İki uşaq atası olan 24 yaşlı gənc qayınatasını bu səbəbdən öldürübmüş - TƏFƏRRÜAT

24 yaşlı gənc 55 yaşlı qayınatasını evini yandırmasından şübhələndiyi üçün öldürübmüş. Qətli törədən Ayxan həbs edildikdən sonra onun ikinci övladı dünyaya gəlib.
Avtosfer.az xəbər verir ki, 1998-ci il Ayxan Hüseynəliyev Biləcəri qəsəbəsində qayınatası 1967-ci il təvəllüdlü Xalıq Bağırova 17 bıçaq zərbəsi endirərək qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Hadisədən bir müddət əvvəl Ayxanın həyat yoldaşı ilə münasibətləri korlanıb. Buna görə də hamilə olan həyat yoldaşı digər övladını da götürərək atasının evinə gedib. Elə həmin ərəfədə Ayxanın atası ilə birlikdə yaşadığı evlərində yanğın baş verib. Yanğın nəticəsində onun evinə 10 min manata yaxın ziyan dəyib.
İstintaq zamanı dindirilən Ayxan söyləyib ki, yanğının həyat yoldaşı tərəfindən qayınatası ilə birlikdə törədilməsindən şübhələnib. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma davam edən ərəfədə qayınatası ilə aralarında mübahisələr olub. Bir dəfə də prkurorluqda olan zaman qayınatası ona “yaxşı elədim, evini yandırdım” deyib. Ayxan iddia edir ki, qayınatası onun evini bilərkədən yandırıb, onu da hər görəndə təhqir edib.
İstintaqda və məhkəmədə ifadə verən Ayxan söyləyib ki, bütün bunlara baxmayaraq, qayınatası ilə görüşə gedərək həyat yoldaşını və uşağını evə qaytarmaq istəyib. Amma qayınatası onu yenə təhqir etdiyi üçün qətlə yetirib. Ayxan qayınatasına 17 bıçaq zərbəsi vurub.
Qətlin törədilməsinin səbəbini Ayxan bu şəkildə izah etsə də, istintaq orqanı belə qənaətə gəlib ki, həbs edilən şəxs sonuncu görüşə barışıq üçün yox, məhz Xalıq Bağırovu qətlə yetirmək üçün gedib. O, bir müddət onu izləyərək heç kimin olmadığı əraziyə yaxınlaşmasını gözləyib.
İsintaq zamanı o da müəyyən edilib ki, mərhum Ayxana yalvarsa da, ona məhəl qoymayıb və çoxsaylı zərbələr endirməyə davam edib. Səsə qonşular və ətrafda olan şəxslər gələndə Ayxan hadisə yerindən qaçıb.
Törətdiyi əmələ görə Ayxan 18 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan məhkum apelyasiya şikayəti versə də, şikayəti təmin edilməyib. Mərhumun yaxınları isə Ayxana verilən cəzanın az olmasından narazıdır.
Musavat.com













