Budapeşt-Bratislava-Brno-Varşava sürətli dəmir yolu xətti tikiləcək
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Vışeqrad qrupunun (Macarıstan, Çexiya, Polşa və Slovakiya) nəqliyyat nazirlərinin bu ölkələri birləşdirəcək sürətli dəmir yolu xəttinin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq barədə razılığa gəldiklərini bildirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu dəmir yolu xəttinin köməyilə saatda 250 kilometrdən çox maksimal sürətlə hərəkət etmək mümkün olacaq. XİN rəhbəri əlavə edib ki, Macarıstan hökuməti 2019-cu ilin payızında başa çatacaq tədqiqata 1,5 milyard forint ayıracaq. Peter Siyarto Krinitsada keçirilən 28-ci İqtisadi Forumda iştirak edib. O, forumun gedişində ikitərəfli danışıqlar üçün Polşanın infrastruktur və tikinti naziri Ancey Adamçik, Slovakiyanın nəqliyyat, tikinti və regional inkişaf naziri Arpad İrşek və Polşanın əmək və sosial siyasət naziri Elizabeta Rafalska ilə görüşüb. Maliyyə naziri Mixay Varqa forumda bildirib ki, Macarıstan, Polşa, Ukrayna və Slovakiya Karpat regionu strategiyasının yaradılması və işlənib hazırlanması barədə qarşılıqlı anlaşma memorandumunu imzalayıblar. İki il ərzində rəqabətqabiliyyətliliyin, ekoloji səmərəliliyin, nəqliyyat və rəqəmsal infrastrukturun, həmçinin institusional əməkdaşlığın inkişafı yolu ilə irəliləməyə imkan yaradacaq strategiyanın formalaşdırılması üzrə işlər aparılıb. Çex Respublikası, Rumıniya, Moldova və Serbiyanın təşəbbüsə daha sonra qoşulacağını qeyd edən nazir milli, Avropa, institusional və ya özəl maliyyələşmə hesabına strateji məqsədlərə çatmağa ümidvar olduğunu bildirib.