Banner

Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA

Xəbərlər 5 Noyabr 2026 15:00
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Sürücülük vəsiqəsinin əldə edilməsi şəxsin avtomobili real yol şəraitində təhlükəsiz idarə etmək bacarığına malik olması demək deyil. Bəzi sürücülər vəsiqə aldıqdan sonra sıxlıq, tıxac və gözlənilməz yol vəziyyətlərində çətinlik çəkir, bu isə qəza riskini artırır.

Avtosfer.az xəbər verir ki, sürücülük təlimlərinin keyfiyyəti və imtahan sisteminin təkmilləşdirilməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bəs sürücülük kursları və imtahan sistemi sürücüləri real yol şəraitinə hazırlamaq üçün necə təkmilləşdirilməlidir?

Mövzu ilə bağlı qəza əleyhinə kursların baş məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücülük vəsiqəsi alan şəxslərin real yol şəraitində çətinlik çəkməsinin əsas səbəblərindən biri praktiki təcrübənin az olmasıdır:


"Bu, onların avtomobili idarəetmə bacarığına birbaşa təsir göstərir. İmtahan sistemində də müəyyən dəyişikliklərə ehtiyac var. Nəzəri imtahan kifayət qədər keyfiyyətli olsa da, praktiki imtahanın mövcud vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Çünki hazırda praktiki imtahan əsasən meydançada keçirilir və sürücünün real yol şəraitindəki bacarıqları yoxlanılmır. Nəticədə, yeni sürücülər yollara çıxdıqda ciddi çətinliklərlə üzləşirlər. Bu baxımdan, Avropa ölkələrinin təcrübəsinin tətbiqi məqsədəuyğun olardı. Sürücülüyə namizədlər əvvəlcə meydançada, daha sonra isə real yol şəraitində imtahan verməli, idarəetmə bacarıqlarını hər iki mərhələdə nümayiş etdirməlidirlər. Belə bir sistemin tətbiqi sürücülük təlimlərinin keyfiyyətinə də müsbət təsir göstərə bilər. Digər əsas problemlərdən biri isə sürücülük kurslarında qəza təhlükəsi zamanı düzgün davranış qaydalarının kifayət qədər öyrədilməməsidir. Təlimlərdə əsasən avtomobil idarə etmək və yol hərəkəti qaydalarına əməl etmək öyrədilir. Lakin qəfil yola piyada çıxması, digər avtomobilin sürücünü sıxışdırması və ya təhlükəli vəziyyət yaranması zamanı qəzadan yayınma üsullarına lazımi diqqət yetirilmir. Buna görə də qəza əleyhinə kursların genişləndirilməsinə və bu istiqamətdə təlimlərin təşkilinə ciddi ehtiyac var".
Fatimə

Oxunub : 284
ŞƏRH YAZ
Ad

E-mail

Şərh