«Nişan üstündür, yoxsa nişanlanma xətti» tapmacasına CAVAB
Son günlər mətbuatda və sosial şəbəkələrdə ölkənin müxtəlif yollarında konkret yerdə yol nişanları və nişanlanma xətləri (asfalta çəkilən müxtəlif işarələr) arasında ziddiyyət olduğunu göstərən şəkillər və yazılara rast gəlinir. Belə məlumatlar geniş müzakirələrə səbəb olur. Müzakirələri izlədikdə məlum olur ki, bu məsələ ilə bağlı həm sürücülərimizin, həm də yol hərəkətinin təşkili ilə məşğul olan bəzi şəxslərin məlumatı yetərincə deyil. Bu səbəbdən həmin problemə bir qədər əhatəli toxunmaq istərdim. Bəri başdan vurğulamaq istəyirəm ki, həmin vəziyyət, yəni konkret yerdə daimi yol nişanları və nişanlanma xətləri arasında ziddiyyət, hətta adi uyğunsuzluq olması yolverilməzdir və təhlükəlidir, çünki hərəkət iştirakçılarının çaşdırılmasına və qəzalara səbəb ola bilər. Belə hal yol hərəkətinin təşkilində, xüsusən nişan və nişanlanma xətlərinin tətbiqində ciddi qüsurdur, ona görə də təcili aradan qaldırılmalıdır. Ümumiyyətlə, «Yol hərəkəti haqqında» Konvensiya, «Yol nişanları və siqnalları haqqında» Konvensiya, ölkəmizin yol hərəkətinə dair qanunvericiliyi bu məsələdə konkret mövqeyə malikdir. Yol hərəkətinin nizamlanmasında dörd vasitədən (üsuldan) istifadə olunur: 1) hərəkətin nizamlayıcı (yəni polis əməkdaşı) tərəfindən nizamlanması; 2) müxtəlif növlü və təyinatlı svetoforlar; 3) yol nişanları; 4) nişanlanma xətləri. Bu tənzimləmə vasitələrinin hər birindən istifadə olunmasının qaydası, onların tətbiqi və onların tələblərinə riayət edilməsi qaydası qanunvericilikdə kifayət qədər aydın verilib. Bu nizamlama vasitələrindən (üsullarından) birincisi olan yol hərəkətinin nizamlayıcı, yəni polis əməkdaşı tərəfindən tənzimləməsi operativ xarakter daşıyır. Yəni belə tənzimləməyə ayrı-ayrı konkret hallarda polisin təcili müdaxiləsinə ehtiyac olduqda əl atılır (məsələn, tıxac yarandıqda, qəza baş verdikdə, hər hansı yol bağlandıqda və s.). Ona görə də qanunvericilik belə operativliyi nəzərə alaraq müəyyən edir ki, nizamlayıcının göstərişləri yerdə qalan digər üç qrup tənzimləmə vasitələrinin göstərişinə zidd olsa da, nizamlayıcının göstərişlərinə əməl olunmalıdır. Yəni məsələn, hərəkəti tənzimləyən DYP əməkdaşı svetoforun qırmızı işığı yanarkən hərəkətə icazə verirsə, giriş qadağan olunan yol sahəsinə daxil olmağı tələb edirsə, qoşa xətti kəsərək geriyə və ya sola dönməyi tələb edirsə, nişanın müəyyən etdiyi məcburi hərəkət istiqamətindən fərqli istiqamətdə hərəkətə icazə verirsə və s. bu kimi hallarda tərəddüd etmədən həmin DYP əməkdaşının göstərişinə əməl etmək lazımdır.
Digər üç qrup tənzimləmə vasitələri daimi tətbiq edildikdə onlar arasında ziddiyyət və uyğunsuzluq olmamalıdır. Bunu “Yol hərəkəti haqqında” Qanun komkret olaraq qadağan edir. Qanunun 61-ci maddəsinin VI-I hissəsində deyilir: Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla, yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Oxşar məzmunlu tələb Qanunun 69-cu maddəsində də var.
Yuxarıda istinad etdiyim beynəlxalq və milli qanunvericilik bu tənzimləmə vasitələri arasında yalnız bir halda ziddiyyətin ola bilməsini mümkün sayır: MÜVƏQQƏTI TƏTBIQ OLUNMUŞ nişanlar və nişanlanma xətləri ilə daimi tətbiq olunmuş nişanlar və nişanlanma xətləri, habelə svetoforlar arasında ziddiyyət. Başqa sözlə, bu üç qrup nizamlama vasitələri arasında yalnız o halda ziddiyyət ola bilər ki, konkret səbəbdən həmin yerdə müvəqqəti hərəkət sxeminə zərurət yaransın. Bu zərurətdən çıxış edərək həmin yerdə müvəqqəti nişan, yaxud da nişanlanma xətti tətbiq edilməklə həmin müvəqqəti hərəkət sxemi təmin edilsin.
Beləliklə, yollarda tətbiq olunan svetoforların, daimi yol nişanlarının və daimi nişanlanma xətlərinin tələbləri arasında heç bir halda ziddiyyət və uyğunsuzluq ola bilməz. Əgər belə ziddiyyət və uyğunsuzluq varsa, bu vəziyyət dərhal aradan qaldırılmalıdır və həmin yol sahəsində optimal, rahat və təhlükəsiz hərəkət sxeminə uyğun olaraq svetofor, yol nişanları və nişanlanma xətləri bir-birinə uyğunlaşdırılmalıdır.
Sosial şəbəkələrdə gedən müzakirələrdə bəzi insanlar daimi nişanlar və nişanlanma xətləri arasında, habelə belə nişan və xətlərlə svetofor arasında ziddiyyət olduqda məsələnin həllinin guya ki, yol hərəkəti qaydalarında olan hansısa variantını göstərirlər. Xüsusi vurğulamaq istəyirəm ki, yol hərəkətinə dair nə beynəlxalq, nə də milli qanunvericilikdə belə bir şey yoxdur. Əslində bunun olmaması da təbiidir. Çünki qanunvericilik həmin ziddiyyətli vəziyyətin olmamasını, mümkünsüzlüyünü təsbit edir. Mövcud olmayan, olmasına yol verilməyən vəziyyətin tənzimlənməsi isə şübhəsiz ki, nəzərdə tutula bilməz.
Təcrübədə daha çox məcburi hərəkət istiqaməti nişanları (4.1.1-4.1.6 nişanları) ilə 1.18 nişanlanması (yolayrıcında konkret zolaqdan yol verilən hərəkət istiqamətini bildirən və asfalt üzərində çəkilən oxlar) arasında, bəzən də svetoforun oxlar şəklində olan yaşıl işıq bölməsi ilə həmin 4.1.1-4.1.6 nişanları və ya 1.18 nişanlanma xətti arasında ziddiyyət olduğuna rast gəlinir. Bir daha vurğulamaq istəyirəm ki, belə ziddiyyət yol hərəkəti qaydalarının kobud pozulmasıdır. Belə kobud pozuntunun mövcud olduğu vəziyyətdən çıxış yolu isə bircə dənədir: həmin vəziyyətin təcili aradan qaldırılması, svetoforun, yol nişanlarının və nişanlanma xətlərinin bir-birinə uyğunlaşdırılması.
Yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyyətlə bağlı bir məqamı da qeyd etmək istəyirəm. «Yol hərəkəti haqqında» Qanunun 69-cu maddəsinin 4-cü hissəsində deyilir ki, yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya TƏLƏBLƏRINI DƏQIQLƏŞDIRDIYI VƏ YAXUD TAMAMLADIĞI YOL NIŞANLARI ILƏ BIRGƏ istifadə edilir. Qanunun bu konkret müddəasından görünür ki, nişanlanma xətləri nişanlarla bərabər, onlarla birlikdə tətbiq edilmişdirsə, deməli, nişanların mənasını tamamlamağa və dəqiqləşdirməyə xidmət etməlidir. Həmin nişanlanmaların fərqli mənası və ya tələbi ola bilməz. Bunun mövcudluğu Qanunun tələbinin kobud pozulması olardı.
Yuxarıda qeyd etdim ki, yalnız müvəqqəti nişan və nişanlanma xətləri ilə daimi nişanlar və nişanlanma xətləri, habelə svetoforlar arasında ziddiyyət ola bilər. Belə hallarda sürücülər müvəqqəti nişan və nişanlanma xətlərinin tələblərini üstün tutmalıdırlar. Ümumiyyətlə isə bu məsələyə də çox diqqətlə yanaşılmalıdır. Nəzərə çatdırıram ki, bu müddəa 1968-ci il Konvensiyasında və həmin dövrlərə aid qanunvericilik aktlarında təsbit edilmişdir. Dünyanın qabaqcıl dövlətləri bu müddəanı da müasir texnologiyaları nəzərə alaraq tətbiq edirlər. Təsəvvür edin ki, sürücü yolayrıcını 3-4 saniyə müddətində keçir. Həmin yolayrıcında göstərişləri bir-birinə zidd olan müvəqqəti və daimi nişan var. Sürücü həmin 3-4 saniyə ərzində bu nişanlardan hansının müvəqqəti olduğunu dərk etməli (fərqləndirməli), daha sonra yol hərəkəti qaydalarının müvəqqəti və daimi nişanlar arasındakı ziddiyyətli hala dair müddəasını xatırlamalı, həmin müddəanı rəhbər tutaraq yolayrıcında hərəkət etməlidir. Sürücülərin xeylisinin beyni bu mürəkkəb prosesi 3-4 saniyə ərzində başa çatdıra bilmir, nəticədə səhvə yol verir və qəza törədir. Bu səbəbdən qabaqcıl ölkələrdə müvəqqəti nişan və nişanlanma xətlərinin daimi nişan və xətlərlə, habelə svetoforlarla birlikdə tətbiqinə çox qısa zaman müddətində yol verilir (məsələn, baş vermiş qəzanı araşdırmaq və ya yoldakı maneəni aradan qaldırmaq üçün lazım olan bir neçə saat müddətində). Əgər müvəqqəti hərəkət sxeminə bir neçə saatdan artıq müddətdə (məsələn, bir neçə gün) zərurət varsa, onda daimi nişanlar və xətlər, habelə svetofor xüsusi üsulla görünməz edilir (bunun ən sadə variantı svetoforun və ya nişanın üstünə torba şəklində örtüyün keçirilməsidir, yaxud müasir yol nişanlarını dirəkdən açmaq üçün 10-15 dəqiqə vaxt lazımdır). Bu üsulla sürücülərin müvəqqəti və daimi nişan arasında seçim etmək probleminə son qoyulur.
Sonda bildirmək istəyirəm ki, yol hərəkəti qaydaları tapmaca deyildir. Bu qaydalar təhlükəsizlik qaydalarıdır. Onlar 100 ildən artıq müddət ərzində dünyanın ən yaxşı mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və təkmilləşdirilmişdir. Qaydaların ən mühüm özəlliklərindən biri onların asan dərk oluna bilməsi, mümkün mübahisəli və münaqişəli vəziyyətləri istisna etməsi, birmənalı olmasıdır. Ona görə də “yolun eyni yerində qoyulan nişan, yoxsa elə həmin yerdə asfalta çəkilən nişanlanma xətti üstündür” kimi tapmacalar yol hərəkətinin bütün prinsiplərinə ziddir. Belə hallar olmamalıdır. Hər hansı səbəbdən belə halın olduğuna rast gəlindikdə dərhal səlahiyyətli orqanlara bu barədə məlumat verilməlidir. Həmin orqanlar bunu təcili aradan qaldırmalıdırlar. Belə halın mövcud olduğu şəraitdə bir-birinə zidd nişanın və ya nişanlanmanın tələbini pozan sürücü məsuliyyətə cəlb oluna bilməz, qəzalar baş verdikdə isə həmin ziddiyyətli halı aradan qaldırmağa məsul olan şəxslər də məsuliyyətə cəlb edilməlidir.
Ərşad Hüseynov,
hüquqşünas