Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi

Bu gün Füzuli rayonunun erməni işğalından azad olunmasından bir il ötür.
Füzuli uğrunda yaralanaraq qazi olan Zöhrablı Bahadur Trend-ə döyüş xatirələrini danışıb: "Mən, Zöhrablı Bahadur Fəzayıl oğlu 1993-cü ildə İsmayıllı rayonunun Qarakolluq kəndində anadan olmuşam.
General-mayor Polad Həşimov cəbhədə şəhid olduqdan sonra könüllü olaraq cəbhəyə getmək üçün ərizə ilə hərbi komissarlığa müraciət etdim.
Bizi 29 sentyabr 2020-ci ildə Füzuli bölgəsinə apardılar. Hərbi xidmətdə artilleriya bölməsində xidmət etməyimə baxmayaraq, sıravi əsgər kimi döyüşlərə atıldım.
Füzuli istiqamətində düşmənin güclü mövqe tutduğu bir təpə var idi. Həmin yeri almaq lazım idi. Bu tapşırığı bizim tabora tapşırdılar. Komandirimiz mayor Asif Azayev idi.
Çox cəsarətli, qorxmaz və mehriban insan idi. Bizə "əsgər" deyə müraciət etməzdi. Hamımıza "bala", "oğul" deyə müraciət edərdi. Döyüşdə ehtiyatlı olmağımızı tapşırardı. Füzulidə gedən ağır döyüşlərin birində şəhid oldu. Ruhu qarşısında baş əyirəm!
Döyüş mövqeyinə tərəf irəliləməyə başladıq. Su ilə dolu kanalları keçməli olduq. Keçmək çox çətin idi. Kanallara çoxlu şüşə, dəmir qırıntıları atılmışdı.
Güclü atışma başladı. Tezliklə məlum oldu ki, bizim mövqeyimiz heç də yaxşı deyil. Üçtərəfli atəş altına düşmüşdük. Sağdan, soldan pulemyotlar, qarşıdan isə snayperlər atəş açır, irəliləməyə imkan vermirdilər.
Nə qədər vaxt keçdiyini bilmirdim.
Çox da yaxşı tanımadığım döyüşçü yoldaşımla bir-birimizə yaxın uzanmışdıq. Birdən belimə nəyinsə dəydiyini hiss etdim. Amma ağrı hiss eləmədim. Əlimi belimə vurdum, çantam belimdə idi. Mən sinəmdə patrondaş gəzdirmirdim. Güllə daraqlarını çantaya qoyub kürəyimdə gəzdirirdim. Belə başa düşdüm ki, güllə çantaya dəyib və güllə daraqları məni ölümdən xilas edib.
Birdən yoldaşımın qışqırdığını eşitdim. Ona yaxınlaşdım. Yaralansa da, özünü itirməmişdi. Onu atəş altından çıxarmaq lazım idi. Tam səmimi deyirəm ki, həmin an atamın dedikləri yadıma düşdü. "Döyüş meydanında yaralı yoldaşını xilas etməyə çalış".Yoldaşıma onu atəş altında qoymayacağımı dedim.
Atəş səngiyəndə ayağa durdum. Elə bu vaxt 3-4 metr aralı mərmi düşdü. Məni top kimi götürüb təxminən iki metr aralı qayaya çırpdı. Gözlərim görmədi, qulaqlarım tutuldu, başım uğuldadı, danışmaq istədim, dilim tutulmuşdu. Nə qədər keçdi, bilmirəm, toz-torpağın altından çıxdım. Özümə gələndən sonra qolumu, qıçımı, başımı yoxlamağa başladım. Gördüm, hamısı yerindədir. Ancaq qabırğalarım yaman ağrıyırdı. Dedim, yəqin, əzilib. Həmin mərmidən bir neçə əsgərimiz yaralanmışdı.
Snayperlə vurulan yoldaşıma qəlpə dəyməmişdi. Gördüm ki, yeriyə bilirəm. Bir az da geciksəm, yoldaşımı qan aparacaq, şəhid olacaqdı.
Geriyə baxdım. Atəş altında azı yüz metr getməli idik. Bir-birimizə söykənərək həmin yeri qaçmağa başladıq. Ətrafımızda güllələr vıyıldayırdı. Heç inanmağım gəlmir ki, bu güllələrdən heç biri bizə dəymədi. Nəhayət, gəlib təxliyə yerinə çatdıq. Döyüşçü yoldaşım ölümdən qurtulmuşdu. Mən gecəni hospitalda qalıb, səhər döyüş yoldaşlarımın yanına qayıtdım. Füzulidən Şuşaya qədər gedən döyüşlərdə iştirak etdim. Şükür ki, torpaqlarımız düşmən işğalından azad etdik. Yaşasın Azərbaycan Ordusu və Ordumuzun Ali Baş Komandanı!
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA
Bir nömrə nişanı ilə 3 avtomobil: Sürücülər üçün maraqlı qayda
Pəhləvandan yeni şou: Dörd motosikleti belə saxladı – VİDEO
Avtomobil tarixinin ən etibarlı 16 mühərriki AÇIQLANDI
Yeni yol nişanını görənlər təəccüblənir - Mənası məlum oldu
GPS siqnalları pozula bilər: Sürücüsüz avtomobillər üçün yeni RİSK










