5G əleyhinə qlobal “xaç yürüşü”: Azərbaycan “qorxunc texnologiya”dan imtina etməlidir?
Mehdi Mustafayev: “Əgər virus şüa vasitəsilə yayılsaydı, bu halda irəli sürülən iddialarda bir əsas tapmaq olardı”.
Sayad İbrahimov: “Eyni zamanda, bu tezliyin gücü və əhatə dairəsi hər hansı virusu yayacaq qədər geniş deyil”.
Artıq bir neçə aydır, dünyanın qorxulu yuxusuna çevrilmiş COVİD-19 virusunun mənşəyi haqda irəli sürülən iddiaların biri təkzib edilmədən digəri dövriyyəyə buraxılmaqdadır.
Koronavirusun mənşəyi ilə bağlı növbəti iddia isə bu infeksiyanın 5G rabitə şəbəkəsi vasitəsilə yayıldığını ehtiva edir. Bu informasiyanın təsiri o dərəcədə güclü olub ki, Böyük Britaniyada insanlar ölkədə quraşdırılmış 5G rabitə şəbəkəsinin 7 qülləsini yandırıblar.
Xatırladaq ki, ötən il ölkəmizdə də “Azercell” mobil operatoru 5G şəbəkəsini artıq istifadəyə verib. Belə ki, 5G şəbəkəsinin demo istifadəsi çərçivəsində “Azercell” ötən il dekabrın əvvəlində Bakının Fəvvarələr Meydanında quraşdırdığı qüllə ilə azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri hesab olunub.
“Qorxunc şəbəkə”nin amansız xəstəliklərə və vaxtsız ölümlərə yol açdığı barədə iddiaların böyüməsi fonunda “Azercell”in bu xidmətdən imtina etməsinə dair tələblər artıq səslənməkdədir.
5G şəbəkəsinin insan sağlamlığına və ətraf mühitə sarsıdıcı təsiri, o cümlədən koronavirusun mənbəyi olmasına dair dünyada geniş yayılan iddiaları Yenicag.az-a dəyərləndirən kompüter proqram təminatı üzrə mütəxəssis Mehdi Mustafayev bu yanaşmaların əsassız olduğunu deyib.
Mütəxəssis əmin edir ki, 5G şəbəkəsinin siqnal və şüalandırma dərəcəsi virus yaya biləcək səviyyədə deyil:
“5G şəbəkəsinin COVİD-19 infeksiyasının yaranması ilə heç bir əlaqəsi yoxdur. Əgər virus şüa vasitəsilə yayılsaydı, bu halda irəli sürülən iddialarda bir əsas tapmaq olardı.
Lakin bilirik ki, virus hava-damcı yolu ilə yayılır. Digər tərəfdən, texnologiyanın inkişaf etmədiyi ötən dövrlərdə də müxtəlif pandemiyaların yayıldığını unutmayaq. Yəni o vaxtlar nəinki 5G, heç başqa şəbəkələr də mövcud deyildi.
5G şəbəkəsinin insan sağlamlığı üçün təhlükəli olmaması fonunda “Azercell”in bu şəbəkədən imtina etməsinə ehtiyac yoxdur”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov isə mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında qeyd edib ki, 5G şəbəkəsi vasitəsilə təhlükəli virusların yayılmasını təsdiqləyən heç bir elmi sübut yoxdur:
“Hətta bəzi araşdırmalara nəzər saldıqda, bu iddiaların bir yalan olduğunu və ya sadəcə, zarafat üçün söyləndiyini görmək mümkündür. Buna misal olaraq, Cənubi Koreyada təqribən 180 ədəd 5G şəbəkə ötürücüsü, İtaliyada isə cəmi 10 ədəd 5G ötürücüsü quraşdırıldığı halda, COVID-19 virusuna yoluxma sayının İtaliyada Cənubi Koreyaya nisbətən 15 dəfə çox olduğunu görərik.
Əslində, 5G cihazlar arasında daha sürətli əlaqə qurulması məqsədilə yaradılan və bu rabitə üçün fərqli tezliklərdən istifadə edən bir sistemdir. 5G şəbəkəsinin ötürülməsində istifadə olunan tezlik 60 GHz-dir.
Məhz bəzi iddialara görə, COVID-19 virusunun yayılma səbəblərinə bu tezlik də daxildir. Halbuki 5G şəbəkəsinin ötürülməsi zamanı oksigen molekulu 60GHz tezlikdə fırlanma sürətini artıraraq, yaranmış enerjinin 98 faizini udur.
Yəni bu tezlikdəki siqnalların oksigen molekulları tərəfindən zəiflədildiyi məlumdur. Həmçinin bu tezliyin intensivliyi çox aşağı, əhatə dairəsi isə məhdud olduğundan, insan sağlamlığına demək olar ki, təsir etmir”.
Sayad İbrahimova görə, 5G şəbəkəsinin ötürülməsində istifadə olunan 60 GHz tezliyinin ətraf mühitə dağıdıcı təsir göstərməsi mümkün deyil:
“Eyni zamanda, bu tezliyin gücü və əhatə dairəsi hər hansı virusu yayacaq qədər geniş deyil. Bu səbəbdən, COVID-19 virusunun yaranması və yayılmasının 5G ilə əlaqələndirilməsinə dair iddialar əsassızdır.
Elmi araşdırmalara əsasən, radio və simsiz telefonlar (2G, 3G və 4G şəbəkələri) və yayım antenalarının istehsal etdikləri elektromaqnit sahəsi (EMF) radio dalğaları səbəbilə xərçəng və bir sıra digər xəstəliklərin yaranması ( hüceyrə stressi, zərərli sərbəst radikalların artması, genetik ziyan, reproduktiv sistemlərin struktur və funksional dəyişiklikləri, yaddaş çatışmazlığı, nevroloji pozğunluq ) riskinin olduğunu görmək olar.
Hazırkı vəziyyətdə 5G şəbəkəsinin ölkəmizdə istifadəsinin başqa dövlətlərə nisbətən daha az olduğunu bilirik. Ona görə də, bu şəbəkənin COVID-19 virusunun yayılması ilə hər hansı bağlılığının olmadığını nəzərə alsaq, 5G şəbəkəsindən istifadəyə məhdudiyyət qoyulmasına ehtiyac görülmür”.