Günəşəbənzər ulduzun ətrafında buz aşkarlanıb - TƏDQİQAT

Astronomlar ilk dəfə Günəşə bənzər gənc bir ulduzun ətrafında su buzu aşkarlayıblar. Kəşf planetlərin əmələ gəlməsi və suyun mənşəyi ilə bağlı mövcud nəzəriyyələrin təsdiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Avtosfer.az “sciencealert.com” saytına istinadla xəbər verir ki, Cons Hopkins Universitetinin (JHU) tədqiqatçılar qrupu, NASA-nın Ceyms Vebb kosmik teleskopunun (JWST) yaxın infraqırmızı spektroqrafından (NIRSpec) istifadə edərək, Yerdən təxminən 155 işıq ili uzaqlıqda yerləşən HD 181327 ulduz sistemini müşahidə edib. Cəmi 23 milyon illik yaşı olan bu sistem Günəş sisteminə nisbətən olduqca gənc sayılır və hələ planetlərinin formalaşmadığı protoplanetar disk mərhələsindədir. Araşdırma nəticəsində məlum olub ki, sistemin dağıntı diskinin xarici hissələrində kristal quruluşlu su buzu geniş miqyasda yayılıb. Bu su buzunun sistemin ümumi kütləsinin 20 faizindən çoxunu təşkil etdiyi müəyyən olunub. Tapıntılar Günəş sistemimizin kənarındakı Koyper qurşağını xatırladan quruluşda – kiçik planetlər və “çirkli qartopuları” ilə zəngin bölgədə cəmləşib.
Tədqiqatın aparıcı müəllifi, Cons Hopkins Universitetinin elmi işçisi Şen Ksi bildirib ki, teleskop kristal quruluşlu su buzu aşkarlayıb və bu buz Saturnun halqalarında və Koyper qurşağında rast gəlinən buzla oxşarlıq təşkil edir. Alimin sözlərinə görə, bu buzlu materiallar, planetlərin əmələ gəlməsi prosesində mühüm rol oynayır və gələcəkdə həyat üçün əlverişli sistemlərə su daşıyıcısı ola bilər. HD 181327 sisteminin daxili bölgələrində isə suyun miqdarı kəskin şəkildə azalır. Məlumatlara görə, diskin kənarından mərkəzinə doğru yaxınlaşdıqca suyun konsentrasiyası cəmi 8 faiz təşkil edir. Bu azalma çox güman ki, ulduzun yaydığı ultrabənövşəyi radiasiyanın buxarlanma təsiri ilə izah olunur. Bununla belə, tədqiqatçılar suyun bir hissəsinin qayalı planetlər tərəfindən saxlanıla biləcəyini də istisna etmirlər. Tədqiqatın həmmüəllifi Kristin Şen qeyd edib ki, bu müşahidə 25 il əvvəl irəli sürülmüş nəzəriyyələri təsdiqləyir. O dövrdə dağıntı disklərində buzun olması ehtimal edilsə də, belə müşahidələri həyata keçirmək üçün yetərli texnoloji imkanlar mövcud deyildi.
Müşahidələr həmçinin, ulduz ilə onun ətrafındakı disk arasında geniş, tozsuz bir boşluğun mövcud olduğunu üzə çıxarıb. Bu xüsusiyyət Günəş sistemindəki Koyper qurşağını xatırladan bir strukturun uzaq məsafədə yerləşən və fəal şəkildə toqquşan buzlu cisimlərinin mövcudluğunu təsdiqləyir. Belə toqquşmalar nəticəsində teleskopla aşkar edilə biləcək ölçüdə toz hissəcikləri və su fraqmentləri yaranır. Tədqiqat nəticələri Günəş sistemimizdə suyun mənşəyi və planetlərin formalaşma mexanizmləri ilə bağlı anlayışları genişləndirməklə yanaşı, digər ulduz sistemlərində oxşar strukturların mövcudluğu ehtimalını da gücləndirir. Komanda gələcəkdə yeni nəsil teleskoplardan istifadə edərək su buzu və protoplanetar disk strukturlarının daha geniş şəkildə tədqiqinə davam etməyi planlaşdırır. Bu tədqiqat həm Günəş sisteminin mənşəyi ilə bağlı nəzəri modellərin təkmilləşdirilməsinə, həm də kainatda yaşama əlverişli digər planet sistemlərinin aşkarlanmasına dair yeni perspektivlər təqdim edir.
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur











