Banner

"SpaceXAl" iləm əməkdaşlıq Azərbaycana niyə lazımdır? - EKPSERT

Texnologiya 1 Oktyabr 2026 22:12
"SpaceXAl" iləm əməkdaşlıq Azərbaycana niyə lazımdır? - EKPSERT
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın süni intellekt texnologiyalarından istifadə imkanlarını genişləndirmək məqsədilə “SpaceXAI” ilə əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın dövlət və nəqliyyat sistemlərində süni intellekt həllərinin tətbiqinə yeni imkanlar yaradacağı gözlənilir.

Avtosfer.az xəbər verir ki, süni intellektin müxtəlif sahələrdə tətbiqi ilə yanaşı, bu texnologiyaların işləməsi üçün tələb olunan texniki infrastruktur və məlumatların təhlükəsizliyi məsələləri də diqqət çəkir.

Bəs Azərbaycanda süni intellektin tətbiqində hansı sahələr prioritet olmalıdır və dövlət və nəqliyyat sistemlərində məlumatların qorunması necə təmin edilməlidir?

Mövzu ilə bağlı İT( İnformasiya Tecnologiyaları) mütəxəssisi Fərid Kazimov

Avtosfer.az-a açıqlamasında bildirib ki,  Azərbaycan davamlı olaraq öz strategiyasını bu istiqamətdə reallaşdırır və müəyyən planlar var:

''Qlobal dünya yerində qalmır, inkişaf gedir və Azərbaycan kiçik ölkədir. Onun maliyyə imkanları süni intellekti inkişaf etdirən aparıcı ölkələrlə müqayisədə çox aşağıdır. Məsələn, Amerika bir-iki il öncə süni intellektin inkişafına 500 milyard dollar vəsait ayırmışdı. Bu, həddən artıq böyük rəqəmdir. Azərbaycan kimi ölkələr belə büdcələri qarşılaya bilməz. Dünyada artıq bir neçə ölkə var ki, bu istiqamətdə davamlı şəkildə inkişaf edir. Amma bizim kimi ölkələr mövcud modelləri götürərək onları Azərbaycan reallıqlarına, ölkə və lokal reallıqlara uyğunlaşdıraraq istifadə edə bilər. Bu məsələdə “SpaceXAI” kimi subyektlərlə əməkdaşlığımız və tərəfdaşlığımız bizə süni intellektdən daha effektiv istifadə etməyə imkan yaradacaq.

Azərbaycanda süni intellektin inkişafı strategiyası qəbul olunub və 2028-ci ilə qədər müəyyən fəaliyyətlər nəzərdə tutulub. Bu fəaliyyətlər çərçivəsində müəyyən olunmuş prioritetləri və “SpaceXAI” ilə əməkdaşlığı nəzərə alaraq, mənim zənnimcə, biz bütün sahələri əhatə etmək niyyətində olmamalıyıq. Əsasən prioritet olan bəzi sahələri götürməliyik. Həmçinin həmin sahələr üzrə artıq məlumatlarımız, datamız var və bu datanı təhlil etmək, qərar verməkdə köməkçi funksiya kimi süni intellektdən istifadə etmək məsələsi gündəmdə olmalıdır. Dövlət xidmətləri və dövlət idarəçiliyində də süni intellekt tətbiq olunmalıdır. Bu, dövlət idarəçiliyində daha effektiv qərarların qəbul edilməsinə imkan verə bilər. Sahələrə gəldikdə isə, ilk növbədə nəqliyyat və “Smart City” istiqamətini qeyd etmək olar. Süni intellekt nəqliyyatın idarə olunmasında sərnişin axınının müəyyənləşdirilməsi və proqnozlaşdırılması, nəqliyyat axınlarının təhlili kimi məsələlərdə istifadə oluna bilər''.

Mütəxəssis qeyd edib ki, burada “Digital Twins”, yəni rəqəmsal əkizlər də önəmli istiqamətlərdən biridir:

''Bu texnologiyalardan istifadə etməklə nəqliyyatın idarə olunması, şəhər daxilində smart svetoforların idarə edilməsi və digər istiqamətlərdə işlər aparıla bilər. Bu, nəqliyyatın idarə olunması ilə yanaşı, “Smart City” modelinin tətbiqinin komponentlərindən biri kimi də qiymətləndirilə bilər. Azərbaycanda artıq bu istiqamətdə müəyyən işlər gedir, nəqliyyatın idarə olunması və sərnişin axını ilə bağlı araşdırmalar aparılır. Bundan başqa, səhiyyə və təhsil sahəsində də süni intellekt tətbiq olunur və oluna bilər. Qlobal trendlər də bunu göstərir. Logistika sahəsində, xüsusilə yük axınlarının idarə olunmasında da süni intellektdən istifadə imkanları var. Ümumilikdə, süni intellekt müxtəlif istiqamətlərin daha effektiv idarə olunmasına imkan verə bilər. Məlumatların təhlükəsizliyi məsələsində isə bir məqamı başa düşməliyik. Süni intellektdən istifadə etdikdə kibertəhlükəsizliklə bağlı yeni problemlər də yarana bilər. Süni intellekt müəyyən müdaxilələr edə, təhlükəsizlik sistemlərində problemlər yarada, məlumatları başqa yerə ötürə bilər. Bunun qarşısını almağın əsas yollarından biri süni intellektə düzgün əmrlərin verilməsi və onun fəaliyyətinin müəyyən çərçivələr daxilində məhdudlaşdırılmasıdır. Yəni onun nəyi edə biləcəyi və nəyi edə bilməyəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Süni intellektə verilən tapşırıqların düzgün çərçivələndirilməsi çox vacibdir. Çünki müxtəlif hallarda süni intellekt qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün təhlükəsizlik baxımından arzuolunmaz üsullara müraciət edə bilər. Bu baxımdan süni intellektin istifadəsi zamanı etik və hüquqi çərçivələrin müəyyənləşdirilməsi vacibdir. Digər tərəfdən, özümüzün süni intellekt modelimiz olmasa belə, xarici süni intellekt modellərindən istifadə etdikdə məlumatların götürülməsi və sızdırılması riski mövcuddur. Məlumatlar müxtəlif yollarla ələ keçirilə bilər. Həmçinin süni intellektin məlumatlar üzərində işləyərkən yanlış nəticələr verməsi də mümkündür. Qərarverici şəxslər bu məlumatları doğru hesab edə və nəticədə səhv qərarlar qəbul edə bilərlər. Bu baxımdan süni intellektin istifadəsinə çox ciddi yanaşmaq lazımdır. Azərbaycanda kibertəhlükəsizlik məsələləri prioritet istiqamətlərdən biridir. Eyni zamanda süni intellekt yalnız təhlükə yaradan vasitə deyil, kibertəhlükələrə qarşı mübarizədə də istifadə oluna bilər. Süni intellekt həm hücum vasitəsi, həm də müdafiə mexanizmi kimi istifadə edilə bilər. Yaxın illərdə bu istiqamətdə süni intellektin insanları əvəz etməsi ehtimalı da müzakirə olunur. Azərbaycanın İsrailin universitetlərindən biri ilə bağladığı saziş çərçivəsində kibertəhlükəsizlik üzrə mütəxəssis bazasının formalaşdırılması istiqamətində də işlər görülüb. Bu mütəxəssislər təlimlər keçdikdən sonra dövlət qurumlarında işə götürülür və bu sahədə kadrlara tələbat yüksəkdir.Ümumilikdə, nəqliyyat və digər sahələrdə süni intellektdən istifadə zamanı tapşırıqlar düzgün verilməli, onun fəaliyyət çərçivələri əvvəlcədən müəyyənləşdirilməlidir. Mən hesab edirəm ki, qlobal səviyyədə də süni intellektdən istifadənin müəyyən çərçivələri formalaşdırılmalıdır. Çünki bəzi hallarda qurumlar süni intellektə qərar qəbul etmək, araşdırma aparmaq və digər funksiyaları tam şəkildə həvalə edə bilərlər. Amma belə olmamalıdır. Süni intellekt yalnız köməkçi funksiyada istifadə olunmalıdır. Son qərar insan tərəfindən verilməlidir. Həmin insan da yüksək səviyyəli mütəxəssis olmalıdır ki, süni intellektin mümkün səhvlərini görə bilsin və onları nəzərə alaraq qərar qəbul etsin. Süni intellekt yalnız və yalnız köməkçi olmalıdır, onun əvəzləyici funksiyası isə minimuma endirilməlidir''.

Fatimə

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh