Banner

Paşinyandan istefa BƏYANATI

Xəbərlər 19 Noyabr 2026 13:18
Paşinyandan istefa BƏYANATI
WhatsApp kanalımıza abunə olun

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 19-da vacib bəyanat verib.
 
 Avtosfer.az medianews.az-a istinadən xəbər verir ki, hökumətin iclasındakı çıxışında müxalifətə səslənən baş nazir deyib: “Xalq referendumda yeni konstitusiya layihəsini dəstəkləməsə, istefaya gedəcəyəm. Yox, layihənin lehinə çıxsa, növbəti parlament seçkisində baş nazirliyə namizəd olmayacağam”.
 1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-də inqilab dalğasında oturub. Həmin il dekabrın 9-da keçirilmiş parlament seçkisini onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də və 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərini lideri olduğu Vətəndaş Sazişi Partiyası udub.
 
105 nəfərlik indiki parlamentdə Vətəndaş Sazişi Partiyasının 64, müxalif qüvvələrin 41 (Güclü Ermənistan blokunun 29, Ermənistan blokunun 12) mandatı var. Yeni konstitusiya layihəsinin parlamentdə qəbul olunub referenduma çıxarılması üçün 70 səs gərəkdir.
 
Ermənistanın hakimiyyəti yeni konstitusiya layihəsini bu ay açıqlamağı nəzərdə tutur.
 
Azərbaycanla sülh sazişini Ermənistan Konstitusiyasının giriş (preambula) hissəsinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması mümkünsüz edir.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq təcavüzə çevrilib.

1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və “Dağlıq Qarabağ Milli Şurası” adlı qondarma qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.

1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.

5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul edilib. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.

Son açıqlamalara görə, yeni konstitusiya layihəsində müstəqillik bəyannaməsinə istinad olmayacaq.

1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi Ermənistanın əlinə keçib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

2025-ci il avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh