Gömrükdən qanunsuz mal keçirmə: Broker rüşvət alarkən saxlanıldı

Sahibkarın idxal etdiyi məhsulların ölkəyə buraxılmasını ləngidən və bundan istifadə edərək onun mallarının gömrükdə sayılmadan daha sürətli formada keçməsinə kömək edəcəyini deyən broker şirkətinin işçisi rüşvət alarkən saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Rzayev Rəhim Əli oğlu 27 aprel 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı ona məxsus yüklərin rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verir.
Lakin özünü gömrük brokeri kimi təqdim edən Əli adlı şəxs ona zəng edərək 300 manat pul qarşılığında gömrük əməkdaşının vasitəçiliyi ilə həmin yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yarada biləcəyini deyir.
Ərizəçinin müraciəti əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları təxirə salınmadan əməliyyat tədbiri keçirib. Bu zaman Rəhim Rzayevin nağd şəkildə verdiyi 300 manat məbləğində pul “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən Əli Nəsibovdan aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Nəsibov Əli Adil oğlunun fərdi sahibkarla heç bir mülki hüquqi müqaviləsi yoxdur, eləcə də etibarnamə olmadan qanunsuz yolla aldığı 300 manat pul “yük gömrük xidmətləri” göstərilməsi adı altında “Fortis Broker” MMC-nin möhürüylə təsdiq edilən 853143 nömrəli mədaxil qəbzi ilə pərdələnib.
Bununla belə, faktla bağlı araşdırma aparılıb və müvafiq şəxslərin izahatı alınıb.
Özünü gömrük brokeri kimi təqdim edən Əli Nəsibovun izahatı alınarkən müəyyən edilib ki, o, orta təhsilli olmasına baxmayaraq, ali və ya ixtisas təhsili olmadan “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunub. Bu sahədə gömrük qanunvericiliyinin tələblərini yetərincə mənimsəməsə də, gömrük təmsilçisi kimi fəaliyyət göstərməyə səlahiyyəti olmasa da gömrük brokeri kimi çalışıb və ayrı-ayrı vətəndaşlara məxsus yüklərin gömrük orqanlarından çıxarılması üçün vasitəçilik fəaliyyəti ilə məşğul olub.
İzahatı alınan gömrük əməkdaşı isə ərizəçinin 300 manat pul qarşılığında onun vasitəçiliyi ilə vətəndaşa məxsus yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yaradacağı barədə dediklərini etiraf etməyib, ərizədə qeyd edilənlərin əsassız olduğunu bildirib.
Buna baxmayaraq, faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bağlı gömrük əməkdaşı və “Fortis Broker” MMC-nin işçisi barədə toplanılan material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












