Yaşı 16-ya qədər olan şəxslərin sosial şəbəkələrə girişi necə tənzimlənəcək? - AÇIQLAMA

Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydaların tətbiqi gündəmə gəlib. Avtosfer.az xəbər verir ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Yeni sənəd sosial şəbəkə qlobal nəhənglərinin (Meta, TikTok, Google və s.) Azərbaycandakı fəaliyyətini leqallaşdırmaqla yanaşı, istifadəçilər üçün ciddi yaş senzinin tətbiqini nəzərdə tutur.
Qanun layihəsinin ən çox müzakirə edilən bəndi yeniyetmələrin sosial platformalardakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.
Qeydiyyat qadağası: Azərbaycanda 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkələrdə fərdi rəqəmsal hesab (profil) yaratmasına rəsmi olaraq yol verilməyəcək.
Mütəmadi təhlil və davranış monitorinqi: Provayderlər (sosial şəbəkə platformaları) istifadəçilərin profildəki davranışlarını, yazışma və maraq dairələrini mütəmadi olaraq alqoritmlər vasitəsilə təhlil etməyə borclu olacaqlar.

Təkrar yaş yoxlanılması (Age Verification): Əgər istifadəçinin sistemə daxil etdiyi rəsmi yaşı ilə real davranışı arasında ziddiyyət yaranarsa (əsaslı şübhələr doğurarsa), platforma həmin şəxsdən təkrar yaş təsdiqi tələb etməlidir.
Dərhal bloklanma: Yaş tələbinin pozulması (yəni istifadəçinin əslində 16 yaşdan kiçik olması) aşkar edildiyi an, həmin hesaba giriş dərhal məhdudlaşdırılacaq.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, bu gün informasiya texnologiyaları sahəsi ilə bağlı yeni qanun layihəsi təqdim olunub.

“Müəyyən keçid dövründən sonra 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə qeydiyyatı və istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Hesab edirəm ki, bu, olduqca vacib qanun layihələrindən biridir. Belə təcrübə bir çox inkişaf etmiş ölkələrdə də mövcuddur. Bir sıra ölkələrdə azyaşlıların sosial platformalardan istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edilib. Çünki sosial şəbəkələrdən nəzarətsiz istifadə bir çox hallarda zərərli vərdişlərin formalaşmasına, həmçinin uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə mənfi təsir göstərə bilir".
Deputat qeyd edib ki, ilkin mərhələdə qeydiyyat zamanı şəxsiyyət vəsiqəsindən istifadə olunması variantı müzakirə edilsə də, sonradan bunun müəyyən risklər yarada biləcəyi qənaətinə gəlinib.
“Şəxsiyyət vəsiqəsi məlumatlarından sui-istifadə halları baş verə biləcəyi üçün bu variant məqsədəuyğun hesab edilməyib. Hazırda müzakirə olunan yanaşmaya görə, 16 yaşına qədər olan şəxslərin sosial şəbəkələrdə qeydiyyatı valideynin bank kartı vasitəsilə təsdiqlənə bilər. Bu zaman kartdan simvolik məbləğin çıxılması nəzərdə tutulur. Belə mexanizm həm təhlükəsizlik baxımından daha etibarlı hesab olunur, həm də valideynlərin övladlarının sosial şəbəkələrdən istifadəsinə nəzarət imkanlarını artırır. Nəticə etibarilə, bu yanaşma həm qanunvericilik baxımından daha düzgün görünür, həm də azyaşlıların internet mühitində təhlükəsizliyinin təmin olunmasına və valideyn məsuliyyətinin gücləndirilməsinə xidmət edir”.
Hüquqşünas Ramil Süleymanovun müsahibəsində deyib ki, bəzi ölkələrdə sosial şəbəkələrin həmin dövlətlərin ərazisində fəaliyyətini tənzimləyən qanunvericilik aktları qəbul olunub. Həmin dövlətlərdə azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yaş məhdudiyyətləri tətbiq edilir və bu, tamamilə hüquqi əsaslara söykənir:

"Sosial şəbəkə istifadəçilərinin, eləcə də vətəndaşların hüquqlarının qorunması dövlətlərlə həmin sosial şəbəkə şirkətləri arasında bağlanan müqavilələr vasitəsilə tənzimlənir. Eyni zamanda, bir çox ölkələrdə sosial şəbəkələrdə qeydiyyat zamanı istifadəçilərdən şəxsiyyət məlumatlarının təqdim edilməsi tələb olunur. Bu mexanizm gələcəkdə istifadəçilərin bir-birinin hüquqlarına hörmətlə yanaşmasına, hüquq pozuntularının qarşısının alınmasına və məsuliyyətin artırılmasına xidmət edir. Həmçinin azyaşlıların yaşlarına uyğun olmayan, əxlaqi dəyərlərə zidd məzmunlarla qarşılaşmasının və bu cür materialların onlara reklam edilməsinin qarşısını almağa kömək edir. Dövlətlərlə əməkdaşlıq edən sosial şəbəkə şirkətləri məlumatların təhlükəsizliyinin təmin olunması ilə bağlı müəyyən öhdəliklər götürürlər. Təcrübə göstərir ki, vətəndaşların hüquqları pozulduğu hallarda həmin şirkətlərə qarşı məhkəmə iddiaları qaldırılır və məhkəmə qərarları ilə müxtəlif sanksiyalar tətbiq olunur. Bu sanksiyalar yalnız maliyyə cərimələri ilə məhdudlaşmır.
Ramil Süleymanov sonda onu da vurğulayıb ki, bir çox hallarda məhkəmələr hüquqları pozulmuş şəxslərə vurulan mənəvi zərərin də ödənilməsi barədə qərarlar da qəbul edirlər. Bu cür hüquqi mexanizmlər həmin ölkələrin vətəndaşlarının sosial şəbəkələrlə münasibətdə daha diqqətli yanaşmaya üstünlük verməsinə gətirib çıxarıb.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova
Tədris ilinin iyunun 14-dək uzadılması şagirdlərə nə qazandırır? – Ekspert RƏYİ
Deputatdan bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...
Bakıda yağış yağacaq, bir sıra rayonlara dolu düşəcək - SABAHIN HAVASI
Metro və avtobuslarda gedişhaqqı dəyişir – Yeni ödəniş sistemi belə olacaq
Milyonlarla kənd sakininə ŞAD XƏBƏR: Evlərə kütləvi “kupça” verilə bilər
Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı - VİDEO
Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər – SƏBƏB
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – Sürücülərin diqqətinə!
Bakının mərkəzində məşhur bina sökülür? - Park salına bilər
Yolları bərbad vəziyyətdə olan sakinlər - İri gölməçələr yaranıb - VİDEO










