Yayda ucuz və sərfəli istirahət üçün nə etməli? - ARAŞDIRMA - FOTO

Maraqlı 28 İyun 2022 19:12 Oxunub 936
Yayda ucuz və sərfəli istirahət üçün nə etməli? - ARAŞDIRMA  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər kəs yay fəslinin gəlişini səbirsizliklə gözləyir. Uzun ayların iş gərginliyini atmaq üçün kimsə bölgələrə üz tutmağa üstünlük verirsə, xüsusən gənclər bu imkandan xarici ölkələri görmək, gəzmək məqsədilə yararlanmaq istəyirlər. 

İstənilən səyahət birbaşa büdcədən asılı olan məsələdir. İl ərzində səyahət büdcənizi toplayaraq planlarınızı gerçəkləşdirə bilərsiniz.

Ötən iki il ərzində koronavirus pandemiyası bir çox səyahətsevərin yay planlarını pozdu. Amma indi şərait bir qədər yumşalıb, səyahət etmək yenə də öz əlimizdədir. 

İsti yay günlərindən qaçıb, vaxtımızı ən ucuz və sərfəli şərtlərlə necə maraqlı keçirə bilərik?

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də “bu qədər səyahət xərclərini necə qarşılayırsınız?” sualı olur. Həqiqətən də, tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma ölkə daxilində gəzmək nisbətən daha sərfəli başa gəlir.

Eyni zamanda, istər ölkədaxili, istərsə də xarici səfərlərdə turistlərlə həmsöhbət olan zaman növbəti dəfə bir başqa səfərinizi necə daha ucuz edə biləcəyinizə dair maraqlı məlumatlar əldə etmiş, öyrənmiş olursunuz.

Bəs ən qısa zamanda, ən sərfəli səyahət üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı sınanmış məsləhətləri almaq istədik. Mövzu ilə əlaqədar Oxu.Az-la fikirlərini bölüşən Ağa Mehtiyev 170 kilometr məsafəni səkkiz günə qət etmişdi.

A.Mehtiyevin sözlərinə görə, səyahət özlüyündə böyük bir prosesdir və burada bilik əldə etməklə yanaşı, biznes ideyalarını da inkişaf etdirmək mümkündür:

“Bu günə qədər istirahət üçün Türkiyə ərazisini seçənlərə tövsiyəm bu dəfə Xorvatiyanı dəyərləndirmələridir. İstirahət üçün maddi durum icazə verirsə, Xorvatiyanın Dubrovnik, Split və digər ərazilərinə gedə bilərlər. Monteneqro da tarixi yerləri sevənlər üçün ideal seçimdir. Orada fərqli-fərqli adalar, sahillər var ki, yayı daha məhsuldar keçirə bilərlər”.

Maddi durum baxımından çətinlik çəkənlər üçün isə ölkə daxilində istirahət seçimlərinin daha münasib olduğunu deyən A.Mehtiyev bu il xarici ölkələrə təşkil olunan istirahət turlarının həddən artıq bahalaşdığını bildirib:

“Keçən həftə Türkiyənin İstanbul şəhərində və Gürcüstanda, Tbilisidə oldum. Biletlər həddən artıq bahadır. Bu il Bakıda dəniz yaxınlığında kirayə mənzillərlə maraqlansınlar. Eyni zamanda regionlarda da icarəyə ev götürmək və daha keyfiyyətli istirahət etmək mümkündür”.

Mövzu ilə əlaqədar sosial şəbəkə istifadəçilərinin də rəylərini öyrəndik. Bir qrup Türkiyəyə Naxçıvandan keçərək İğdır vilayətindən gedilməsinin daha münasib qiymətə başa gəldiyini deyir. Digər qrup isə biletlərin aylar əvvəl alınmasını tövsiyə edir. Lakin məlum pandemiya vəziyyəti bu kimi planların gözlənilmədən ertələnəcəyi riskini artırdığı üçün onu da dəyərləndirmək olmur.

Necə deyərlər, “soğan olsun, nağd olsun”. Odur ki, sosial şəbəkə istifadəçilərinin ümumi rəylərindən bu nəticəyə gəlmək olar ki, bu il istirahət edənlərin əksəriyyəti regionlara üz tutacaq.

Qiymət məsələsinə gəldikdə isə, xarici ölkələrə üz tutanlardan əksəriyyətinin Türkiyəyə üstünlük verməsi ilə bağlı kiçik araşdırma etdik. Türkiyədə bir nəfərin normal həftəlik istirahət paketi 1500-1800 dollar arasında dəyişir. Hazırkı valyuta məzənnəsi ilə bu, 2550 AZN edir. Ailə ilə istirahətə gedənlər üçün təbii ki, bu məbləğ çox bahadır. Lakin 2550 AZN ilə bir ailə Azərbaycanın istənilən bölgəsində icarəyə verilən evlərdə rahat istirahət edə bilər. Bölgələrdə evlərin günlük icarə haqları 30 manatdan 250 manata qədər dəyişir. Villalar isə 300 manatdan yuxarı qiymətlərə təklif edilir. Qiymətlər evin təchizat məsələsindən asılı olaraq dəyişir.

Araşdırmadan belə qənaətə gəldik ki, məşhur deyimdəki “qərib ölkə” xəyallar üçün yaxşı olsa da, orada gəzmək ailə büdcəsi üçün fəlakətdir. 

İstənilən halda hər kəsə xoş istirahətlər arzu edirik... 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh