuddur. Yəni, bu kodlar bizim genetikamızda yazılıb. Sadəcə, bəzi insanlar bu adaptasiya prosesini daha sürətli tamamlayır, bəzi insanlar isə bu dövrü daha çətin keçirirlər.
Sosial və mədəni dəyişikliklər baş verən bir sosial və ya siyasi quruluş dəyişəndə mədəni mühit inkişaf edir. Lakin, insan bu inkişafla ayaqlaşa bilmədikdə, müəyyən problemlər meydana çıxır. Bəzi insanlar bu adaptasiyanı başa vurur, amma bəzi insanlar bu dövrü çətinliklə keçirir.
Əslində, insan düşdüyü mühitə psixoloji cəhətdən uyğunlaşmaq məcburiyyətində qalır. Çünki orada yaşamalı, həyatını davam etdirməli və həmin mühitə uyğunlaşmalı olduğunun fərqindədir. Bu fərqindəlik, onu həmin dəyişikliklərə adaptasiya etməyə məcbur edir”.
Sosioloq əlavə olaraq qeyd edib ki, əgər uyğunlaşma baş tutmasa, təbii ki, həmin mühitdə sosial münasibətlər qurulmaz, çevrə ilə əlaqələr qurulmaz və işlənən məsələlərdə problemlər yaranar:
“İnsan bu problemləri hiss etdikcə, uyğunlaşma göstərməyə məcbur olur”.
Eltac Zülfüqaroğlu
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO








