Yağışlar bir-iki həftə davam etsə, daha ağır fəsadlar baş verə bilər - EKSPERT

İntensiv yağan yağışlar səbəbindən paytaxtda və bölgələrdə çox sayda evi su basıb. Belə yerlərdən biri də Keşlə qəsəbəsidir. Bu qəsəbədə suyun dərinliyi 1 metri keçirdi. Daha sonra məlum olub ki, subasmaya səbəb kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub və həmin ev sökülüb. Məlumatlara görə, paytaxtın bir çox ərazilərində kollektorlar, su xətləri üzərində tikilən evlər çoxdur.
Bəs bu məsələnin həlli nədədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı redaktor.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, problem o qədər dərindir və genişdir ki, saatlarla danışmaq kifayət etmir:

"Problem təkcə bir evin sökülməsi ilə həll olunsaydı, bu, yaxşı olardı. Amma təəssüf ki, belə deyil. Problem hər gün daha da dərinləşir və böyük ehtimalla bu proses davam edəcək. Ötən illər ərzində bu qədər yağıntı düşmədiyi üçün problemlər bu qədər qabarıq görünmürdü. Yağıntı normadan artıq olan kimi müvafiq qurumlar bunu “fövqəladə vəziyyət” adlandırmağa başladı. Halbuki fövqəladə vəziyyət bu cür olmur. Fövqəladə vəziyyət sırf təbiət hadisəsi olur və təbii proseslər nəticəsində yaranır. Məsələn, Bakını sel suları aparsaydı, bu başqa məsələ olardı. Amma Bakıda müəyyən icra və dövlət qurumlarının yararsız fəaliyyəti nəticəsində texniki, mühəndis və şəhərsalma sahələrindəki çox zəif fəaliyyət səbəbindən belə nəticələr ortaya çıxır. Mühafizə zolaqları yalnız kollektor xətləri ilə məhdudlaşmır. Kollektor bu sahədə müzakirə olunmalı məsələlərdən sadəcə biridir. Burada kanalizasiya xətləri, drenaj sistemləri, yolların yağışötürücü qurğuları mövcuddur. Yağış sularının ötürülməsi üçün bu qurğular yollar çəkilərkən tikilməli, istismar dövründə isə onlara düzgün qulluq olunmalı idi. Bundan əlavə, şəhərdaxili asfalt örtüklərində standartlara əməl olunmaması problemi də var. Problemlər o qədər çoxdur ki, sadalamaqla bitmir".
Müsahibimiz vurğuladı ki, bu istiqamətdə ciddi və təxirəsalınmaz tədbirlər görülməlidir:
"Bu tədbirlər görülməzsə, yağışlar daha bir-iki həftə davam etsə, daha ağır fəsadlar baş verə bilər. Diqqətçəkən məqam odur ki, problemlər daha çox yeni infrastruktur qurulan ərazilərdə müşahidə olunur, nəinki köhnə infrastruktura malik ərazilərdə. Sovet dövründə qurulmuş infrastrukturun olduğu ərazilərdə belə problemlər demək olar ki, görünmür. Şəhər daxilində köhnə yaşayış massivlərində bu cür hallara rast gəlinmir. Lakin yeni salınan ərazilərdə, məsələn "Ağ Şəhər" kimi böyük komplekslərdə və yeni qəsəbələrdə bu problemlər açıq şəkildə üzə çıxır. Bu isə onu göstərir ki, həmin ərazilərdə mühəndis-kommunikasiya işləri ya standartlara uyğun aparılmayıb, ya da bu işlərdə ciddi korrupsiya halları mövcuddur. Məsələn, istifadə olunmalı olan 1000-lik və ya 1200-lük ötürücü xətlərin əvəzinə 400-lük və ya 600-lük xətlərdən istifadə olunub. Üstəlik, bu xətlərin böyük hissəsi əvvəl istifadə edilmiş və ya yararsız vəziyyətdə olub. Bütün bu məsələlər ciddi şəkildə araşdırılmalı və geniş təhlil olunmalıdır. Hesab edirəm ki, bu, artıq mühüm araşdırma mövzusudur".
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










