"Kameranı qoyub ucdantutma hamını cərimələyirsən..." Ekspert BNA-nın yanlışlarından DANIŞDI

Prezident İlham Əliyevin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" imzaladığı fərmana əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Maraqlıdır, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə qurumda hansı dəyişikliklər olacaq?
Avtosfer.az xəbər verir ki, News24.az bu hada nəqliyyat eksperti Elməddin Muradlıyla söhbətləşib.
Ekspert bildirib ki, BNA –nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi ilə bir çox yeniliklər həyata keçiriləcək: “BNA qurum olaraq tam ləğv edilməyib. Əvvəl müstəqil qurum kimi fəaliyyət göstərirdi, bundan sonra isə Bakı Şəhər İcra Hakimiyyətinə tabe olacaq. Və çox güman ki, burada müəyyən sturuktur dəyişiklikləri ediləcək. Cənab prezidentin imzaladığı fərmanla onların üzərinə düşən əsas funksiya ictimai nəqliyyatın təkmilləşdirilməsi yönündə çalışmaqdır. Yəni bu istiqamətdə onları ciddi işlər gösləyir”.
Ekspert intellektual mərkəzin yol polisinə verilməsinin də uğurlu addım olduğunu bildirib: “Dayanma-durma işlərinə nəzarət agentliyin səlahiyyətinə ağır yük idi. Agentlik mülkü təşkilatdır, bizim cəmiyyətimiz isə öyrənib ki, onlara göstərişi ancaq polis versin. O baxımdan agentliyin həmin istiqamətdəki fəaliyyəti effekt vermədi. Düzdür, hələ də BNA bu yöndə iş aparır, yəni səlahiyyətini davam etdirir. Bu səbəbdən həm yol polisi, həm də agentlik cərimə yazır. Amma yəqin ki, tədricən onların bu sahədəki fəaliyyəti ya məhdudlaşdırılacaq, ya da əlavə göstərişlə bütün parklanma və dayanma-durma məsələləri yol polisinə veriləcək. Əslində məntiqlə bu, yol polisinin işinə aid məsələdir. Zamanında bu məsələlər yalnız yol polisinin səlahiyyətində idi. Düzdür, o dövrdə müəyyən mənfi və müsbət cəhətlər də var idi. Amma yol polisi bu işə nəzarət edəndə çox nadir hallarda axşam 8-9-dan sonra kiməsə cərimə yazılardı. Çünki yol polisi də bu cəmiyyətin adamıdır və başa düşür ki, insanların haradasa maşını saxlamaq məcburiyyətində qalırlar. Bu gün parklanma yerlərinin artırılması da mümkün deyil. Hara baxırsan tikinti işləri aparılır. Amma Bakı Nəqliyyat Agentliyinin dövründə insanlar mənə, eləcə də, sosial şəbəkələrdə şikayət edirdilər ki, gecə 12-dən, 1-dən sonra onlara cərimə yazırlar. Belə şikayətləri görəndə başa düşülür ki, məqsəd sırf hərəkətin təşkili, təhlükəsizliyi, yolda tıxacın qarşısının alınması deyil. Bu, mənim işim cərimə yazmaqdır yanaşmasını ortaya qoyur. Bundan sonra isə qanunda dəyişiklik ediləcək. Demirəm, sürücülər üçün hər şey mükəmməl olacaq. Amma müəyyən güzəştlərin olacağı ehtimal edilir”.
Ekspert onu da bildirib ki, BNA fəaliyyəti dövründə sürücülərə yazılan cərimələrə görə dəfələrlə qınaq obyekti olub: “Parklanma, avtomobillərin dayanma-durması məsələsi yol polisinin nəzarətində olan zamanlarda qüsurlar vardı. O vaxtlar 30 saniyə ərzində avtomobili evakuatorla cərimə meydançasına aparırdılar. Maşından düşüb çörək almaq üçün mağazaya girirdik, çıxanda avtomobilin yerində olmadığı görürdük. Yəni 2013-2014-cü illərdə mənim də başıma gəlib. Amma yol polisi 10 nəfərin qayda pozduğunu görürdüsə, onlardan 1-ni evakuasiya edirdi, 2-nə cərimə yazırdı, 7 sürücüyə isə ərazini tərk etmələrini tapşırırdı. BNA isə 10 maşının hamısına cərimə yazırdı. Heç kim dəli deyil ki, bazar günü məktəbin qarşısında maşın saxlasın. Deməli, buna məcburdur. Orada parklanma üçün yer yoxdur. Sən də kameranı qoyursan ora və ucdantutma hər kəsi cərimələyirsən. Bu da sosial narazılıqlara gətirib çıxarırdı. İndi həssas dövrdür. Pandemiyanın, müharibənin təsirindən insanlar çox əsəbi, gərgindirlər. Bu baxımdan BNA-nın belə addımları yanlış idi”.
Elməddin Muradlı bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin yaxşı işlərinin olduğunu da vurğulayıb: “İşıqforlar, yol ayrıclarındankı sarı torların tətbiqi, piyada səkilərinin təmizlənməsi, illərdir problemə çevrilən əlillərin və uşaq arabalarının rahat hərəkəti üçün pandusların qoyulması BNA-nın xidmətləridir. Son 5 ildə qurum bu məsələləri həll etdi. Agentlik həmçinin 20 qəpiyə görə bir-biri ilə yarışan avtobusların qarşısını aldı. Kart sisteminə keçidi, yeni avtobusların gətirilməsini təmin etdi. Amma bunu parklanmaya aid etmək olmaz”.














