İnvestisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması qaydası dəyişdi

Xəbərlər 18 Mart 2026 12:36
İnvestisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması qaydası dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası"nda dəyişikliklər edilib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara əsasən, onlayn satın alınmış yubiley və xatirə pul nişan(lar)ı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə Mərkəzi Bank tərəfindən alıcı və ya onun nümayəndəsi ilə əlaqə yaradılır və razılaşdırılmış yeni vaxt müəyyən ediləcək.

Alıcı və ya onun nümayəndəsi həmin vaxtda da yubiley və xatirə pul nişan(lar)ını müvafiq satış məntəqəsindən təhvil almadıqda sifariş ləğv edilir. Bu halda, ödənilmiş məbləğ alıcı tərəfindən Elektron Xidmətlər Portalının elektron müraciət sistemində göstərilmiş bank rekvizitləri əsasında üç iş günü ərzində Mərkəzi Bank tərəfindən alıcının bank hesabına geri qaytarılacaq.

Həmçinin bu zaman pul nişanının ekspertizası onu təqdim edən şəxsin (və ya onun nümayəndəsinin) birbaşa iştirakı ilə aparılır və dəyəri həmin gün "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla nağd və ya nağdsız qaydada həmin şəxsə ödəniləcək.

Bundan başqa, geri alınması üçün təqdim olunan pul nişanının ilkin ekspertizası zamanı onun həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanı onu təqdim edən şəxsin razılığı və birbaşa iştirakı ilə qablaşdırılır və bu Qaydanın əlavəsində göstərilmiş ərizə əsasında satış agenti tərəfindən Mərkəzi Banka göndərilir.

Ərizə üç nüsxədə tərtib olunur. Nüsxələrdən biri Mərkəzi Bankda, digəri satış agentində, üçüncüsü isə pul nişanını təqdim edən şəxsdə saxlanılır. Təqdim olunmuş pul nişanının ekspertizası Mərkəzi Bank tərəfindən 10 iş günü ərzində aparılır.

Ekspertiza nəticəsində pul nişanının həqiqiliyi təsdiq edildiyi halda, yubiley və xatirə pul nişanları üzrə onun nominal dəyəri, investisiya pul nişanları üzrə isə agent banka təhvil verildiyi tarixə Mərkəzi Bankın rəsmi internet səhifəsində müəyyən edilmiş geri alış qiyməti üç iş günü müddətində müvafiq şəxsin bank hesabına köçürülür. Mərkəzi Bank tərəfindən aparılmış ekspertiza zamanı pul nişanının həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanı Mərkəzi Bank tərəfindən bu Qaydanın əlavəsində əvvəlcədən razılıq alınmaqla istehsalçı şirkətə ekspertizaya göndərilir.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh