Qidaların keyfiyyət göstəriciləri niyə aşağı düşüb? - Mütəxəssis səbəbləri AÇIQLADI

Sosial 13 Mart 2026 17:48
Qidaların keyfiyyət göstəriciləri niyə aşağı düşüb? - Mütəxəssis səbəbləri AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər qida və müxtəlif istehlak məhsullarının keyfiyyəti ilə bağlı müzakirələr getdikcə daha da aktuallaşıb. Bir çox insanlar hesab edir ki, keçmişdə istehsal olunan qidalar daha təbii, daha vitaminli və insan sağlamlığı üçün daha faydalı idi. Müasir dövrdə isə sənayeləşmə, kütləvi istehsal və texnologiyaların geniş tətbiqi nəticəsində məhsulların keyfiyyətinin dəyişdiyi, hətta bəzi hallarda azaldığı barədə fikirlər səsləndirilir. Bu səbəbdən “indiki qidalar əvvəlkilər kimi faydalıdırmı?” sualı cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən birinə çevrilib. 

Bununla bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, məhsulların keyfiyyəti əvvəlki keyfiyyətdə deyil:

“Məhsullar artıq o keyfiyyəti, o dadı bizə verə bilmir. Məhsulların keyfiyyətində fərq var. Digər məsələ vitamin məsələsidir. Əvvəllər qidalar daha vitaminli, daha xeyirli idi. Çünki əvvəllər insanların sağlamlığı məsələsinə daha çox önəm verilirdi. İnsanların pul qazanmaq məsələsi ikinci planda idi. Amma indi isə vəziyyət dəyişib. Kommersiya ilə məşğul olanların, təsərrüfatla məşğul olanların birinci məqsədi pul qazanmaqdır. Yəni birinci növbədə insanların sağlamlığı onları maraqlandırmır. Onları maraqlandıran əsas məsələ qazanc əldə etməkdir. Bu da, dediyimiz kimi, istehsalla məşğul olan işbazların öz qazancını daha çox artırmaq istəyindən irəli gəlir. Digər məsələ isə budur ki, burada səbəblər müxtəlifdir. Əvvəllər kənd təsərrüfatında işlər daha çox təbii şəkildə aparılırdı. İstər heyvan yetişdirilməsində, istərsə də bitkiçilikdə, əkinçilikdə bunların hamısı daha çox təbii üsullarla həyata keçirilirdi. Həmçinin məhsullar torpaqda normal müddətdə yetişdirilir, daha sonra bazara çıxarılırdı. Əvvəllər məhsulların tez böyüməsi məsələsinə bu qədər önəm verilmirdi, gübrələrdən bu qədər istifadə olunmurdu. Əsas məsələ məhsulun dadı idi. Amma indi vəziyyət dəyişib. Dad artıq ikinci plana keçib. Əsas məsələ məhsulun görüntüsü, xarici görnüşü və tez yetişdirilərək bazara çıxarılmasıdır ki, daha tez qazanc əldə olunsun. Kimyəvi maddələr əvvəllər bu qədər istifadə olunmurdu. Kimyəvi gübrələrdən və pestisidlərdən istifadə daha az idi. Yəni istifadə olunsa belə, indiki qədər və bu dərəcədə deyildi. Həmçinin emal olunmuş məhsullar və qidalar bu qədər çox deyildi. Sosis və kolbasaların istehsalı bu qədər geniş yayılmamışdı, yarımfabrikat məhsullar bu qədər çox deyildi. Nəticə etibarilə qidalar indikilər qədər faydasız hesab olunmurdu. Amma məsələ kommersiya yönümlü olduqda, daha çox satmaq və daha çox qazanc əldə etmək məqsədi ön plana keçdikdə, artıq insan sağlamlığı və dad məsələsi üçüncü plana, hətta arxa plana keçir. Ön planda isə yalnız qazanc əldə etmək dayanır”.

Mütəxəssis deyib ki, artıq dad və keyfiyyət məsələsi arxa plana keçir:
“Artıq heyvanların böyüdülməsində də süni qidalardan istifadə olunur. Yəni süni və xüsusi kökəldici yemlərdən istifadə olunur. Bu gün heyvanlar artıq təbii otlarla qidalanmaqdan uzaqlaşdırılır. Səbəb isə çox sadədir. Təbii otla qidalanan heyvanın ətinin rəngi yemlə qidalanan heyvanın ətinin rəngi qədər parlaq olmur. Amma dad və keyfiyyət baxımından müqayisə etdikdə təbii ki, otla qidalanan heyvanın əti daha dadlı və daha keyfiyyətli olur. Yemlə qidalanan heyvanın ətində isə əvvəlki dad olmur. Bu yemlər yalnız kökəldici məqsəd daşıyır. Heyvan kökəlir, ətinin rəngi daha parlaq və daha görüntülü olur. Beləliklə dad kənarda qalır, görüntü isə daha önəmli hesab olunur. Eyni vəziyyət tərəvəzlərdə də müşahidə olunur. Bu gün bağlarda və bostanlarda təbii şəkildə yetişən tərəvəzləri satışa çıxarsaq, çox vaxt insanlar onları almaq istəmirlər. Çünki bu məhsulların forması və görünüşü bir-birindən fərqli olur. Bəzən bir tərəfi azacıq əzilmiş, bir tərəfi isə torpaqda qaldığı üçün rəngi bir qədər qaralmış ola bilər. Amma xüsusi istixanalarda yetişdirilən meyvə və tərəvəzlər isə demək olar ki, hamısı eyni ölçüdə və eyni formada olur. Hətta rəngləri belə bəzən süni şəkildə dəyişdirilir. Məsələn, pomidordan danışırıqsa, onun rəngi süni şəkildə qızardılır. Alma və digər meyvələrdə də bəzən rəng tarlada deyil, anbarlarda və ya xüsusi saxlanma yerlərində verilir. Həmçinin bu gün şorun, qatığın, südün və yağın keyfiyyətinə baxsaq görərik ki, bunlar da əvvəlki kimi deyil. Çünki bu gün mağazalarda satılan şorların əksəriyyətində tam təbii süddən istifadə olunduğunu demək çətindir”.
Nurcan Babək

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh