Reklam

Gəncə Avtomobil Zavodunda iki yeni yığım xəttinin açılışı olub

Texnologiya 14 May 2019 13:34 Oxunub 2587
Gəncə Avtomobil Zavodunda iki yeni yığım xəttinin açılışı olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zavodda E-321 markalı elektrobusların və “PALESSE KZS-575” markalı taxılyığan kombaynların yığımına artıq başlanılıb

Bu gün Gəncə Avtomobil Zavodunda iki yeni yığım xəttinin açılış mərasimi keçirilib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, tədbirdə Belarusun baş nazirinin müavini  Mixail Rusıy, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri, millət vəkili Xanlar Fətiyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib. Qonaqlar taxılyığan kombaynın yığım xətti ilə tanış olduqdan sonra E-321 markalı elektrobusun təqdimatına qatılıblar və baxış keçirildikdən sonra onun akkumulyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.

Gəncə Avtomobil Zavodu və Belarusun “Belkommunaş” ATSC-i arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində E-321 markalı elektrobusların və “PALESSE KZS-575” markalı taxılyığan kombaynların yığımına artıq başlanılıb və ilk istehsal olunan texnikalar bu gün nümayiş olunub. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təchiz olunub. 60 km/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.

“PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki 114 / 155 at gücündədir. Texnikanın taxılbiçəni 4-5 metr arasındadır. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın fırlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa Gəncə Avtomobil Zavodu il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.

Bu günədək müəssisədə ümumilikdə 10 549 ədəd 11 modeldə traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9 825-i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-yə, qalan 724-ü isə fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 4 ayı ərzində Gəncə Avtomobil Zavodunda ümumilikdə 478 texnika istehsal olunub. Belə ki, müəssisədə 466 ədəd müxtəlif model traktorlar, bir ədəd MAZ markalı qoşqulu avtomobil, bir ədəd “KamAZ” markalı avtomobil, iki ədəd MAZ markalı avtobus, 5 özüboşaldan traktor qoşqusu yığılıb.

2019-cu ilin aprel ayının 30-dək Gəncə Avtomobil Zavodunda 8 modeldə, müxtəlif modifikasiyalarda 2 864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40%-ni yerli istehsal təşkil edir. Aprelin sonunadək müəssisədə 330 ədəd MAZ qoşqusu və 3 202 asma avadanlıq istehsal edilib. Bu müddətədək müəssisədə ümumilikdə 208 ədəd “KamAZ markalı yük avtomobili və 411 “Ural” avtomobili istehsal edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh