Elon Musk ilk yeraltı tuneldən yazdı
Elon Musk özünün Loop adlı ilk yeraltı tunelinin istifadəyə verilmə tarixini elan etdi. O bu barədə öz Twitter hesabında bildirib. Beləliklə Los Anceles hava limanının yaxınlığında yerləşən Xotorn şəhərindəki Loop tunelinin təqdimatı 10 Dekabr tarixində baş tutacaq. Tuneldə sərnişinlər üçün nəzərdə tutulmuş kapsullardan başqa avtomobillər üçün nəzərdə tutulmuş platformalar da test ediləcək. Musk bildirib ki, SpaceX şirkətinin baş ofisinin yerləşdiyi Xotorn şəhərinin yeraltı tuneli artıq hazırdır və 10 Dekabr tarixində hamı üçün təqdim ediləcək.
Avtosfer.az technote.az-a istinadən bildirir ki, 10 dekabr tarixində tunelin istifadəyə verilməsi münasibətilə tədbir keçiriləcək. 11 Dekabr tarixindən başlayaraq isə həmin yeraltı tuneldən hamı istifadə edə biləcək. Loop yeraltı tunelinin kapsulunun daxilinə 16 nəfər sərnişin və bir avtomobilin olduğu platforma yerləşə bilər. Test tuneli uzun deyil. Buna görə də çətin ki, onun daxilində hərəkət edəcək sərnişin kapsulu saatda 200 km-dən daha sürətli getsin. Məlumata əsasən The Boring Company 3.2 km uzunluğunda yeraltı tunel inşa edib. Tunel SpaceX şirkətinin ərazisində start götürür. Tunelin yarısında isə qaldırıcı şaxta yerləşir. Məlumata əsasən həmin şaxta avtomobillərin yerləşəcəkləri platformaların tunelə enməsi üçün nəzərdə tutulub. Çətin ki, həmin şaxtanın istifadəyə verilməsi yaxın zamanda baş tutacaq. Musk-ın planına əsasən bu cür yeraltı tunellər yerüstü tıxac problemlərini aradan qaldıracaq. İlk test tunelindən sonra The Boring Company şirkəti növbəti yeraltı tunellər layihəsini reallaşdırmağı planlaşdırır. Məsələn Çikaqo şəhəri üçün nəzərdə tutulmuş yeraltı tunel şəhərin mərkəzi ilə hava limanını birləşdirəcək. Daha bir yeraltı tunel isə Los Anceles şəhəri üçün nəzərdə tutulub.