Sosial şəbəkələrdəki qısa videolar insan beyninə mənfi təsir göstərir - TƏDQİQAT
Alimlər tərəfindən aparılan yeni tədqiqat nəticəsində "TikTok", "YouTube" və "Instagram" platformalarında yayımlanan qısa videoların insan orqanizminə təsiri araşdırılıb. Nəticələr bu cür məzmunun insan beyni və psixologiyasına ciddi mənfi təsir göstərdiyini ortaya qoyur. Avtosfer.az bu barədə "Qaynarinfo"ya istinadən xəbər verir.
Qısa videoların beyində yaratdığı dəyişikliklər
Tədqiqatın nəticələrinə əsasən, qısa videolardan yüksək dərəcədə asılı olan şəxslərdə emosional tənzimləmə ilə bağlı beyin bölgələrində artan aktivlik müşahidə olunub. Bundan əlavə, həmin şəxslərin orbitofrontal qabıq və beyincik kimi beyin bölgələrində struktur dəyişikliklər qeydə alınıb. Qısa video asılılığı fərdiləşdirilmiş video məzmununun kompulsiv və nəzarətsiz istehlakı ilə xarakterizə olunur. Bu davranış modeli yuxu pozuntuları, emosional qeyri-sabitlik, diqqət və yaddaşın zəifləməsi kimi fiziki, psixoloji və sosial mənfi təsirlərlə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, qısa videoların sürətli və stimullaşdırıcı təbiəti istifadəçilərin mürəkkəb və vacib tapşırıqlara diqqətini cəmləmək qabiliyyətini azalda bilər. Bu isə uzunmüddətli dövrdə onların koqnitiv və emosional sağlamlığı üçün ciddi təhlükələr yaradır.
Çin alimlərinin aparıcı rolu
Çinin Tyançzin Universitetindən olan tədqiqatçılar bu sahədə qabaqcıl araşdırma apararaq, qısa video asılılığının beyində necə dəyişikliklərə səbəb olduğunu və bu davranışa genetik meylliliyi müəyyən etməyə çalışıblar. Bundan əlavə, tədqiqatda şəxsi xüsusiyyətlərin, məsələn, sosial şəbəkələrdəki məzmunlara baxarkən yaranan paxıllıq və mənfi emosiyaların təsiri də öyrənilib.
Tədqiqatda 17-30 yaş arasında olan və müntəzəm olaraq qısa videolar izləyən 111 tələbə iştirak edib. Nevroloji və ya psixi pozğunluğu olan şəxslərdən yan keçilərək, nəticələrin məhz qısa videolara baxmağın təsirləri ilə əlaqəli olması təmin edilib.
Beyində struktur və funksional dəyişikliklər
MRT (maqnit-rezonans tomoqrafiya) vasitəsilə beynin yüksək keyfiyyətli görüntüləri əldə olunub və bu görüntülər əsasında struktur və funksional dəyişikliklər təhlil edilib. Araşdırmanın nəticələrinə görə, orbitofrontal qabıq və beyincik bölgələrində boz maddənin həcminin artdığı müşahidə edilib. Bu dəyişikliklər kompulsiv davranışın güclənməsinə işarə edir.
Bundan əlavə, qısa video izləyən şəxslərdə yuxu keyfiyyətinin 30% azalması və iştirakçıların yarısında xroniki yuxusuzluq inkişaf etdiyi müəyyən olunub. Onların yuxuya getmə vaxtı 40% artıb.
Diqqət və emosional problemlər
Tədqiqat göstərib ki, əvvəlcə istifadəçilər diqqətlərini 2,5 dəqiqə cəmləyə bilirdilərsə, qısa videolara baxdıqdan sonra bu müddət cəmi 47 saniyəyə enib. İştirakçıların əksəriyyətində narahatlıq yaranıb və onların yarısına depressiyadan çıxmaq üçün dərman müalicəsi təyin olunub.
Alimlərin bu tədqiqatı qısa videoların təkcə fərdi səviyyədə deyil, ümumi psixoloji və koqnitiv sağlamlıq üçün də təhlükə yarada biləcəyini bir daha sübut edir. Bu səbəbdən, mütəxəssislər qısa video platformalarından istifadənin məhdudlaşdırılmasını tövsiyə edirlər.